Əlaqə Arxiv
news Image
2019.08.10
09:00
| A A A
Qlobal iqlim dəyişikliyi Azərbaycana da təsir göstərməyə başladı
Nicat Nəsirli: “Baş verən yağıntılar meyvəçilik üzrə ən mənfi təsirlərini üzüm bağlarına göstərə bilər”

Son günlər avqust ayı üçün xarakterik olmayan hava şəraiti maşahidə edilir. Bakı ilə yanaşı, Azərbaycanın şimal və şərq rayonlarında yağış yağıb, ayrı-ayrı yerlərdə yağış leysan xarakterli olub və hətta bəzi yerlərə dolu düşüb.

Hava şəraitinin qeyri-münasib keçməsi kənd təsərrüfatının əkinçilik sahəsi üçün əlverişli deyil. Aqrar məsələlər üzrə ekspert Nicat Nəsirli hesab edir ki, avqustda bu cür hava şəraitinin müşahidə edilməsi qlobal iqlim dəyişmələrinin əlamətlərindən biridir. O dedi ki, qışda temperatur ampilitudlarının yüksək, yayda isə aşağı düşməsi kənd təsərrüfatı bitkiləri üçün müxtəlif risk və stress amilləri yaradır.

Ekspert qeyd etdi ki, baş verən yağıntılar meyvəçilik üzrə ən mənfi təsirlərini üzüm bağlarına göstərə bilər: “Üzümçülük, xəstəlik və zərərvericilərə sirayətlənmə baxımından meyvəçilikdə ən zəif  bitki sayılır. Temperaturun qəflətən aşağı düşməsi üzüm tənəkələrində su və metobolizm balansını pozur, məhsulun keyfiyyət göstəricilərinə - şəkərlilik və turşululuğuna mənfi təsir göstərir. Yağıntıların baş verəməsi üzümçülükdə  təhlükəli xəstəlik olan “boz çürümə” xəstəliyinin yayılmasına münbit şərait yaradır. Suvarılmayan sahələrdə, dəmyə əkinlərində yağış yağması nəticəsində gilələlərdə partlama əmələ gəlir ki, nəticədə məhsulun əmtəə görünüşündə ehbəcərlik əmələ gəlir, fermerə iqtisadi ziyan dəyir.

Bu cür qeyri-sabit iqlim amillərinin baş verməsi meyvədə yetişmə dinamikasının pozulması ilə müşayət olunur. İyul-avqust-sentyabr ayları meyvədə şəkər toplama, vegetasiyanın başa çatması dövrü olduğu üçün  temperatur sabit olmalı, gecə-günüz temperaturu arasında ampilitut normal həddə tərəddüd etməlidir. Gündüzlər kəskin isti, axşamlar isə soyuq olması, o cümlədən gündüzlə gecə temperaturu arasında fərqin az olması yetişməyə mənfi təsir göstərir. Bu fikirlər daha çox üzüm, əncir, nar meyvələrinə aiddir, nəticədə adıçəkilən meyvələr öz bioloji xüsusiyyətlərinə uyğun olaraq öz vaxtında yetişməyəcək, bağlarda kütləvi gecyetişmə prosesi müşayət olunacaq.  

Yay aylarında yağıntıların düşməsi alma, armud kimi meyvələrin xarici səthində kiçik zədələnmələr əmələ gətirir ki, bu zədələr sonradan havaların qızması nəticəsində çürüntü bölgəsi əmələ gəlir və məhsulun böyük hissəsi bağdaca itirilir. Yalnız düzgün aqrotexniki qulluq aparılmış, zərərverici və ziyanvericilərə qarşı sistemli mübarizə aparılmış bağlarda bu zədələr fəsada yol açmır, ağacın qüvvətli immuniteti sayəsində zədələr qısa vaxtda aradan qalxır. Tədbirlər aparılmayıbsa, bağ xəstəliyə sirayətlənibsə yağışların əmələ gətirdiyi zədələr iri həcmli itkilərə aparıb çıxarır”.

N.Nəsirli vurğuladı ki, qeyri-sabit hava şəraitində tərəvəzçilik istiqaməti üzrə əsas diqqət açıq sahədə əkilmiş pomidor şitillərinə yönəlməlidir: “Pomidorun “avqust-sentyabr xəstəliyi” adlandırılan fitovtora nəm havaların, axşamlar soyuq, gündüzlər isə kəskin istilərin təsiri ilə sahəni bürüyür, nəticədə barın yuxarı hissəsində qaralma əmələ gəlir və çürümənın əhatə dairəsi genişlənərək məhsulun zay olmasına gətirib çıxarır. Torpaq adamları məhz bu iki ayda pomidor sahələrini fitovtoranın mənfi təsirlərindən qorumalıdırlar.

Əkinçilikdə mövsümi becərmə işləri gedən qarğıdalı, şəkər çugunduru sahələrində güclü küləklə müşayət olunan qeyri-sabit hava şəraiti bar orqanlarının zədələnməsinə, tam qırılmasına gətirib çıxarır ki, bu da sahədən əldə olunan məhsuldarlığı aşağı salır”.

N.Nəsirli son becərmə işləri gedən pambıqçılığa yağıntılı havaların mənfi təsirinin olmadığını da bildirdi: “Qozalar hələ ki çiçəkləmə dövrünü başa çatdırmadığı üçün nəm havalar lifin keyfiyyətinə mənfi təsir göstərə bilməz. Yalnız normativlərə uyğun əkilməyən, sıx səpilmiş sahələrdə  nəmlik nəticəsində göbələk xəstəliyi formalaşa bilər ki, bunu da seyrəltmə aparmaqla aradan qaldırmaq lazımdır”. 

Belə havalar əkinçilik üçün zərərli olsa da heyvandarlıq üçün əlverişlidir. Ekspert dedi ki, belə havalar iri və xırda buynuzlu heyvanlarda, eyni zamanda quşçuluqda ideal havalardır: “Heyvanlarda bədən temperaturunun aşağı düşməsi nəticəsində yemin həzmə gediciliyi artır, hayvan daha iştahla yeyir və özünü bir növ komfortda hiss edir. Heyvandarlığın ən həssas sahəsi olan arıçılıq üçün də avqust yağıntılarının mənfi təsiri yoxdur, əksinə, balvermə dövrü başa çatdığı üçün arıların qüvvəli yem bazasına ehtiyacı var, yağışlar nəticəsində təbiət canlanır, bitkilərdə erkən inkişaf baş verdiyi üçün arılar üçün nektarin bazası güclənir”.  

N.Nəsirli onu da əlavə etdi ki, iqlim qeyri-sabitliyi bundan sonrakı illərdə də davam edəcəksə, pereventiv tədbirlərin həyata keçirilməsi vacibdir: “ İstehsalçılar əkin materillarının keyfiyyət göstəricilərinə diqqət yetirməlidirlər. Təsadüfi əldə olunmuş, sort və bioloji xüsusiyyətləri təsdiqlənməmiş toxum və tinglər əkinlərdə tətbiq olunmamalıdır. Əkinçilikdə yerli iqlimə uyğnlaşmış, stress amillərinə (quraqlıq, soyuq, xəstəlik və s.) dözümlü toxum və tinglərdən istifadə olunmalıdır. Bununla bərabər, bitki mühafizə tədbirlərinin texnoloji xəritəyə uyğun həyata keçirilməsi ilə potensial məhsuldarlıq qorunmalıdır”.

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz