news Image
2019.09.11
08:22
| A A A
Günəş panellərindən istifadə məsələsində hələ də Qərbdən geridə qalırıq
İlham Şaban: “Proses qanun şəklinə salınmalıdır ki, şirkətlər qoyduqları investisiyanı geri qaytarmaq imkanlarının nə dərəcədə olduğunu bilsinlər” Əli Əlirzayev: “Alternativ enerjidən geniş istifadə ənənəvi enerjini başqa istiqamətlərə yönəltməyə imkan yaradacaq”

"Hökümət maraq göstərsə, Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda üzən Günəş stansiyaları ilə bağlı iri layihə üçün vəsait ayırmaq məsələsini araşdıra bilər. "Üzən Günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi" pilot layihəsi səmərəli olsa, gələn il layihənin daha irimiqyaslı variantı üçün xarici sərmayələr cəlb etməyə dair müzakirələr başlayacaq. Azərbaycanda pilot layihə cədvələ uyğun icra olunur". Bunu AİB-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Nariman Mannapbekov deyib. 

Mannapbekovun fikrincə, Azərbaycan regionda bu kimi yenilikçi texnologiyalar tətbiq edən ilk ölkəyə çevrilə bilər. Proseslərin bu səpkidə inkişafı Azərbaycana hansı üstünlüklər vəd edir? Günəş panellərindən istifadə Qərbdən fərqli olaraq nədən hələ Azərbaycanda geniş tətbiq olunmur?

Enerji məsələləri üzrə ekspert İlham Şabanın fikrincə, Azərbaycanda Qərb dövlətlərindən fərqli olaraq, Günəş panellərindən istifadənin geniş tətbiq olunmamasında ilk növbədə bu istiqamətdə qanunun olmaması amili rol oynayır: “Ona görə də özəl şirkətlərin Azərbaycanda alternativ enerji yaratmağa ciddi maraqları yoxdur. Yəni proses qanun şəklinə salınmalıdır ki, şirkətlər qoyduqları investisiyanı geri qaytarmaq imkanlarının nə dərəcədə olduğunu bilsinlər.

İkincisi, investisiyanın qoyulduğu şəkildə şəbəkəyə hansı qiymətə, necə satılacaq, bu kimi məsələlərə də aydınlıq gətirilməlidir. Artıq dünya o səviyyəyə gəlib çatıb ki, alternativ enerjiyə maraq böyük investisiya və şirkətlər səviyyəsindən məişətə də keçib. Yəni, əksər ölkələrdə hər bir insan öz evində onu həyata keçirir. Azərbaycan isə bu sahədə həddən artıq çox geri qalır. Dövlət Statistika Komitəsinin 2019-cu ilin ilk 6 ayı üçün olan məlumatına görə, ölkə üzrə istehsal edilən elektrik enerjisində Günəş və külək enerjisinin payı cəmi 0,6 faizdir”.

İ. Şaban qeyd etdi ki, alternativ enerjidən istifadə ənənəvi enerjidən yararlanmağa qənaət etməyə imkan verəcək: “Günəş enerjisindən istifadənin genişlənməsi ölkəmizdə ilk növbədə ənənəvi enerjiyə qənaət etməyə şərait yaradacaq. Ancaq onun yaradılması üçün nə qədər xərc çəkiləcəyinə də baxmaq lazımdır. Ona görə hazırda alternativ enerji mənbəyinin inkişafı Azərbaycan üçün prioritet deyil. Əsas məsələ odur ki, istehsal ediləndən səmərəi istifadə olunsun. Dövlət Statistika Komitəsinin məlumatına görə, istehsal edilən elektrik enerjisində 2 milyard kilovatsaata qədər itki var. Ona görə ölkəmiz üçün səmərəli istifadə alternativ enerjiyə sərmayə qoymaqdan daha məqbuldur”.

İqtisadçı alim Əli Əlirzayev bildirdi ki, alternativ enerjidən geniş istifadə ənənəvi enerjidən başqa istiqamətlərdə istifadə etməyə imkan yaradacaq: “Dünyada baş verən elmi innovasiya və texnologiyaların ölkəmizdə də tətbiqi vacib və zəruridir. Azərbaycanda neftdən gələn ənənəvi enerji baha başa gəlir. Halbuki, neftdən başqa məqsədlər üçün istifadə etmək olar. Alternativ enerji mənbələri daha ucuz başa gələn, daha məhsuldar olması ilə seçilən enerji mənbələridir.

Azərbaycanda alternativ enerji mənbələrinin yaradılmasına şərait yaradan amillər çoxdur, iqlim şəraiti, coğrafi mövqeyi də buna imkan verir. Alternativ enerjidən istifadənin genişlənməsilə digər yollarla enerji alınmasına qənaət edilər. Nəticədə qənaət edilən bu enerjidən başqa məqsədlərlə faydalanmaq olar. Hətta onu başqa ölkələrə, İran və Türkiyəyə də sata bilərik. Azərbaycanda hələlik Günəş panellərindən ona görə zəif istifadə olunur ki, onun olması üçün texnologiya yaradılmalı, mütəxəssis və şərait olmalıdır. İkincisi, ənənəvi enerji bizi bəlkə də tənbəlliyə öyrədib”.

Rüfət NADİROĞLU  

money.az currency