news Image
2019.09.12
09:35
| A A A
Rusiya şirkətlərinin Azərbaycana investisiya marağı artır
Fikrət Yusifov: “Son illərdə qeyri-neft sektoruna Rusiya sərmayələrinin artmasının şahidi oluruq”

Rusiya şirkətlərinin Azərbaycana investisiya marağının artması müşahidə edilir. Bu ölkənin əsas investisiya qurumlarından olan "Qazprombank" Azərbaycanda bir sıra layihələr reallaşdırmağı planlaşdırdığını ifadə edib. "Qazprombank"  üçün Azərbaycanda maliyyələşmə üçün prioritet sahələr əsasən neft, qaz və neft-qaz-kimya sahələridir.  Qurumdan verilən açıqlamada qeyd edilib ki, "Qazprombank" bu sahələrdə bir sıra iri layihələr reallaşdırıb və SOCAR-la əməkdaşlığı davam etdirməyi planlaşdırır.

Hazırda "Qazprombank" Qaradağ rayonunda inşa olunacaq qaz-kimya kompleksinin tikintisi layihəsində SOCAR-la birgə iştirak edir. Rusiya bankı Azərbaycanda "SOCAR Polymer" zavodunun tikintisinin maliyyələşdirilməsində iştirak etmişdi. Bank bu layihə üçün 489 milyon dollar kredit ayırmışdı.

Ticarət və qarşılıqlı investisiya qoyuluşları Azərbaycan-Rusiya əlaqələrinin mühüm istiqamətlərindəndir. 2019-cu ilin birinci yarısına aid olan məlumata əsasən, Azərbaycan Rusiya iqtisadiyyatına 1 milyard dollardan çox, Rusiya isə Azərbaycana 4,4 milyard dollardan artıq investisiya qoyub. Azərbaycan Rusiyanın Şimali Qafqaz regionunda əsas investorlardan sayılır. “SOCAR Polymer” layihəsi, Pirallahı Sənaye Parkında əczaçılıq müəssisəsinin yaradılması, Gəncə Avtomobil Zavodunun Rusiyanın “Kamaz” və “Ural” zavodları ilə əməkdaşlığı, “Azərmaş” və “QAZ” şirkətləri arasında birgə layihələrin reallaşdırılması qarşılıqlı investisiya qoyuluşu sahəsində önəmli layihələrdən sayılır.

Azərbaycanda təqribən 760 Rusiya kapitallı şirkət fəaliyyət göstərir. Rusiya şirkətləri Azərbaycanda həyata keçirilən layihələrdə podratçı qismində də iştirak edirlər.

Rusiyanın Azərbaycana yalnız son ilyarımda qoyduğu sərmayənin həcmi 700 milyon dollardan artıq olub. Belə ki, 2018-ci ilə qədər Rusiyanın Azərbaycana qoyduğu sərmayələrin həcmi 3,7 milyard dollar idi və son ilyarımda əlavə sərmayələr hesabına investisiyanın həcmi 4,4 milyard dollara yüksəlib.

Bəs, Rusiya şirkətlərinin Azərbaycana artan investisiya marağı nə ilə bağlıdır və bu hal şimaldan Azərbaycana maliyyə axınının daha da çoxalmasına rəvac verə biləmi? 

İqtisadçı-ekspert Fikrət Yusifov bildirir ki, Rusiya həm siyasi müstəvidə, həm də istisadi müstəvidə hər zaman Azərbaycana maraq göstərib. O xatırlatdı ki, Rusiya əvvəllər yalnız neft-qaz sektoruna maraq göstərirdi və sərmayələrini əsasən bu sahəyə yönəldirdi. Ekspert qeyd etdi ki, son illərdə qeyri-neft sektoruna da Rusiya sərmayələrinin artmasının şahidi oluruq. Onun fikrincə, Rusiya sərmayələrinin artmasının əsas səbəbi Azərbaycanda sənayeləşmə prosesinə dövlət dəstəyinin artması, vergi və gömrük güzəştlərinin tətbiqi, ölkəmizin iqtisadiyyatının və daxili bazarının böyüməsi ilə bağlıdır. Bununla bərabər ekspert söylədi ki, Azərbaycanda xarici sərmayələrin toxunulmazlığına təminatın artırılması, Rusiya investisiyasının ölkəmizdə çətinliklə üzləşməməsi şimal qonşumuzun investisiyalarının artmasına gətirib çıxarıb.

F.Yusifov dedi ki, hazırda Rusiya sərmayələrini iqtisadiyyatın əksər sahələrində görmək mümkündür.  O hesab edir ki, Rusiyanın iqtisadiyyatın bütün sahələrinə maraq göstərməsi səbəbindən gələcəkdə rus investisiyalarının həcmi artmaqda davam edəcək: “Qarşıdakı illərdə Rusiyanın Azərbaycana sərmayələrində bir qədər də artımın olacağını gözləyə bilərik. Çünki sərmayə qoyuluşu artıq iqtisadiyyatın bütün seqmentlərini əhatə etməyə başlayıb. Qida, maşınqayırma, bank-maliyyə, kənd təsərrüfatı sahələrində sərmayə qoyuluşu var. Bizim şimal regionlarımızda tərəvəz yetişdirilməsinə sərmayə qoyulur. Rusiyanın sərmayəsi ilə istixana kompleksləri salınır. Hətta Rusiya investisiyalarını biz səhiyyə sahəsində də görürük. Azərbaycanda sənaye, tikinti, ticarət, xidmət, bank, sığorta, İKT, nəqliyyat, kənd təsərrüfatı və s. sahələrdə 700-dən çox Rusiya kapitalı müəssisə fəaliyyət göstərir. İndiyədək Rusiya tərəfi Azərbaycan iqtisadiyyatına 4 milytard dollardan artıq investisiya qoyub. “SOCAR Polymer” layihəsi, Pirallahı Sənaye Parkında əczaçılıq müəssisəsinin yaradılması, Gəncə Avtomobil Zavodunun Rusiyanın “Kamaz” və “Ural” zavodları ilə əməkdaşlığı, “Azərmaş” və “QAZ” şirkətləri arasında birgə layihələrin reallaşdırılması göstərir ki, Rusiya sənayenin əksər sahələrində sərmayə qoymaqda maraqlıdır”.

Rusiyanın getdikcə Azərbaycan üçün çox münbit investora çevrilidiyin deyən F.Yusifov sərmayə qoyuluşunun artmasının ölkəmizin əlverişli coğrafi mövqeyi ilə də əlaqələndirdi. O söylədi ki, ölkəmizdən Orta Asiya bazarlarına, İrana, Gürcüstana, Türkiyə və Yaxın Şərqə məsafə yaxınlığı var. Onun fikrincə Rusiya sərmayə qoyan zaman burada açılan müəssisələrin perspektivdə ixrac imkanlarını da nəzərə alıb.

F.Yusifov Azərbaycan və Rusiyanın mədəni cəhətdən yaxın olmasının da sərmayə qoyuluşunu artırdığını düşünür: “Rus insanı, sərmayəçisi burada özünü daha rahat hiss edir. Dil, ünsiyyət problemi yoxdur, mühit onun üçün yad deyil. Buna görə də son bir neçə ildə rus turistlərinin Azərbaycana səfərlərinin sayının artımı müşahidə edilir”.

Vasif CƏFƏROV