Əlaqə Arxiv
news Image
2019.08.10
10:00
| A A A
Dərman almağa ehtiyac qalmayacaq
Adil Qeybulla: “Bu yolla getməyimiz daha düzgün olar” Azər Mehtiyev: “Azərbaycanda da icbari tibbi sığorta paketinə dərmanlarla təminat məsələsinin daxil edilməsi, onun təmin olunması çox önəmli məsələdir”

Gələn ildən başlayaraq Azərbaycanda icbari tibbi sığortanın tətbiq edilməsiən başlanılacaq. Bu fonda Ümumdünya Səhiyyə Təşkilatı məsləhət görüb ki, Azərbaycanda dərmanlarla təminat da icbari tibbi sığorta paketinin xidmətlər paketinə daxil olmalıdır.

Ümumdünya Səhiyyə Təşkilatının Səhiyyə məsələləri üzrə baş iqtisadçısı Melitta Jakabın  sözlərinə görə, bu dərmanlar ilkin səhiyyə xidmətlərinə aid olmalıdır: "Hesab edirik ki, ilkin olaraq, 20-30 adda dərman bu paketə daxil ola bilər. Bunlar əsasən ilkin səhiyyə xidmətlərində istifadə edilən dərmanlar olmalıdır. Paketə qan təzyiqini aşağı salan, şəkər xəstəliyi üçün nəzərdə tutulan, uşaqları infeksiyadan, xüsusilə tənəffüs yolları infeksiyalarından qoruyan antibiotiklər, hamilə qadınlar üçün folik asid və dəmir əlavə edilə bilər. Lakin bununla bağlı hesablama aparılmalıdır". M.Jakab hesab edir ki, dərmanların paketə daxil edilməsi insanların maliyyə yükünü azaldar.

Tibb elmləri doktoru Adil Qeybulla dərmanlarla təminat məsələsinin icbari tibbi sığorta paketinə salınmasının indiki halda çətin olduğunu bildirdi: “İnkişaf etmiş ölkələrdə icbari tibbi sığorta yüksək inkişaf edib. Məsələn, İngiltərədə icbari tibbi sığorta paketinə demək olar ki, hər şey daxildir. Bu ölkənin icbari tibbi sığortaya ayırdığı pul Azərbaycanın dövlət büdcəsində təxminən 15 dəfəyə qədər çoxdur. Burada əməliyyatlar, onkoloji dərmanlar çox baha başa gəlir. Bunlar da tamamilə dövlət hesabına həyata keçirilir. O baxımdan düşünürəm ki, indiki vəziyyətdə xəstəliklə bağlı tamamilə hər şeyi icbari tibbi sığorta paketinə salmaq çətin məsələ olacaq. O cümlədən, dərman preparatları ilə təminat məsələsini də. Bu istiqamətdə indilikdə Türkiyə yolu ilə getməyimiz daha məsləhətdir.

Müəyyən dərman preparatlarını minimal sığorta paketinə daxil etmək olar. Məsələn, bəzi antibiotiklər, təzyiq salan, şəkər əleyhinə dərmanları paketə daxil etmək olar. Amma həmin paketə bütün dərmanların daxil edilməsi indilikdə mümkünsüzdür. Bununla belə, zaman-zaman, dövlətin iqtisadi imkanları artdıqca, həmin istiqamətə ayrılan vəsaiti yüksəltməklə çoxsaylı dərman preparatlarını da icbari tibbi sığorta paketinə daxil edə bilərik. Bu yolla getməyimiz daha düzgün və səmimi olar. Çünki hazırda ayrılan vəsaitlə bu xərcləri optimal ödəmək, həyata keçirmək çox çətin olacaq. Amma əlbəttə, yaxşı olardı ki, vətəndaş bu sahədə heç bir çətinlik hiss etməsin. Bütün hallarda dövlətin vətəndaşın həmin sahədə müəyyən xərclərini qarşılamasının özü də xeyli köməkdir”.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev isə dərmanlarla təminat məsələsinin icbari tibbi sığorta paketinə daxil edilməsini məqsədəuyğun saydı: “Dünyanın əksər ölkələrində icbari tibbi sığorta paketinə həm də bəzi növ dərmanlar da daxil edilir. Bütün dərman preparatları olmasa da, bəzi növ dərmanlar icbari tibbi sığortanın paketinə daxil edilir. Nəticədə həkimlər tərəfindən reseptdə insanlara müalicə üçün həmin paketə düşən dərmanlar yazılanda onlar apteklərdən bu dərmanları pulsuz ala bilirlər. Bu mənada Azərbaycanda da icbari tibbi sığorta paketinə dərmanlarla təminat məsələsinin daxil edilməsi, onun təmin olunması çox önəmli məsələdir.

 

Ona görə ki, icbari tibbi sığortanın tətbiqinin məqsədi əhalinin səhiyyə xidmətlərinə əlçatanlığını artırmaq məqsədi güdürsə, dərman preparatları ilə təminatın da ora daxil edilməsi həmin sahədə atılan addımlardan biridir. Azərbaycan da bu istiqamətdə addımın atılması istiqamətində heç də imkansız ölkə deyil. O baxımdan Ümumdünya Səhiyyə Təşkilatının sözügedən təklifini səmərəli hesab edirəm. Ona görə ki, son vaxtlar Azərbaycan dövlət büdcəsi əhalinin pulsuz dərmanla təminatı üçün böyük həmcdə, təxminən 20 milyon manatdan çox vəsait ayırıb. Söhbət, xüsusi proqramlar çərçivəsində maliyyələşmədən getmir, bu, öz yerində. Xüsusi proqramlardan kənar belə əhalinin dərman təminatına dövlət büdcəsindən bu qədər vəsait ayrılır. Həmin vəsaitin icbari tibbi sığorta proqramında da məhz bu məqsəd üçün ayrılması məqsədəuyğun olardı”.

Rüfət NADİROĞLU      

Sizin Reklam Yeriniz