news Image
2019.08.10
09:30
| A A A
Kassa çekləri büdcəyə daha çox pul qazandıracaq
Ruslan Atakişiyev: “Kassa çekləri istehlakçının hüquqlarının qorunması üçün vacib sənəddir” Eyyub Hüseynov: “Tibb klinikaları, mebel satışı mağazaları, şadlıq evləri kassa çekindən az istifadə edir”

Vergilər Nazirliyi ticarət və iaşə obyektlərində nəzarət-kassa aparatlarından istifadə zamanı kassa çeklərinin təqdim olunması istiqamətində monitorinq və nəzarət tədbirlərini gücləndirib. Nazirlik tərəfindən aparılan monitorinqin nəticələri göstərir ki, kassa çeklərinin təqdim edilməsi vəziyyəti qənaətbəxş deyil, bir çox sahibkar bu sahədə qanunların tələblərinə və nağd hesablaşmaların aparılması qaydalarına əməl etmirlər. 

Monitorinqin nəticələrinə əsasən, Bakı şəhərində yerləşən ayrı-ayrı ticarət və ictimai iaşə obyektlərində kassa çeklərinin təqdim edilməsi vəziyyətinin yoxlanılması ilə bağlı aparılan monitorinq zamanı vergi nəzarəti ilə əhatə olunmuş obyektlərin 97 faizində nəzarət-kassa aparatlarından istifadə ilə bağlı qanun pozuntusu halları aşkarlanıb. Yoxlamalar nəticəsində 194 obyektdəki kassa aparatlarından istifadə zamanı kassa çeklərinin təqdim olunmadığı, 320 nəfərin əmək müqaviləsiz işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb edildiyi müəyyən olunub.

Məsələ ilə bağlı İqtisadi Resurların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bildirdi ki, çeklərin vurulmaması dövriyyənin gizlədilməsinə və buna görə də vergi ödənişlərinin azalmasına səbəb olur. İqtisadçı bu cür əməllərə görə ciddi cərimələrin nəzərdə tutulduğunu qeyd etdi. Həmsöhbətimiz xatırlatdı ki, nəzarət-kassa aparatlarının çeklərindən istifadə səviyyəsinin artırılması məqsədilə Vergilər Məcəlləsinə dəyişiklik edilib. Dəyişiklik Prezidentin imzaladığı fərmanla 2019-cu ilin yanvarın 1-dən qüvvəyə minib: “Dəyişikliyə əsasən, neft və qaz məhsulları istisna olmaqla istehlakçılar tərəfindən pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınan mallara görə ödənilən ƏDV-nin nağdsız ödənişlərdə 15 faizi, nağd ödənişlərdə isə 10 faizi nəzarət-kassa aparatının çeki əsasında istehlakçılara geri qaytarılacaq. İstehlakçı fiziki şəxslərin bu qaydada stimullaşdırılması həm şəffaflığın təmin edilməsi baxımından, həm də vergi ödəyicilərinin ƏDV-nin ödəyicisi kimi fəaliyyət göstərmələrinə müsbət təkan verəcək”.

R.Atakişiyev dedi ki, bu qaydaların tətbiqi ilə bağlı əlavə olaraq prosedurları özündə əks etdirən qanunvericilik aktı qəbul olunmalıdır. Onun sözlərinə görə, qaydalar tətbiq ediləndən sonra istehlakçıların stimullaşdırılması şəffaflığın təmin edilməsinə müsbət təsir göstərəcək. İqtisadçı-ekspert hesab edir ki, çeklərdən istifadə səviyyəsinin artırılmasında istehlakçı da maraqlı olmalıdır: “Əhali kassa çeklərinin verilməsini tələb etməlidir. İstehlakçı bilməlidir ki, bu çeklər onların hüquqlarının qorunması üçün vacib sənəddir. Bu baxımdan əhalinin maarifləndirilməsinə ehtiyac var.  Onlar istər alış-veriş zamanı, istərsə də ictimai iaşə obyektlərinin xidmətlərindən istifadə edərkən kassa çekini tələb etməlidirlər. Bu, ilk növbədə, onların hüquqlarının pozulduğu hallarda öz mənafelərinin qorunması üçün vacibdir. Hər bir vətəndaş bilməlidir ki, alış-veriş zamanı kassa çekini tələb etməklə alışların rəsmiləşdirilməsində və bununla da vergilərin ödənilməsində dolayı şəkildə iştirak edir”.

Bu cür problemlərin nağd ödənişlər zamanı yarandığını söyləyən R.Atakişiyevin fikrincə, qeyri-nağd ödənişləri genişləndirməklə mövcud problemi önəmli dərəcədə həll etmək olar: “Qeyri-nağd ödənişləri artırmaq ilk növbədə hər bir xidmət və ticarət obyektlərində pos-terminalların quraşdırılmasına ehtiyac var. Hazırda bir çox vergi ödəyicisi pos-terminalları almır. Belə hallar Bakının kənarlarında, digər rayon və şəhərlərdə daha çox yayılıb. Banklarla ticarət və xidmət müəssisələri arasında əməkdaşlıq gücləndirilməlidir. Pos-terminalların alınması pulsuz olsa da əməliyyatın həcmindən asılı olmayaraq, minimum 50 manat ödəmək lazımdır. Buna görə də dövriyyəsi kiçik olan obyektləri işlədənlər terminalların quraşdırılmasında maraqlı olmurlar.

Terminallardan istifadənin artırılması üçün plastik kartlardan istifadə səviyyəsi yüksəldilməlidir. Hazırda pensiya, sosial ödənişlərin hamısı, əmək haqqlarının da böyük hissəsi plastik kartlar vasitəsilə verilir. Amma pul karta vurulan kimi insanlar bankomatdan onu nağdlaşdırır. Plastik kartlardan istifadə edərək qeyri-nağd ödəniş az həyata keçirilir. Bu daha çox psixoloji məsələdir. Plastik kartlardan istifadənin genişləndirilməsi məqsədilə sistemli tədbirlər görülməlidir. Bunun üçün həm stimullaşdırıcı, həm də maarifləndirici tədbirlər gücləndirilməlidir”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə söylədi ki, rəhbərlik etdiyi təşkilata gələn şikayətlərin 80 faizi məhz kassa çeklərin verilməməsi ilə bağlıdır. Onun bildirdiyinə görə, şikayətlərdə tibb klinikalarının, mebel satışı mağazalarının, şadlıq evlərinin digərlərinə nisbətən kassa çekindən az istifadə etdiyi deyilir: “Hətta yeni tikilən binalarda xidmət haqqı ilə bağlı yüz minlərlə insandan pul alırlar, amma verdikləri kassa mədaxil orderi bəzəkli, rəngli bir sənəddir. Bu kağız saxta kassa mədaxil orderidir.

İstənilən halda biz istehlakçıları maarifləndiririk ki, bütün ödənişlərə görə kassa çeki tələb edin. Hətta rüşvət istəyəndə belə kass çeki tələb edilməlidir.İstehlakçıların müdafiəsi haqqında qanunda da göstərilir ki, kassa çeki olmadan istehlakçının hüququnu qorumaq, hətta bununla bağlı məhkəmə iddiası da qaldırmaq olmaz. Ona görə də bizim təşkilat bu kimi məsələlərlə bağlı Vergilər Nazirliyinə məlumat veririk”.

Vasif CƏFƏROV