Əlaqə Arxiv
news Image
2019.07.20
07:00
| A A A
Yerli meyvə-tərəvəz sortları sıradan çıxır
Qadir Bayramlı: “Azərbaycana genefondu təmiz olan, geni dəyişdirilməyən toxumlar, sortlar gətirilməlidir”

Xaricdən yeni bitki sortlarının gətirilməsi prosesi daim baş verib. Bəzən yeni sortların gətirilməsi ənənəvi sortların, bizim klassik adlandırdığımız sortların sıradan çıxmasilə nəticələnir.

Bu hallar kənd təsərrüfatında narazılıq yaradan hallardan biridir. Bir çox mütəxəssis Azərbaycana yeni sortlar gətirməkdənsə, ənənəvi sortlardan istifadənin genişləndirilməsini tövsiyə edir. Ölkəmizdə ənənəvi sortların sıradan çıxmasının qarşısını almaq üçün xüsusi genefond yaradılıb. Burada ölkə ərazisində becərilən əsas bitkilərin genetik ehtiyatları mühafizə olunur, saxlanılır. Sadəcə olaraq, yeni, daha məhsuldar sortların gətirilməsi hesabına ənənəvi sortların əkin sahələri azalır, bu da tədricən ənənəvi sortların sıradan çıxmasına gətirib çıxarır. Yeni sortların əkin sahələrinin genişləndirilməsi əvvəlki əkin sahələrinin azalması hesabına baş verir.

Ənənəvi və yeni sortlar məsələsi bir paradiksa yaradır. Bu çoxfikirliyi aradan qaldırmaq üçün məsələnin həlli tapmalıdır. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Qadir Bayramlı hesab edir ki, imkan daxilində yerli sortlara üstünlük verilməsi daha yaxşı olardı. “Azərbaycanda bu sahədə istər taxılçılıqda, istər meyvəçilikdə, pambıqçılıqda və digər sahələrdə alimlərimiz tərəfindən məhsuldar sortlar yetişdirilib, iqlim şəraitinə uyğunlaşdırılıb”, - söyləyən ekspert iqlim şəraitinə uyğunlaşdırılan ənənəvi sortların yüksək məhsuldarlığa malik olduğunu bildirdi.

Q.Bayramlı deyir ki, bizim yerli sortlar üzərində işləyən tədqiqat institutları var. Onun fikrincə, institutlar fəaliyyətini canlandırmalı, bu sahəyə lazım olan qədər maliyyə ayrılmalı, elmi-tədqiqat işləri genişləndirilməlidir: “Çünki hər bir ölkənin özünə məxsus iqlim-torpaq şəraiti var. Ona görə də xaricdən gətirilən sortların bura uyğunlaşması məsələsi bəzən problem olur.

Yerli sortları da qoruyub saxlamaq lazımdır. Bu asan məsələ deyil. Sortların qorunması üçün mütəxəsislər işləməlidir, eyni zamanda yeni yerli sortlar əlavə edilməlidir ki, genefond qorunub saxlanılsın. Azərbaycanda 100-dən çox çəltik sortu olub. Amma sonradan həmin sortlar unudularaq sıradan çıxıb, itib. Hazırda çox az sayda yerli sort qalıb”.

Q.Bayramlı qeyd etdi ki, ölkələrin hamısı başqa ölkələrdən müxtəlif sortlar gətirirlər. Onun sözlərinə görə, bu, mütərəqqi haldır: “Bundan da tam imtina etmək olmaz. Elə bitklər var ki, ondan Azərbaycanda əvvəl olmayıb. Məsələn, çay, pambıq olmayıb, başqa yerdən gətiriblər. Amma 100 illər boyu Azərbaycanda yetişdiriləndən sonar yerli şəraitə uyğunlaşıb və məhsuldarlığı da normaldır”.

Xaricdən gətirilən sortların araşdırılaraq gətirilməsinin vacib olduğunu vurğulayan ekspert əlavə etdi ki, Azərbaycana genefondu təmiz olan, geni dəyişdirilməyən toxumlar, sortlar gətirilməlidir: “Xaricdən gətirilməsi istənilən sortalar həmin ölkədəki şəraitdə öyrənilməlidir. Heç kim xarici sortu gətirib kütləvi şəkildə yetişdirmir. Bunun üçün pilot ərazilər ayrılır, həmin pilot ərazilərdə əkilir. Özünü doğruldandan sonra yayğınlaşdırılır”.

Q.Bayramlı istənilən halda yeni sortlar üzərində işləməyin vacib olduğunu dedi: “Nəticə etibarilə sortlar üzərində çalışılmalıdır. Əsas iş alimlərin, seleksiyaçıların üzərinə düşür.  Bir də böyük bir araşdırma aparılmalıdır ki, bölgələrimizdə bitkiçilik məhsullarının məhsuldarlığı nə qədərdir. Yerli sortların bəziləri əvvəlki keyfiyyətini itirib məhsuldar deyillər. Ən məhsuldar olanları saxlamaq və inkişaf etdirməklə yeni şəraitə uyğun məhsuldar sortlar əldə etmək lazımdır.    

Bunun üçün sistemli fəaliyyət olmalıdır, kənd təsərrüfatına yanaşma tərzində ciddi dəyişikliklər olmalıdır. Bölgələrdə araşdırma aparıb müəyyən etmək lazımdır ki, harda nə qədər yerli sort bitkilər əkilir, onların məhsuldarlığı nə qədərdir, ondan gəlir götürülürmü. Əgər çox zəifdirsə o zaman dəyişdirilir”.

Qeyd edək ki, ənənəvi sortların qorunması, onlar üzərində seleksiya işlərinin aparılması sortun daha məhsuldar olmasına, ətraf mühitə dözümlü olmasına imkan verir. Buna görə sortlar üzərində daim işlənilir. Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində Genetik Ehtiyatların Qorunması İnstitutu var. Bu institutda çoxlu sayda alim çalışır. Həmin institutun qarşısında duran bir nömrəli vəzifə bitkiçilikdə yeni, daha məhsuldar sortlar, heyvandarlıqda daha məhsuldar cinslər yetişdirilməsidir.

Vasif CƏFƏROV

 

  

Sizin Reklam Yeriniz