Əlaqə Arxiv
news Image
2019.09.12
08:12
| A A A
Azərbaycanın meqalayihəsinə yeni təchizatçılar cəlb olunur
Natiq Cəfərli: “Cənub Qaz Dəhlizi”nə başqa mənbələrin qoşulması ölkəmizin maraqları çərçivəsindədir, iqtisadi və siyasi cəhətdən Azərbaycana xeyli dividend gətirəcək” Fuad İbrahimli: “Cənub Qaz Dəhlizi”nə heç kimin gözləmədiyi halda, Rusiya da cəlb oluna bilər”

“ABŞ “Cənub Qaz Dəhlizi” layihəsinə digər mənbələrin qoşulmasını dəstəkləyir”. Bunu ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunda dövlət katibi köməkçisinin I müavini Kent Loqsdon deyib. Loqsdon onu da bildirib ki, ABŞ Avropanın enerji mənbələrini və nəqlini şaxələndirməyə yardım edəcək “Cənub Qaz Dəhlizi” layihəsini dəstəkləməyə davam edir. Bu açıqlamalar fonunda ABŞ və digər Qərb dövlətlərinin fəal iştirakı ilə “Cənub Qaz Dəhlizi”nə əlavə təchizatçıların qoşulmasını gözləmək olarmı?  Bu hal Azərbaycana hansı üstünlüklər vəd edir?

İqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, indiki mərhələdə “Cənub Qaz Dəhlizi”nə Aşqabadla Bağdadın qoşulması mümkündür: “Cənub Qaz Dəhlizi” layihəsi gündəmə gətirilərkən zatən tək Azərbaycan qazı üçün nəzərdə tutulmayıb. Azərbaycanın potensial olaraq 10 milyard kubmetr qaz nəql etdiyini nəzərə alsaq “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində 32 milyard kubmetrlik boru xətti çəkilib. Düşünülür ki, gələcəkdə başqa mənbələrin də bu boruya qoşulması ehtimalı var. Bu mənbələr isə Türkmənistan, İran və İraq ola bilər. Belə ki, İraqın Türkiyə üzərindən kəmərə qoşulma ehtimalı var.

Hələlik, ABŞ-ın İrana qarşı sanksiyaların mövcud olduğunu nəzərə alsaq, indiki mərhələdə Tehranın prosesə qoşulması real deyil. Yəni indiki halda onun bu prosesdə yer alması çətin olacaq. Yalnız münasibətlər normallaşandan sonra İranın “Cənub Qaz Dəhlizi”nə qoşulmasına start verilə bilər. Amma Türkmənstan və İraq qazı küfayət qədər potensiala malikdir. Yeganə olaraq, «Transxəzər» qaz kəməri layihəsi çəkilməlidir. Bu da çox az maliyyə və qısa vaxt tələb edən bir layihədir. Sadəcə olaraq, layəihənin gerçəkləşməsi fonunda bəzi Xəzəryanı ölkələrin maneəsilə üz-üzə qala bilərik.

Rusiya Xəzər dənizinin statusu ilə bağlı əlavə ekoloji protokol imzalayarkən dənizin dibilə keçəcək istənilən boru kəmərinin ətraf ölkələrlə razılaşdırılması şərtini qoyub. Bu mənada Moskvadan da razılıq alınmalıdır ki, “Transxəzər” kəməri çəkilə bilsin. Ona görə bu prosesdə müəyyən gecikmələr ola bilər. Bununla belə düşünürəm ki, Qərblə Rusiya kontekstində onlar arasında hansısa bir razılaşma da ola bilər. Nəticədə keçən əsrin 90-cı illərin əvvəlində nəzərdə tutulan layihə reallaşa bilər”.

Ekspert qeyd etdi ki, “Cənub Qaz Dəhlizi”nə digər iştirakçıların qoşulması fonunda Azərbaycan tranzit gəlirləri əldə edəcək, iqtisadi və siyasi cəhətdən xeyli dividend qazanacaq: “Təbii ki, “Cənub Qaz Dəhlizi”nin reallaşması Azərbaycana dividendlər və bir sıra üstünlüklər gətirəcək.  TANAP-in 57 faizi Azərbaycana məxsusdur. TAP layihəsinin isə 25 faizi dövlətimizin mülkiyyətindədir. Bu mənada “Cənub Qaz Dəhlizi” çərçivəsində Avropaya nə qədər çox qaz nəql ediləcəksə,  Azərbaycan bundan bir o qədər çox tranzit gəlirləri əldə edəcək. Ona görə də prosesə başqa mənbələrin qoşulması ölkəmizin maraqları çərçivəsindədir. İqtisadi və siyasi cəhətdən Azərbaycana xeyli divident gətirə bilər”.

İqtisadçı-ekspert Fuad İbrahimli isə bu qənaətdədir ki, Rusiya da “Cənub Qaz Dəhlizi”nə qoşula bilər: “Cənub Qaz Dəhlizi” layihəsi məsələsi artıq siyasi müstəviyə keçib. Siyasi müstəvidə hadisələr isə elə bir sürətlə gedir ki, istənilən halda vəziyyət dəyişə bilər. Hətta “Cənub Qaz Dəhlizi”nə heç kimin gözləmədiyi halda, hazırda sanksiyalar altında olan Rusiya da cəlb oluna bilər. Yəni bu ölkə də ondan istifadə edə bilər.

Bir vaxtlar az qala müharibə vəziyyətində olan Rusiya-Türkiyə münasibətləri birdən-birə geniş səpkidə əməkdaşlıqla əvəzləndi. Bu baxımdan “Cənub Qaz Dəhlizi” layihəsilə bağlı vəziyyətin də mütləq şəkildə dəyişməsi mümkündür. ABŞ rəsmisi Loqsdonun səsləndirdiyi ifadələrdə bəlkə də məhz bu məna dayanır. Yəni Moskva sərt siyasətindən cüzi də olsa kənarlaşsa onların da bu layihədən istifadəsi istisna olunmur. Bu mümkün olan məsələdir”.  

F. İbrahimli düşünür ki, əlavə abonentlərin qoşulması ilə Azərbaycan bir neçə göstərici üzrə əlavə mənfəət toplayacaq: “İstənilən halda, sözügedən layihəyə əlavə abonentlərin qoşulması artıq Azərbaycanın həm nüfuzunu, həm strateji partnyorluğunu, hə də investisiya baxımından cazibədarlığını birbaşa artıracaq. Bir neçə göstərici üzrə Azərbaycan bu məsələdə mənfəət əldə edəcək”.

Rüfət NADİROĞLU

 

 

 

Sizin Reklam Yeriniz