Əlaqə Arxiv
news Image
2019.08.17
08:54
| A A A
Problemli kreditlər banklar üçün yenidən başağrısına çevrilə bilər
Əkrəm Həsənov: “Problemli kreditlərin yenidən artmaması üçün kredit faizləri enməlidir”

Problemli kreditlərlə bağlı təcrübə göstərir ki, kreditlərin vaxtında qaytarılmamasının əsas səbəblərindən biri də kreditlərin daha uzun müddətə verilməməsi və faiz dərəcələrinin yüksək olmasıdır. Əksər hallarda kredit götürən şəxs borc aldığı pulu o halda vaxtında və çətinlik çəkmədən geri qaytarır ki, onun hər ay banka ödədiyi məbləğ əlverişli olsun. Eyni məbləği qısa müddətə və yüksək faizlə verdikdə hər ay ödənilməli olan məbləğ, uzun müddətə və aşağı faizlə verilən kredit üzrə ödənilən məbləğə nisbətən böyük olur. Buna görə də borc alanlar, xüsusən yüksək məbləğdə olan vəsaitləri daha uzun müddətə götürməyə çalışır.

Kredit qoyuluşu ilə bağlı mövcud olan statistikaya əsasən, banklar tərəfindən ayrılan kreditlərin böyük hissəsi uzunmüddətlidir. 2019-cu ilin iyulun 1-nə olan məlumata əsasən mövcud olan kredit borclarının məbləği 13,482 milyard manatdır. Bunun 10,831 milyard manatı və ya 80 faizi uzunmüddətlidir. Əvvəlki illərlə müqayisədə uzunmüddətli kreditlərin xüsusi çəkisinin artması müşahidə edilir. Amma burada bir faktı nəzərə almaq lazımdır ki, uzunmüddətli kreditlərin çox hissəsi 1-3 il müddətinə ayrılan kreditlərdir.

Bölgüyə görə bir ilə qədər ayrılan kreditlər qısamüddətli, 1 ildən artıq müddətə ayrılan kreditlər uzunmüddətli hesab edilir. Hazırda banklar ipoteka kreditləri istisna olmaqla istehlak kreditlərini 4 ildən artıq müddətə verməkdə maraqlı deyil. Kiçik məbləğdə ayrılan biznes kreditləri də 1-4 il müddətinə verilir.

Bir ildən dörd ilə qədər olan dövr əslində uzunmüddətli yox, ortamüddətli dövrdür. Xarici təcrübədə uzunmüddətli kredit dedikdə 5 il və ondan artıq müddətə ayrılan kreditlər nəzərdə tutulur.

Azərbaycanda kreditlərin qısa və orta müddətə verilməsi daha çox depozit müqavilələrinin müddəti ilə bağlıdır. Banklar kredit üçün istifadə etdiyi vəsaitin böyük hissəsini depozitlərdən əldə edir. Cəlb edilən depozitlər üzrə maksimum müddət 3-4 il ötmədiyindən banklar məcbur qalıb kreditləri də 3-4 ilə qədər olan müddətə verirlər.

Müddətin uzun olmaması və faizlərin yüksək olması orta və böyük məbləğdə götürülən kreditlərin geri qaytarılmama riskini artırır. Problemli kreditlərin banklar üçün baş bəlasına çevrildiyi indiki dövrdə kreditlərin daha uzun müddətə və aşağı faizlə verilməsi böyük əhəmiyyətə sahibdir.

Düzdür, son aylarda problemli kreditlərin xüsusi çəkisində azalma müşahidə edilir. Lakin bu azalma bankların kredit siyasətindən yox, Prezident İlham Əliyevin problemli kreditlərin həlli ilə bağlı verdiyi fərmanla əlaqəlidir. Həmin fərmanın icrası hesabına 600 milyon manatdan çox vəsait ödənilib. Fərmanın icrası bitdikdən sonra faizlərin yüksək olması və kreditlərin daha uzunmüddətə ayrılmaması səbəbindən banklar üçün yenidən problemli kreditlər riski arta bilər.   

 

Bank mütəxəsisi Əkrəm Həsənov deyir ki, bir qayda olaraq biznes kreditləri daha uzun müddətə, istehlak kreditləri qısa və orta müddətə ayrılır. Onun sözlərinə görə, kreditin müddətinin qısa, orta və ya uzun olması müştərinin tələbindən asılıdır: “İstehlak kreditlərindən yalnız ipoteka kreditləri uzun müddətə verilir. Bu növ kreditlərdə məbləğ böyük olduğundan onun uzun müddətə verilməsi daha məqsədəuyğundur. Amma aşağı dəyərli istehlak məhsulu alınan zaman verilən istehlak kreditinin müddəti uzun olmur.

Bir qayda olaraq uzunmüddətli kreditlərdə faizlər yükək olur. Çünki müddət uzandıqda ayrılan kreditin faizi də yüksəlir. Niyə? Çünki risklər yüksək olur. Faiz kreditin riskinin göstəricisidir. Kreditin qaytarılmama riski nə qədər yüksəkdirsə onun faizi də artıq olur”.

Ə.Həsənov hesab edir ki, Azərbaycanda problemli kreditlərin yenidən artmaması üçün kredit faizləri enməlidir. Onun fikrincə, bu məqsədlə bəzi addımlar atılmalıdır: “Banklar üçün əsas risk hüquqi mühitin qeyri-qənaətbəxş olması yaradır. Banklar qaytarılmayan kreditlərə görə çox əziyyət çəkir, xərcləri çox olur. Xərcin çoxluğu həm rəsmi, həm də qeyri-rəsmi xərclərdə özünü göstərir. Bütün bunlara görə də banklar faizləri qaldırır ki, krediti vaxtında qaytaranın hesabına krediti qaytarmayanın yaratdığı zərəri kompensasiya etsin.

Bunun üçün məhkəmə-hüquq sistemində islahatlar vacibdir. Cənab Prezidentin 2019-cu ilin aprelin 3-də imzaladığı Sərəncamı ilə məhkəmə-hüquq sistemində yeni islahatlara başlanılması böyük əhəmiyyətə malikdir.

Problemli kreditlərin mütləq əksəriyyəti həqiqətdə problemli kredit deyil. Problemli kreditlər əsasən biznes məqsədilə verilən və iri məbləğdə olan kreditlər üzrə yaranıb. Elə kreditlə olub ki, onlar ayrılıb, amma faktiki olaraq təyinatı üzrə istifadə edilməyib. Belə halların baş verməməsi üçün bankların kredit fəaliyyətinə ciddi nəzarət olmalıdır.

Kredit faizlərinin aşağı salınması üçün Mərkəzi Banklardan banklara verilən mərkəzləşdirilmiş kreditlərin məbləği artırılmalı, eyni zamanda bütün banklara bu kreditlərdən istifadə imkanı yardılmalıdır. Son 1-2 il ərzində uçot dərəcəsi 15 faizdən 8,25 faizə qədər azaldılıb. Uçot dərəcəsi Mərkəzi Bankın kommersiya banklarına verdiyi kreditlər üzrə faiz dərəcəsidir. Bu faiz dərəcəsi azalanda kommersiya banklarının verdiyi kreditlərin faizi azalır, artdıqda isə yüksəlir. Mərkəzləşmiş kreditlərin bankların kredit faizlərinə təsirinin olması üçün gərək bütün banklar bu kreditlərdən ala bilsin. Hazırda bir neçə bank mərkəzləşdirilmiş kredit ala bilir. Həmin banklar da görür ki, digər banklarda faizlər yüksəkdir, onlar da vəziyyətdən istifadə edərək yüksək faizlə kredit ayırır və daha çox mənfəət əldə edir”.  

Ə.Həsənovun fikrincə, istehlak kreditlərində faiz tavanının tətbiqi vacibdir: “İstehlak kreditlərində faizlər yüksək olur. Mənim fikrimcə dövlət istehlak kreditləri üzrə faizlərin maksimum həddi ilə bağlı məhdudiyyət tətbiq etməlidir. Müəyyən faiz həddi müəyyən edilməlidir və ondan yüksək faizlə vətəndaşa istehlak krediti ayrılmamalıdır. Bununla da bğlı 5 il əvvəl qanun layihəsi hazırlayıb hökumətə təqdim etmişəm. İstehlak kreditləri üzrə faiz dərəcəsinin maksimal həddinin müəyyən edilməsi vacibdir. Amma biznes kreditlərinə dair belə məhdudiyyətə ehtiyac yoxdur”.

Vasif CƏFƏROV 

Sizin Reklam Yeriniz