Əlaqə Arxiv
news Image
2019.09.11
09:30
| A A A
Avropa enerji bazarında Azərbaycanın yeni möhtəşəm uğuru
Zəfər Vəliyev: “Azərbaycanın qaz ixracı və bu ixracdan əldə edilən gəlirlər artacaq”

Azərbaycanın "Cənub Qaz Dəhlizi" meqalayihəsinin işə düşməsinə az qalıb. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Meqalayihə özündə 3 layihəni birləşdirir. Bunlar Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) və Trans-Adriatik Qaz Boru Kəməri (TAP) layihələridir. Adıçəkilən layihələrdən Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi və TANAP-ın tikntisi demək olar ki, yekunlaşıb. TAP layihəsinin icrası isə 89 faiz tamamlanıb.

"Cənub Qaz Dəhlizi" layihəsi ilkin mərhələdə ən iri qaz kondensat yataqlarından biri olan “Şahdəniz” yatağından hasil olunacaq qazı Avropa bazarlarına çatdıracaq. “Şahdəniz”də hazırda qaz hasil edilir. Yatağın işlənməsinin ikinci mərhələsində daha böyük qaz hasilatı planlaşdırılır. İkinci mərhələ işə düşəndən sonra yataqdan qaz hasilatı maksimum səviyyə çatacaq. Artıq bu istiqamətdə işlərin 93%-i icra edilib.

"Cənub Qaz Dəhlizi"nin bütün seqmentlərinin maliyyələşdirməsindəki Azərbaycanın payı 1/4 qədər, yəni 10,1 milyard ABŞ dollarına yaxındır. Bu vəsaitin 97%-i həm yerli ehtiyatlar, həm də kənardan cəlb edilmiş vəsaitlər hesabına artıq yatırılıb.

Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 milyard kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədində TANAP boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

"Şahdəniz" konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 m), ən aşağı hissəsi isə (-820 m) dənizin dibində olacaq.

2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur. TAP Bolqarıstanın qaz ehtiyacının 33%-ni, Yunanıstanın 20%-ni, İtaliyanın isə, təxminən, 10,5%-ni qarşılayacaq.

Adıçəkilən meqalayihənin Azərbaycan üçün böyük iqtisadi faydasının olacağı aydın görünür. Layihənin əhəmiyyətini qiymətləndirən neft-qaz sahəsi üzrə ekspert Zəfər Vəliyev hesab edir ki, bu kəmər Azərbaycana həm iqtisadi, həm də siyasi faydalar gətirəcək. Onun fikrincə, "Cənub Qaz Dəhlizi" layihəsi dünyanın neft-qaz tarixində həyata keçirilən ən iddialı layihələrdən biridir: "Cənub Qaz Dəhlizi" layihəsinin fəlsəfəsi ondan ibarətdir ki, adəçəkilən layihə Xəzərin karbohidrogen ehtiyatlarını Aralıq dənizi ilə və Qara dəniz enerji bazarları ilə birləşdirsin. Bu layihə sadəcə bir ixrac gücünü formalaşdırmayacaq, o həm də enerji sahəsində əməkdaşlıq imkanlarını genişləndirməyə imkan verən böyük platformadır.

Bu layihə tam miqyasda sənaye istismarına veriləndən sonra Avropanın qaz portfelində çox ciddi dəyişiklik yaradacaq. Çünki layihə yalnız Azərbaycan qazının Avropa bazarındakı müştərilərə çatdırılmasından ibarət deyil. Perspektivdə layihənin imkanlarından digər dövlətlər, o cümlədən Türkmənistan da istifadə edə bilər. Necə ki, Bakı-Tiflis-Ceyhan neft kəməri layihəsindən Xəzərin şərq sahilində yerləşən, neft ixrac edən ölkələr faydalanır. Bir neçə ildir ki, Qazaxıstan və Türkmənistan neftini bu kəmər vasitəsilə Avropa ölkələri və digər ölkələrin bazarlarına çıxarılır.

Cənub Qaz Dəhlizi də belə layihələrdəndir. Ola bilər ki, perspektivdə türkmən qazı da Azərbaycanın ixrac gücləri vasitəsilə Avropa bazarına daşınması reallaşa bilər. Çünki 1995-ci ildən Transxəzər qaz kəməri layihəsi gündəmdədir və bu layihənin əsas təşəbbüskarı ABŞ və Avropa İttifaqıdır”.

Z.Vəliyev bildirdi ki, qaz kəməri layihəsinin işə düşməsi ilə Azərbaycanın qaz ixracı və bu ixracdan əldə edilən gəlirlər artacaq. Onun qənaətincə, qaz satışından gəlirlər neft ixracındakı azalmanı tam örtəcək: “2006-cı ildə Bakı-Tiflis-Ceyhan əsas istismar kəməri istismara verildikdən sonra “Azəri-Çıraqlı-Günəşli” yataqlar blokundan hasil olunan neftin dünya bazarlarına daşınması bu gün də davam edir. Hasilat həcmində son illərdə müəyyən qədər azalmalar baş verir. Cənub Qaz Dəhlizinin tam gücü ilə işə düşməsi neft ixracından azalan gəlirlərin qaz ixracı hesabına örtülməsinə imkan verəcək.

Layihə çox bahalı layihədir. Bu layihənin dəyəri 40 milyard dollar səviyyəsindədir. Bunlara baxmayaraq Xəzərin Azərbaycan sektorunda “Şahdəniz” yatağı ilə paralel, digər qaz və qaz-kondensat yataqları var. Bunlar “Abşeron”, “Ümid”, “Babək”, “Şəfəq-Asiman”, “Qaradağ” və digər yataqlardan da gələcəkdə qaz hasilatı olacaq. Həmin yataqlarda hasil ediləcək əlavə istehsal həcmləri Cənub Qaz Dəhlizi vasitəsilə həm Türkiyə bazarlarına, həm də Avropa bazarlarına çatdırılacaq.

Eyni zamanda Azərbaycanla qaz ixracı layihəsində Azərbaycanla əməkdaşlıq edən ölkələr Türkiyənin, Gürcüstanın qaza olan tələbatı uzun illər təmin ediləcək”.

 

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz