news Image
2019.09.10
08:57
| A A A
Azərbaycan və Pakistan iqtisadi müstəvidə mühüm yeniliklərə imza atır
Ruslan Atakişiyev: “Bakı ilə İslamabad arasında tekstil və farmakologiya sahəsində işbirliyinin yaranması sözügen sektorda Azərbaycan istehsalçılarının rəqabət qabiliyyətinin yüksəlməsi baxımından mühüm əhəmiyyət kəsb edəcək” Fuad İbrahimli: “Əminliklə deyirəm ki, Pakistanla yarana biləcək həmin əməkdaşlıq fonunda Azərbaycan tekstil sahəsi üzrə özü üçün ciddi potensial yaradacaq”

Pakistanın Xayber Paxtunxva əyalətinin Sənaye Ticarət Palatasının vitse-prezidenti Zahid Şinvari ılkəmizə səfəri fonunda əyaləti təmsil edən biznesmenlərin Azərbaycanda farmakologiya, tekstil sahələrinə investisiya yatırmaq niyyətində maraqlı olduqlarını bildirib:"Biz görürük ki, Azərbaycan bir çox məhsulları Türkiyədən idxal edir. Biz isə tekstil, neft-kimya və digər məhsulları Azərbaycanda istehsal etmək istəyərdik. Pakistan iqtisadiyyatının ixracında 60%-lik payı məhz tekstil sahəsi tutur. Biz bu sahədə təcrübəmizi Azərbaycanla da bölüşmək niyyətindəyik. Azərbaycanın rayonlarında pambıq yetişdirilir. Bu sahədə böyük potensial var".

Pakistanın Azərbaycandakı səfiri Səid Xan Möhmənd xatırladıb ki, ölkəsində əczaçılıq inkişaf etmiş sektordur: "Hazırda bu sahədə ölkədə 2000-dən çox farmakologiya müəssisəsi var. Bizim bu sahədə böyük təcrübəmiz var. Mən ölkəmizdən olan biznesmenlərlə bu sahədə müzakirələr aparmışam. Onlar Azərbaycanda bu sahəyə investisiya yatırmaq istəyirlər. Pakistanlı biznesmenlər Azərbaycan bazarı ilə yanaşı, öz dərman məhsullarını MDB ölkələrinin bazarlarına çıxarmağı da hədəfləyirlər". Pakistanın Azərbaycanla tekstil və farmakologiya sahəsində işbirliyi ölkəmizə nələr vəd edir?

İqtisadçı ekspert Ruslan Atakişiyevin fikrincə, Pakistanla tekstil və farmakologiya sahəsində əməkdaşlıq həmin sahələr üzrə Azərbaycan istehsalçılarının rəqabət qabiliyyətinin artmasına gətirib çıxaracaq: “Dərman istehsalının alternativ istehsalının maya dəyərinin ucuz olmasına görə Hindistan və Pakistan bir çox ölkələr, o cümlədən Azərbaycan üçün əlçatan istehsalçılar hesab olunurlar. Pakistan həmçinin yüngül sənayenin inkişafı baxımından da regionda öndə gedən ölkələrdəndir.

Bu mənada Bakı ilə İslamabad arasında tekstil və farmakologiya sahəsində işbirliyinin yaranması iki ölkə arasında iqtisadi əlaqələrin, ticarət dövriyyəsinin genişlənməsi, həm təcrübə mübadiləsi, sözügen sektorda Azərbaycan istehsalçılarının rəqabət qabiliyyətinin yüksəlməsi baxımından mühüm əhəmiyyət kəsb edəcək. Bu fonda yaranan işbirliyindən Azərbyacanın özəl sektoru da udacaq. Çünki özəl sektor belə istehsal sahələrində istehsalda maraqlı olmalıdır. Bazar iqtisadiyyatı şəraitində bu kimi imkanlardan yararlanmaq ölkənin özəl sektoruna geniş imkanlar açar. Bu kimi iş birliyi sözügedən məhsullar üzrə müəyyən imkansız təbəqə üçün həmin malları ucuz almaq baxımından da əhəmiyyət kəsb edəcək”.

İqtisadçı-ekspert Fuad İbrahimli də bildirdi ki, haqqında danışılan sahələr üzrə Pakistanla işbirliyi Azərbaycan iqtisadiyyatına mühüm töhvələr verəcək:  “Pakistanla tekstil və farmakologiya sahəsində işbirliyi şübhəsiz ki, həmin sahələr üzrə inkişafın əldə edilməsində Azərbaycan üçün əlverişli məqam ola bilər. Pakistan siyasi nöqteyi-nəzərdən Azərbaycanla ilk sıralarda yer alan müttəfiq dövlətdir.

Bildiyiniz kimi, Pakistan diplomatik nöqteyi-nəzərdən Ermənistanı tanımayıb. Eyni zamanda, Pakistan nüvə silahına malik yeganə islam ölkəsidir. Digər tərəfdən, tekstil və farmakologiya sahələri üzrə Pakistan kifayət qədər inkişaf edib. Hələ Çin tekstil sahəsində ciddi uğurlara imza atmayana qədər Pakistan artıq bu istiqamətdə regional səviyyədə kifayət qədər təcrübəyə malik dövlət olub. Pakistanla sözügedən sahələrdə əməkdaşlıq həmin sektor üzrə Azərbaycan iqtisadiyyatına mühüm töhfələr verəcək. Əsasən də farmakologiya sahəsi üzrə. Çünki tekstil sahəsi üzrə Azərbaycan bazarında Türkiyə məhsulları kifayət qədər geniş oturuşub. Pakistanın da bu istiqamətdə addım atması həmin sahənin ölkəmizdə geniş inkişafına şərait yaradacaq. Pakistanla həmin sahələr üzrə iş birliyi ən azından Azərbaycanda daxili tələbatın ödənilməsinə xidmət edəcək. Bu addım daxili tələbatın müəyyən hissəsini ödəmək şərtilə, paralel olaraq gələcək üçün Azərbaycanın ixrac potensialının da püxtələşməsinə gətirib çıxaracaq.

Tam əminliklə deyirəm ki, Pakistanla yarana biləcək həmin əməkdaşlıq fonunda Azərbaycan tekstil sahəsi üzrə özü üçün ciddi potensial yarada biləcək. Bu mümkündür, yaxınlıqda Rusiya bazarı kimi ucu-bucağı görünməyən bir bazar var. Bütün hallarda Pakistanla sözügedən sahələr üzrə işbirliyinin ölkəmiz üçün ciddi perspektivi vardır”.

Rüfət NADİROĞLU