Əlaqə Arxiv
news Image
2019.08.22
08:50
| A A A
Bal Azərbaycana milyonlar qazandıra bilər, amma…
Elvin Bayramlı: “Yerli məhsullar tam satılarsa, bala xərclənən pul kəndlərə gedəcək, xaricə çıxmayacaq”

Azərbaycanda arıçılığın inkişafı üçün əlverişli imkanlar var. Ölkəmizin gözəl iqlim şəraiti, zəngin bitki aləmi arıçılığın genişləndirilməsinə böyük təbii imkanlar yaradır. Kənd Təsərrüfatı Nazirliyinin araşdırmasına görə, ölkəmizdə bal verən 600-ə qədər bitki növü mövcuddur ki, bunların da təxminən 200-ü nektar və çiçək tozu mənbəyi kimi arıçılığın genişləndirilməsi üçün əlverişlidir.  Arıçılığın inkişaf etdirilməsi məqsədilə son illərdə bir sıra tədbirlər görülüb. Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun nəzdində Arıçılıq Mərkəzi yaradılıb, habelə 2016-cı ildə Azərbaycan Arıçılar Assosiasiyası təsis edilib. Azərbaycanda 2018-ci ildən etibarən arıçılığın inkişafı məqsədilə bu sahə ilə məşğul olan şəxslərə subsidiya da verilir. Arıçılar saxladıqları hər arı ailəsinə (pətəyə) görə 10 manat məbləğində subsidiya alır. Bu qərar 2018-ci il də daxil olmaqla, 5 il müddətində qüvvədədir.

Bu tədbirlərin nəticəsi olaraq, arı ailələrinin sayında, bal və digər arıçılıq məhsullarının istehsalında əhəmiyyətli artım müşahidə edilir. Arıçılığın inkişaf etdirilməsində məqsəd ölkəmizə bu növ məhsulların idxalını azaltmaqla yanaşı, bal ixracını artırmaqdır. 2018-cı ildə Azərbaycan 8,3 ton bal ixrac edib və balın bir tonunun qiyməti 8,6 min ABŞ dolları təşkil edib.

Azərbaycan Arıçılar Assosiasiyasının mətbuat xidmətinin rəhbəri Elvin Bayramlı bildirir ki, Azərbaycan balı dünyanın istənilən ölkəsində satılacaq yüksək keyfiyyətə sahibdir. O qeyd etdi ki, təbiətimiz zəngindir, böyük plantasiyalar yoxdur, bir çox çeşiddə ballarımız var.

E.Bayramlı söyləyir ki, ölkəmizdə istehsal edilən bala çəkilən xərc dünyanın digər ölkələri ilə müqayisədə yüksəkdir. Onun sözlərinə görə bunun müxtəlif səbəbləri var: “Bu səbəblər əlaqədar olaraq Azərbaycan balının pərakəndə satış qiyməti 25-35 manatdır. Mövcud qiymət Azərbaycan istehsalçısının bal ixracını çətinləşdirir. Bununla belə ölkəmizdə istehsal edilən bal keyfiyyətinə görə elit, premium bal kimi tanınır”.

Assosasiya rəsmisi qeyd etdi ki, pərakəndə satış qiyməti yüksək olduğundan və digər amillər səbəbindən istehsalçılar balı topdan satmaqda maraqlıdır: “Topdan alınan mal xaricdə daha yüksək qiymətə pərakəndə satılır. Yaponiyada bal 100 qramlıq qablarda 14 dollara satılır. Bir Azərbaycan şirkətin başqa ölkədə pərakəndə bal satışına girməsi, satışı özü təşkil etməsi böyük xərc tələb edir. Çünki satış üçün ofislər, satış məntəqələri tələb olunur. Bunu etmək üçün böyük məbləğdə vəsait qoyulmalıdır. Digər tərəfdən Azərbaycan balı bahalı olduğundan onun tanıdılması vacibdir. Bütün bu işlər milyonlarla dollar tələb edir. Amma xarici şirklətlər bu sahə üzrə artıq sturkturlaşıb, məhsulu çeşidləyib, müxtəlif məntəqələrdə pərakəndə satışını həyata keçirə bilər. Bu baxımdan Azərbaycan istehsalçısı üçün yeganə əlverişli variant balın topdan satışını həyata keçirməkdir. Azərbaycan istehsalçısı yalnız məhsulunu hava və ya dəniz limanına çatdırır. Xarici şirkət bizdən topdan aldığı məhsulu zavoda götürüb, qablaşdırır, etiketləyib, satış məntəqələrinə göndərir”.

E.Bayramlı bildirdi ki, ixracı artırmaq məqsədilə Azərbaycanda daha çox bal istehsal edilməldir: “Hazırda bal istehsalı azdır. Gələcəkdə, məsələn 10-15 ildən sonra bal istehsalı artdıqda Azərbaycan şirkəti minlərlə ton balı toplayıb özü xaricdə pərakəndə şəkildə sata bilər. Hazırda istehsalçıya balı qablaşdırıb xarici ölkələrdəki yerli şirkətlərə topdan satmaq daha əlverişlidir. Azərbaycan balı istər pərakəndə, istərsə də topdan olsun çox baha satılır. Ölkəmizdən ən çox bal Yaponiyaya göndərilir”.

Assosasiya rəsmisi dedi ki, 2019-cu ildən yerli istehsalın bir qədər də artması hesabına  daxili tələbat ödənəcək. Onun fikrincə, istehsalın daha çox artırılması üçün idxal məhdudlaşdırılmalı və digər zəruri tədbirlər görülməlidir: “Azərbaycan Arıçılar Assosasiyası bir neçə müvafiq dövlət qurumuna müraciət edərək idxalın məhdudlaşdırılmasına çalışacaq.  Müraciət etmək istədiyimiz qurumlar İqtisadiyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi, Prezident Administrasiyası, Qida Təhlükəsizliyi Agentliyidir. İstəyirik ki, ölkəyə bal idxalının qarşısını alaq.

2018-ci ildə ilk dəfə subsidiya verildi. Dövlət Statistika Komitəsinin məlumatına görə, 271 mindən çox arı ailəsi var. Amma subsidiyalaşdırma zamanı bəlli oldu ki, faktiki arı ailələrinin sayı 420 mindir. Qeydiyyata alınmayanlar də nəzərə alınarsa, ölkəmizdə 500 min arı ailəsinin olduğu təxmin edilir. Bir arı ailəsi orta hesabla 12 kq bal verərsə, deməli, ölkəmizdə 6 min ton bal istehsal edilir. Bu istehsal miqdarı ölkə əhalisinin bala olan tələbatını tam ödəyir. Azərbaycanda yerli istehsal dəstəklənməli, bal idxalının qarşısı alınmalıdır, yaşıllaşdırma zamanı yalnız bal verən bitkilərin əkini həyata keçirilməlidir.

İsrail bu təcrübədən istifadə edib. Bu ölkə səhra şəraitində özünü balla təmin etməklə yanaşı, onun ixracını da həyata keçirir. Azərbaycan da bu yolu getməlidir. Subsidiyalaşma ilə əlaqədar olaraq ölkəmizdə bal istehsalında kəmiyyət və keyfiyyət genişlənməsi baş verir. Son 2-3 ildə böyük inkişaf var və bir neçə ildən sonra Azərbaycan böyük miqdarda bal ixracatçısına çevriləcək.

Azərbaycanda 3-5 manata, ən yüksək halda 10 manata xarici bal satılır.Bu məhsullar necə keyfiyyətli ola bilər? İdxal edilən məhsula görə daşınma xərci ödənilir, gömrükdə rüsum və vergi ödənilir, şəhərin mərkəzində ofis tuturlar, reklama pul xərcləyirlər, qablaşdırma aparılır və sonra bir kiloqramı 10 manata satılır. Azərbaycan balının topdansatış qiyməti 10 manatdan yüksəkdir. Bu qiymətə məhsul xaricə gedəndə onun dəyəri təxminən 2 dəfə yüksəlir. 

Yerli istehsalçının məhsulunun artması üçün hökmən onun istehsal etdiyi bal satılmalıdır. Əks halda o məhsul istehsalını artırmayacaq. Məsələn, bir istehsalçı bu il istehsal etdiyi məhsulun 100 kq-nı sata bilmirsə, o növbəti ildə 100 kq az istehsal etməyə çalışacaq ki, məhsulu tam satılsın. Bunun nəticəsində də ölkəmizdə bal istehsalı azalacaq. İstehsalın azalmaması üçün arıçıların bütün məhsulu satılmalıdır. Yerli məhsullar tam satılarsa, bala xərclənən pul kəndlərə gedəcək, xaricə çıxmayacaq. Xaricə valyuta çıxışının da qarşısının alınması baxımından da əhəmiyyətlidir”.

 

Vasif CƏFƏROV 

Sizin Reklam Yeriniz