Əlaqə Arxiv
news Image
2019.09.10
08:00
| A A A
Azərbaycan məhsullarının Avropaya ixracı artacaq
Natiq Cəfərli: “Avropa İttifaqı ölkələrinə daha çox, daha bahalı məhsul satmaq imkanı var”

Azərbaycanın qeyri-neft sektoruna aid olan malların ixrac bazarlarının şaxələndirilməsi vacib iqtisadi məsələlərdən biri hesab edilir. Təcrübə göstərir ki, ixracda bir neçə ölkənin bazarından asılı olmaq gələcəkdə onun həcminin artırılması imkanlarını çətinləşdirir, eyni zamanda ixracın azalması riskini artırır. Buna görə də Azərbaycanın ixracın xarici bazarlar üzrə şaxələndirilməsi mühüm hədəflərdən biridir.

2015-ci ildən sonra ölkəmizin qeyri-neft mallarının ixracında artım dinamikası müşahidə edilir. 2019-cu ildə qeyri-neft mallarının ixrac dəyərinin ilk dəfə olaraq 2 milyard dollar həddini ötmə ehtimalı var. İxracımız artsa da bu sahəyə aid olan malların əsas alıcısı bir neçə ölkədir. Cari ilin ilk 7 ayına aid olan məlumatlara əsasən, Azərbaycan 1,133 milyard dollar dəyərində və ya ötən ilin eyni dövrü ilə müqayisədə 17 faiz çox qeyri-neft sahəsinə aid mallar ixrac edib. Bu malların 35 faizini Rusiya, 22,17 faizini Türkiyə, 8,86 faizini Gürcüstan alıb. Adıçəkilən 3 ölkə qeyri-neft sektoru üzrə ixrac edilən malların 66 faizinin alıcısı olub.

Mövcud vəziyyətin dəyişməsi üçün Azərbaycanın daha böyük alıcılıq qabiliyyəti olan bazarlara məhsul çıxarması vacibdir. Bu baxımdan ən əlverişli və perspektivli bazar Avropa İttifaqı ölkələrinin bazarıdır. Ölkəmiz Avropa İttifaqına qeyri-neft mallarının ixracını artırmaqla böyük ixrac potensialını formalaşdıra bilər. Bunun üçün Avropa bazarlarına çıxış imkanları öyrənilməli, tərəfdaşlar tapılmalıdır.

Latviya Azərbaycana Avropanın şimal ölkələrinin bazarlarına çıxış imkanı yarada biləcəyini təklif edir. Latviyanın İqtisadiyyat naziri Ralf  Nemiro deyib ki, Latviya limanlarında Azərbaycan mallarının Şimali Avropada paylanması üçün logistika mərkəzlərinin inkişaf etdirilməsi mümkündür. O, söyləyib ki, lLatviya logistika mərkəzləri Riqa, Ventspils, Liepaja kimi iri limanlardan çay, pambıq, toxuculuq və kənd təsərrüfatı məhsullarının sürətli çatdırılmasını təmin edir.

R.Nemiro 23 iyul 2018-ci il tarixdə Azərbaycan İqtisadiyyat Nazirinin səfəri çərçivəsində Riqada Azərbaycan Ticarət Evinin açılışının çox əhəmiyyətli bir addım olduğunu qeyd edib: "Ümid edirik ki, Azərbaycan Ticarət Evi Azərbaycan ixracatçıları üçün yaxşı bir nümunə olacaq və Baltikyanı ölkələrdə, Şimali və Qərbi Avropaya malların daha da sürətli emalı və paylanması məqsədi ilə Latviyada yeni ticarət, logistika və istehsal müəssisələri yaradılacaq".

Bəs, Azərbaycan mallarının Avropaya çıxması yerli istehsalçıya nə verə bilər? İqtisadçı-ekspert Natiq Cəfərli hesab edir ki, Avropaya məhsul ixracı Azərbaycan istehsalçısı üçün böyük dividentlər gətirə bilər. Onun sözlərinə görə Avropa bazarı bir çox cəhətinə görə Rusiya və Türkiyə kimi ölkələrin bazarından daha əlverişlidir: “Burada yaşayan əhalinin sayı 500 milyondan çoxdur. Eyni zamanda əhalinin alıcılıq qabiliyyəti Rusiya və Türkiyədən xeyli yüksəkdir. Buna görə də Avropa İttifaqı ölkələrinə daha çox, daha bahalı məhsul satmaq imkanı var. Rusiyada satdığımız eyni məhsulu Avropa bazarına çıxatmaq imkanı olsa 2-3 dəfə baha sata bilərik. Bu əlavə gəlir, böyümə imkanı, daha çox valyuta  deməkdir. Bu bazarda payı artırmaq Azərbaycan iqtisadiyyatı, onun istehsalçıları üçün ciddi dönüş olardı”.

N.Cəfərli söylədi ki, Türkiyə, xüsusən də Rusiya bazarlarından fərqli olaraq Avropa bazarına məhsul çıxartmaq asan deyil. O bildirdi ki, bunun üçün sadəcə keyfiyyətli məhsul istehsal etmək kifayət etmir: “Obrazlı şəkildə desək maşına malı yükləyib Rusiyaya aparıldığı kimi Avropaya da aparıb satmaq mümkün deyil. Öncədən bir sıra prosedurlardan keçmək lazımdır. Bunun üçün ən yaxşı yol Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyündən keçir. Üzvlük baş tutduqdan sonra bir çox sertifikatların alınması da asanlaşır.   

Avropa bazarında standartlar yüksəkdir. Bu standartlara uyğunlaşmaqla ixracı artırmaq mümkündür. Beynəlxalq ticarət, qablaşdırma standartlarını da qəbul etməliyik. Azərbaycanın qeyri-neft sektoruna aid olan məhsullar arasında kənd təsərrüfatı, yarımfabrikatlar üstünlük təşkil edir. Avropada sertifikatlaşma ilə bağlı çox ciddi nəzarət mexanizmləri tətbiq olunur. Azərbaycanda fermerlər, kiçik və orta sahibkarlar beynəlxalq sertifikatlaşmanın nədən ibarət olduğu haqqında məlumatları yoxdur. Çünki nə Türkiyə, nə də xüsusən Rusiya sertifikatlar tələb etmir. Rusiya məhsulların keyfiyyətini sərhəddə özü müəyyənləşdirir. Bəzən məhsulları ölkəyə buraxmamaq üçün sertifikatlaşmanın olmamasından bəhanə kimi istifadə edir.  Avropa İttifaqında isə bəlli standartlar var və bu standartlara cavab vermək lazımdır. Bunun üçün bizim sahibkarlar Avropanın hansı standartları tələb etdiyi haqqında məlumatlandırılmalıdır”.

N.Cəfərli əmindir ki, Avropa İttifaqı ilə Azərbaycan arasında sazişin imzalanmasından sonra bu sahədə olan çatışmazlığın bir çoxu aradan qalxacaq: “Avropa İttifaqı ilə Azərbaycan arasında böyük sazişin imzalanması gözlənilir. Bu çox vacib sazişdir. İlin sonuna qədər imzalanması gözlənilən sazişin böyük hissəsi ticarətlə bağldır. Ticarət münasibətləri həmin müqavilələrdə tənzimlənərsə Azərbaycan şirkətlərinə, fiziki və hüquqi şəxslərə Avropa bazarlarına çıxış üçün imkanlar yaranacaq.

Burada qablaşdırma, məhsulun keyfiyyəti, sertifikatlaşdırma ilə bağlı beynəlxalq müqavilələrə uyğun olması ilə bağlı çox ciddi görüləsi işlər var. Bizim ixracatçılar sovet dövründən bəri Rusiya bazarına kökləniblər və ona görə də o bazarın satış qaydalarını yaxşı bilirlər. Avropanın satış qaydalarını gecikmədən öyrənmək lazımdır. Bu məqsədlə böyük ixrac potensialı olan qruplara teninqlər keçirilməlidir, sahibkarlara pulsuz hüquqi yardımlar edilməlidir ki, ixracda çətinlik olmasın”.  

Qeyd edək ki, Avropa İttifaqı dünyada ən böyük əmtəə idxalçısıdır. 2017-ci ilə aid olan məlumata əsasən, Avropa İttifaqı ölkələri təşkilata üzv olmayan ölkələrdən 1,9 trilyon dollar dəyərində idxal həyata keçirib. Avropa İttifaqına üzv olan 28 ölkənin hər birinin idxal göstəricilərini nəzərə aldıqda isə bu region ildə 5,2 trilyonluq idxal göstəricisinə sahibdir.

Son iki ildə Azərbaycandan Avropaya qeyri-neft mallarının ixrac həcmi artmaqdadır. Azərbaycan Avropa İttifaqı ölkələrinə qabığı təmizlənmiş fındır, qızıl, gümüş, alüminium, meyvə şirələri, polimerlər, hesablayıcı maşınların ehtiyat hissələri, qazma qurğuları, bahalı avtomobillər, toxuculuq və geyim malları, qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edir. Məlumatların təhlili göstərir ki, bu məhsullar arasında qızıla, qabığı təmizlənən fındığa, meyvə şirələrinə, əlvan metallara tələb daha yüksəkdir.

                  

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz