news Image
2019.09.11
08:51
| A A A
Aqrar sektor valyuta gətirən mühüm sahələrdən birinə çevrilir
2019-cu ildə kənd təsərrüfatı məhsullarının ixracından 800 milyon dollardan çox gəlir gözlənilir

Azərbaycanda aqrar sektor valyuta gətirən mühüm sahələrdən birinə çevrilir. Son illərdə kənd təsərrüfatı məhsullarının ixrac göstəricilərinin artması bunu deməyə əsas verir. Statistik məlumatlar göstərir ki, Azərbaycanın kənd təsərrüfatı üzrə ixrac potensialı böyükdür və qarşıdakı illərdə də həm istehsalın artırılması, həm də xarici bazarlarda məhsulların tanıdılması hesabına aqrar sektor üzrə ixrac davamlı arta bilər.

Ölkəmizin müstəqillik dövründə kənd təsərrüfatı məhsullarının ixracında ən aşağı göstərici 2001-ci ildə qeydə alınıb. Həmin tarixdə ixracımız 61 milyon dollar olub. Lakin sonrakı illərdə həyata keçirilən tədbirlər hesabına ixracda artım davamlı hal alıb. Xüsusilə meyvə və tərəvəz ixracının artması Azərbaycana kənd təsərrüfatı məhsullarının ixracı üzrə hər il yüzmilyonlarla dollar həcmində valyutanın daxil olmasına imkan yaradıb. Statistik məlumatların təhlili göstərir ki, kənd təsərrüfatı məhsullarının ixracı 2003-cü ildə 100 milyon dolları, 2005-ci ildə 250 milyon dolları ötüb.

Aqrar sektora aid olan məhsulların ixracının artmasına ölkəmizdə 2007-ci ildən tətbiq edilən subsidiyalaşdırma siyasətinin də böyük faydası olub. Həmin ildən başlayaraq kənd təsərrüfatı məhsullarının istehsalının artması ixrac üçün əlavə imkanlar yaratdı. Kənd təsərrüfatı məhsullarının ixrac dəyəri 2011-ci ildə 300 milyon dolları, 2016-cı ildə 400 milyon dolları, 2017-ci ildə 600 milyon dolları, 2018-ci ildə 700 milyon dolları ötdü.

İxracda artım dinamikası 2019-cu ilin 6 ayı ərzinda da davam edib. Bu ilin birinci yarısında aqrar məhsulların ixracı 411,8 milyon ABŞ dolları dəyərində olub. Kənd təsərrüfatı məhsullarının ixrac həcmi ötən ilin müvafiq dövrünə nəzərən 27,9% artıb. Yanvar-iyun aylarında ölkədən 181,3 milyon dollar dəyərində kartof və tərəvəz məhsulları, 137,2 milyon dollar dəyərində meyvə, 75,7 milyon dollar dəyərində pambıq lifi, 6,4 milyon dollar dəyərində tütün xammalı ixrac olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-iyun aylarında ölkədən meyvə ixracı 42,2% artıb. 

Hazırda Azərbaycanın kənd təsərrüfatı üzrə ixracında meyvə, tərəvəz və pambıq böyük paya malikdir. 2018-ci ildə Azərbaycandan 326,3 milyon dollarlıq meyvə, 233,3 milyon dollarlıq tərəvəz,108,3 milyon dollarlıq pambıq ixrac edilib. 2010-cu illə müqayisədə meyvə ixracı 3 dəfədən, tərəvəz ixracı 5 dəfədən, pambıq ixracı isə 7 dəfədən çox artıb. Ölkəmizdən ixrac edilən əsas tərəvəz məhsulu pomidordur, meyvədə əsas paya fındıq və xurma sahibdir.

İlkin proqnozlarara əsasən 2019-cu ildə Azərbaycanın aqrar məhsullarının ixracından əldə edəcəyi gəlir 800 milyon dolları ötəcək ki, bu da yeni rekord göstəricidir. Kənd təsərrüfatı mallarının ixracının artması onun ümumi ixracda payının da yüksəlməsinə səbəb olur. 2015-ci ildə ümumi ixracın 2,9 faizi kənd təsərrüfatı məhsullarının ixracından ibarət olduğu halda, bu göstərici 2017-ci ildə 3,9 faizə yüksəlib. 2018-ci ildə ümumi ixracda böyük artımın əldə edilməsi səbəbindən (neft qiymətlərinin yüksəlməsi və təbii qaz ixracının artması ilə əlaqədar) kənd təsərrüfatı məhsullarının  ixracda payı 3,7 faiz təşkil edib. 2019-cu ildə ümumi ixracın bir qədər də artacağı gözlənilsə də aqrar sektor üzrə ixracın payını qoruyacağı proqnozlaşdırılır.

Kənd təsərrüfatı məhsullarının ixracının artmasının 2 əsas səbəbi var. Birinci səbəb istehsalın artmasıdır. 2019-cu ilin 6 ayı ərzində kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 13% artıb. Bitkiçilik məhsullarının həcmində 25,6% (1,77 milyardmanat), heyvandarlıq məhsullarının həcmində 2,9% artım (1,9 milyard manat) qeydə alınıb. Artımlar hesabına aqrar sahənin Ümumi Daxili Məhsulda payı 5,6 faizə çatıb. 

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-iyun aylarında kartof istehsalı 10,3%, taxıl istehsalı (qarğıdalı da daxil olmaqla) 40,7%, tərəvəz istehsalı 13,8%, meyvə və giləmeyvə istehsalı 21,1%, bostan məhsulları istehsalı 37,5% artıb. Cari ilin 6 ayı ərzində ölkədə 335,7 min ton kartof, 2541,7 min ton taxıl (qarğıdalı da daxil olmaqla), 675,1 min ton tərəvəz, 125,2 min ton meyvə və giləmeyvə, 54,8 min ton bostan məhsulları istehsal olunub.

2019-cu ilin ilk yarısında ölkədə heyvandarlıq məhsullarının istehsalında da ciddi artım qeydə alınıb. Diri çəkidə ət istehsalı 3%, süd istehsalı 2%, yumurta istehsalı 4,5%, yun istehsalı 0,8% artıb. Yanvar-iyun aylarında ölkədə 252,5 ton diri çəkidə ət, 1037,2 ton süd, 926,9 milyon ədəd yumurta, 14,6 min ton yun istehsal olunub.

Yanvar-iyun aylarında respublika üzrə 636.6 ton barama tədarük edilib ki, bu da keçən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 24% çoxdur.

Kənd təsərrüfatında aparılan islahatların dərinləşdirməsi, kənd təsərrüfatının elmi əsaslarla inkişaf etməsi, müasir texnologiya və yanaşmaların tətbiq olunması aqrar sahədə iqtisadi səmərəlilyi artırıb. Bu islahatlar hesabına daha çox və ucuz məhsul əldə etmək imkanları yaxşılaşıb. Buna görə də son 15 il ərzində kənd təsərrüfatı məhsullarının ixracında təxminən 6,5 dəfə artıma nail olunub.

Ancaq potensial daha böyükdür və yeni bazarlara çıxmaqla ixracı bir neçə dəfə artırmaq mümkündür. Bu məqsədlə son illərdə xaricdə ticarət evləri açılır, ixrac missiyaları göndərilir, dövlət tərəfindən sahibkarlara çox böyük dəstək verilir. Hökumətin bu iqtiqamətdəki fəaliyyəti kənd təsərrüfatı məhsullarının ixracını artıran ikinci mühüm səbəbi formalaşdırır. Dövlət sahibkarların öz məhsullarını xaricdə sata bilməsi üçün məsləhət, marketin dəstəyi verir.

 

Vasif CƏFƏROV