Əlaqə Arxiv
news Image
2019.09.12
09:17
| A A A
Beynəlxalq maliyyə qurumlarından manat istiqrazlarına böyük maraq
Ruslan Atakişiyev: “Manatla istiqraz buraxılışı Azərbaycanda maliyyə sabitliyinə dəstək olacaq”

Qara Dəniz Ticarət və İnkişaf Bankının ardınca digər nüfuzlu beynəlxalq təşkilatlardan olan Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, həmçinin Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən yerli bazarda manatla istiqraz buraxılışlarının həyata keçirilməsi nəzərdə tuturlar. Bu ilin aprelində Asiya İnkişaf Bankının rəsmiləri Bakıda olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasında (Palata) görüşlər keçiriblər. Sentyabrda isə Palatada Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) rəsmiləri ilə istiqraz buraxılışı ilə bağlı danışıqlar aparılıb. 

AYİB-lə görüşdə beynəlxalq maliyyə qurumu Azərbaycanda yerli valyutada istiqraz emissiyasının həyata keçirilməsi, ölkəmizin qiymətli kağızlar bazarının inkişaf etdirilməsi məqsədilə törəmə maliyyə alətləri istiqamətində atılan addımlar, gələcək üçün əməkdaşlıq perspektivləri müzakirə edilib. Palatanın İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov bildirilib ki, Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlara məxsus yerli valyutada emissiya olunacaq qiymətli kağızların fond birjasında listinqə çıxarılması və kütləvi təklif üsulu ilə yerləşdirilməsi ölkənin qiymətli kağızlar bazarının inkişafına və dərinləşməsinə əlavə stimul yaradacaq.

Sözügedən istiqrazlar özəl sektor üçün sərmayə qoyuluşunu dəstəkləyəcək alternativ maliyyə mənbəyi kimi çıxış edəcək. Xüsusilə də kiçik və orta biznesin inkişafı baxımından maliyyə təminatının yaxşılaşacağı güman edilir.

Xatırladaq ki, Azərbaycan qiymətli kağızlar bazarının tarixində ilk dəfə yerli valyutada beynəlxalq maliyyə institutlarının istiqrazları emissiya edilib. Qara Dəniz Ticarət və İnkişaf Bankı ilkin mərhələdə ümumi məbləği 10 milyon manat olan istiqraz buraxılışı dövlət qeydiyyatına alınıb. Növbəti bir il ərzində Qara Dəniz Ticarət və İnkişaf Bankı tərəfindən ümumilikdə 50 milyon manat məbləğində yerli valyutada istiqrazların emissiyası nəzərdə tutulur.

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri, iqtisadçı Ruslan Atakişiyev hesab edir ki, Qara Dəniz Ticarət və İnkişaf Bankının ardınca nüfuzlu beynəlxalq təşkilatlardan olan Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, həmçinin Beynəlxalq Maliyyə Korporasiyasının manatla istiqrazları Bakı Fond Birjasında emissiya etmək istəyiyi ölkəmiz üçün əlamətdar hadisədir. Onun fikrincə, beynəlxalq maliyyə institutları tərəfindən yerli bazarda buraxılacaq istiqrazlar Azərbaycanda maliyyə sabitliyinə, sahibkarlığın inkişafına dəstək olacaq, kiçik və orta bizneslərin uzunmüddətli ucuz maliyyə resurslarına çıxış imkanı təmin edəcəkdir.

 

R.Atakişiyev qeyd etdi ki, son illərdə Azərbaycanda kapital bazarına marağın artması  hiss olunur. O bu marağın artmasında SOCAR-ın buraxdığı istiqrazlardan uğurla yerləşdirilməsinin böyük əhəmiyyətinin olduğunu bildirdi. “SOCAR istiqrazlarının uğurlu nəticələri xarici maliyyə qurimlarının bu sahəyə marağını artırıb”, - deyən ekspert düşünür ki, SOCAR-ın istiqraz buraxmasının səbəblərindən biri məhz kapital, qiymətli kağızlar bazarında iqtiqazlara, onunla işləməyə marağı artırmaq, sərmayə qoyuluşunu artırmaq idi. Onun qənaətincə, xarici maliyyə qurumlarının manatla istiqraz buraxması həm də bunun nəticəsidir.

R.Atakişiyev söylədi ki, manatla istiqrazların buraxılması manatın dəyərlənməsinə, onun qüvvətlənməsinə kömək edəcək, eyni zamanda maliyyə bazarında sabitliyin təmin edilməsi baxımından əhəmiyyətli olacaq. Maliyyə institutları Azərbaycanla qarşılıqlı, strateji əməkdaşlıq etdiklərini vurğulayan ekspert bildirdi ki, strateji əməkdaşlıq çərçivəsində atılan addımlar, Azərbaycan hökumətinin bu prosesə dəstək verməsi manatla istiqraz buraxılmasına marağı artırıb: “Beynəlxalq maliyyə təşkilatlarının buradakı fəaliyyəti qarşılıqlı əməkdaşlıq, razılıq əsasında baş verir. Bir maliyyə qurumu manatla istiqraz buraxmamışdan əvvəl öz niyyətini bildirir və bu məsələdə dəstək alır. Çünki onun istiqrazlarının yerləşdirilməsi, alınması da vacibdir”.

Ekspert şərh etdi ki, manatla istiqraz yerləşdirilməsi özlüyündə Azərbaycanın maliyyə sisteminə inamın, etibarın da əlamətidir: “Xarici maliyyə institunun manatla istiqraz buraxması digər xarici maliyyə institutlarına ismarıc olacaq olacaq. Manatla istiqraz buraxılması maliyyə sistemində müsbət dinamikanın olmasının, sabitliyin, Azərbaycan manatının güvənli valyuta olmasının göstəricisidir. Gələcəkdə manatla qiymətli kağızlara sərmayələr artdıqca bu inam bir qədər də güclənəcək”.

R.Atakişiyev söylədi ki, manatla iqtiqraz buraxılması bu istiqrazı emissiya edən təşkilat üçün də iqtisadi faydası olacaq: “İstiqrazların yerləşdirilməsindən maliyyə qurumlarının gəliri olacaq. Xarici maliyyə qurumu manatla istiqraz buraxması həm də onu göstərir ki, Azərbaycanın kapital bazarındakı iştirak ona divident gətirir. Görünür, istiqrazlar üzrə faizlər maliyyə qurumlarını qane edir. Faizlər eyni zamanda Azərbaycan tərəfi üçün də əlverişlidir. Düşünürəm ki, gələcəkdə emissiya edilən istiqrazların həcmi artdıqca faiz dərəcələrində də azalma baş verəcək”

Onun fikrincə, daha çox istiqrazın buraxılması təklifi artırdığından faiz dərəcəsinin aşağı düşməsi üçün əsas yaradacaq. Ekspert bu vəziyyətdə Azərbaycan tərəfinin, sahibkarların daha ucuz vəsait əldə etmək imkanının yaranacağını dedi.

Qeyd edək ki, ilk istiqraz emissiyasının 2 il müddətinə, illik 9,25 faizlə yerləşdirilib.

 

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz