Əlaqə Arxiv
news Image
2019.08.17
08:12
| A A A
Xəzər dənizində böyük turizm potensialı mövcuddur
Azər Allahverənov: “Azərbaycan vətəndaşlarının dəniz səyahətlərinə marağı var”

 

Rusiyanın Baş Naziri Dmitri Medvedyev Xəzər dənizində turizmin inkişaf etdirilməsi ilə bağlı təkliflə çıxış edib. Türkmənbaşı şəhərində keçirilən Xəzər İqtisadi Forumunda çıxışı zamanı baş nazir qeyd edib ki, Xəzər dənizinin böyük turizm potensialı var. O vurğulayıb ki, Xəzər dənizi hövzəsində turizmi inkişaf etdirmək üçün yeni infrastruktur yaradılmalıdır.

 

Onun fikrincə Xəzər regionunun gözəl təbiəti, zəngin tarixi və mədəniyyəti buranın populyar turizm istiqamətlərindən birinə çevrilməsinə imkan yaradır. Medvedyev söyləyib ki, ekspertlərin hesablamalarına görə, Xəzər sahillərində hər il bir milyona yaxın turist istirahət edə bilər. Rusiya baş nazirinin qənaətincə, bunun üçün əlavə infrastruktur tikilməli, rəqabətqabiliyyətli turizm məhsulları, o cümlədən liman şəhərlərinə həsr olunmuş səyahət marşrutları tərtib edilməlidir.

 

Rusiya hökumətinin başçısı Həştərxan gəmiçilərinin “Pyotr Veliki” gəmisini artıq suya buraxdıqlarını və gəmidə tamamlama işlərinin getdiyini deyib. Onun sözlərinə görə, gəmi ilk səyahətə gələn il çıxacaq, Xəzəryanı dövlətlərin limanları, yaxud Xəzər dənizi, Qara dəniz və Azov dənizi boyu marşrutu üzrə hərəkət edəcək.

Rusiyanın baş nazirinin irəli sürdüyü ideyanın reallaşması mümkündürmü ? Bunun həyata keçməsi Azərbaycana hansı üstünlüklər qazandıra bilər?

Miqrasiya və turizm üzrə ekspert Azər Allahverənov hesab edir ki, bu ideyanın reallaşdırılması üçün əsas var. Onun bildirdiyinə görə, Xəzər dənizinə yaxın olan Qara dənizdə, Aralıq dənizində dəniz kruizləri çox təşkil olunur. O, qeyd etdi ki, bu dənizlərdəki təcrübə bir sıra dövlətlərin ərazini əhatə edən, ölkələrin limanlarına daxil olan kruizlərin xüsusilə maraqlı olduğunu göstərir. Ekspert Azərbaycan vətəndaşlarının da dəniz səyahətlərinə marağının olduğunu söylədi: “Azərbaycan vətəndaşları arasında tanıdığım insanlar var ki, Aralıq dənizinə çıxışı olan limanlara təşkil edilən dəniz kruizlərində iştirak edib. Azərbaycanda turizmin bu istiqaməti populyar olmasa da vətəndaşlar arasında ona maraq var”.

A.Allahverənov Rusiyada dəniz və çayla bağlı kruizlərin daha populyar olduğunu dedi: “Volqa çayı boyunca çay kruizləri var. Çox sayda Rusiya vətəndaşı bundan istifadə edir, ona maraq göstərir. Dəniz səyahətləri insanların asudə vaxtlarının maraqlı keçməsi baxımında da əlverişlidir. İnsanlar iki liman arasında yox, daha çox limanlara daxil olan kruiz səfərlərində iştirak etməyə daha çox həvəs göstərir”.

 

Bu baxımdan ekspert Xəzər dənizi sahillərində yerləşən limanlar arasında səfərlərin təşkilinin əlverişli olacağını güman edir: “Yalnız Rusiyadan yox, həm də Qazaxıstan və Türkmənistandan da kruizlərə maraq göstərən kifayət qədər insan ola bilər. Bunun perspektivi var və bu sahənin inkişafına çalışmaq lazımdır. Hazırkı imkanlar nəzərə alınsa dəniz kruizinin təşkil olunması baxımından Xəzərdə Rusiya və Qazaxıstanın potensialı daha böyükdür.

 

Rahat səyahətə imkan verən müasir gəzinti gəmiləri tələb olunur. Azərbaycanın dəniz donanmasında uzaq məsafələrə səyahətə imkan verın gəmilər ya yoxdur, ya da mövcud olanlar çox kiçikdir. Amma Rusiyada daha çoxdur, Qazaxıstanda isə az da olsa var”.

 

A.Allahverənov qeyd etdi ki, Azərbaycanın Xəzər sahilində yerləşən şəhərləri arasında turlar təşkil olunmalıdır.  Onun fikrincə bu, həm daxili turistlərin, həm də xarici turistlərin maraqlarına səbəb olardı: “Bəzi ekspertlər bunların rentabelliyini sual altına alırlar. Amma nəzərə alaq ki, vaxtilə Azərbaycanın şimal regionu ilə cənub regionunu əlaqələndirən sərnişin daşıyan dəniz nəqliyyatı olub. Eynilə Xəzəryanı 5 dövlətin limanları arasında dəniz səyahətini təşkil etməklə səfərləri artırmaq əlverişlidir”.

 

Eksper Xəzərin dəniz turizminin potensialından istifadə etmək üçün bəzi razılaşmaların əldə edilməsinin vacib olduğunu da vurğuladı: “Ola bilər ki, bu məsələdə Rusiya monopolist mövqeyə sahib olsun. Çünki Rusiyanın sərnişin daşıyan çoxlu sayda gəmisi var. Amma müəyyən limiti tətbiq etməklə, qarşılıqlı razılaşma əsasında dəniz kruizlərinin sayını artırmaq, daha çox insanı bu səyahətlərə cəlb etmək perspektivi var.

Beş Xəzəryanı dövlətin müvafiq qurumları bir araya gəlib məsləhətləşmələr aparılmalıdır. Bəzi nüanslar var ki, onlar razılaşdırılmalıdır. Bunun üçün əlverişli siyasi mühit, ümumi razılıq və 5 dövlətin dəniz turizminin inkişafı üçün proqramın qəbuluna ehtiyac var. Sərnişindaşıma, ölkələrin gəmilərindən istifadə ilə bağlı razılaşma olmalıdır. Dəniz turlarının təşkili sadəcə gəmilərin alınıb, dənizə buraxılmasından ibarət deyil. Bu məsələdə siyasi razılıq da olmalıdır. Eyni zamanda təhlükəsizlik, gömrük məsələləri razılaşdırılmalıdır.

Turizmin xüsusiyyəti belədir ki, bura qoyulan sərmayə uzunmüddətdə özünü doğruldur. Bu istiqamətdə sərmayə qoymaqla səbirlə işin keyfiyyətli təşkilini təmin etməklə dəniz turizmini inkişaf etdirmək mümkündür”.

 

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz