news Image
2019.09.12
09:43
| A A A
Aqrar məhsullar üçün yeni bazarlara ehtiyaс artır
Sevgim Rəhmanov: “Yeni bazarların tapılması üçün xarici bazarların tələbinə uyğun məhsullar istehsal edilməlidir”

Azərbaycan kənd təsərrüfatının qarşısında dayanan həlli vacib məsələlərdən biri də ixracın şaxələndirilməsidir. Ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalında artım dinamikası davam edir. Dövlətin bu sahəyə göstərdiyi dəstək sayəsində həm yeni torpaq sahələri əkin dövriyyəsinə cəlb edilir, həm də elmi yanaşmanın tətbiqi ilə məhsuldarlıqda artıma nail olunur. Atılan addımlar hesabına son illərdə kənd təsərrüfatı, xüsusilə də bitkiçilik sahəsində məhsul istehsalının nəzərəçarpacaq dərəcədə artımı baş verib.

2020-ci ildən etibarən kənd təsərrüfatına dövlət dəstəyi keyfiyyətcə yeni mərhələyə qədəm qoyacaq. Subsidiya mexanizminin təkmilləşdirilməsi aqrar sahədə intensiv üsullarla istehsalın artırılmasını təşviq edəcək ki, bu da nəticə etibarilə istehsal miqdarının böyük artımına imkan yaradacaq. İstehsalın artması Azərbaycanın kənd təsərrüfatı məhsullarına olan tələbatı ödəməklə bərabər ixrac potensialını da gücləndirəcək.

İxracın artması ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasını dəstəkləyən əsas amillərdən biri kimi çıxış edəcək. Buna görə də yerli istehsalın qorunması üçün ixracın müəyyən səviyyədə qalmasını təmin etmək və hətta onu bir qədər də artırmaq vacibdir. İxracın artırılması üçünsə onun şaxələndirilməsi vacibdir.

Hazırda Azərbaycanın kənd təsərrüfatı məhsullarının əsas alıcısı Rusiyadır. 2017-ci ilə aid olan genişləndirilmiş məlumata əsasən ölkəmizdən 600 milyon dollar dəyərində kənd təsərrüfatı məhsulu ixrac edilib. Əsas ixrac məhsulu meyvə və tərəvəz olub. 2017-ci ildə 502 milyon dollarlıq meyvə və tərəvəz satılıb. İxrac olunan tərəvəzin (210 milyon dollar) 203,5 milyon dollarını və ya 97 faizini Rusiya alıb. 2017-ci ildə 292 milyon dollarlıq meyvə də satılıb. Təzə meyvənin 196 milyon dollarını, yaxud 67 faizini Rusiya alıb. Rusiyadan başqa İtaliya 51,5 milyon dollarlıq, Almaniya 19 milyon dollarlıq, Ukrayna 6,4 milyon dollarlıq meyvə idxal edib. İtaliya, Almaniya və Ukrayna Azərbaycandan əsasən qabığı təmizlənən meyvə alıb.

Digər mühüm kənd təsərrüfatı məhsulu pambıqdır. 2017-ci ildə 51 milyon dollar dəyərində pambıq ixrac edilib. Bu məhsulun əsas alıcısı Türkiyə (38,4 milyon dollar) və Rusiyadır (9,5 milyon dollar).  Statistik məlumatlar göstərir ki, Azərbaycanın ixrac etdi kənd təsərrüfatı məhsullarının əsas alıcısı Rusiya olub. Rusiya 2017-ci ildə 410 milyon dollarlıq və ya cəmi ixracın 68 faizi qədərində məhsul alıb. Bu fakt kənd təsərrüfatı məhsullarının şaxələndirilməsini və başqa böyük bazarlar tapılmasını tələb edir.

Qeyd edək ki, bu məsələyə Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda çıxışı zamanı toxunub. 2019-cu ilin yanvarında keçirilən tədbirdə çıxışı zamanı Prezident qeyd edib ki, məhsuldarlığın artırılması istiqamətində işlər görülür: “Hesab edirəm ki, bu, yaxın gələcəkdə özünü göstərəcək. Biz kənd təsərrüfatı məhsullarının ixracını artırmalıyıq. Düzdür, son 15 il ərzində kənd təsərrüfatı məhsullarının ixracı təxminən 6 dəfə artıb. Ancaq potensial da böyükdür və biz yeni bazarlara çıxmalıyıq. Ticarət evləri açılır, ixrac missiyaları göndərilir, dövlət tərəfindən sahibkarlara çox böyük dəstək verilir ki, onlar öz məhsullarını xaricdə sata bilsinlər”.

Məsələ ilə bağlı fikrini bölüşən Tacirlər və İstehsalçılar Birliyinin sədri Sevgim Rəhmanov deyir ki, yeni bazarların tapılması üçün xarici bazarlar öyrənilməli və həmin bazarların tələbinə uyğun məhsullar istehsal edilməlidir: “Bütün normal ölkələrin qida məhsulları ilə bağlı standartları var. Bu standartlara cavab verməyən məhsulu öz ölkəsinə buraxmırlar. Azərbaycan məhsullarını o standartlara uyğun istehsal etməlidir. Əgər bu standartlara cavab verən məhsullar istehsal edilməsə digər ölkələrə ixracı artıra bilmərik.

Rusiyanın setifikatlaşma məsələsinə xüsusi fikir vermir. Azərbaycan istehsalçısına Rusiya bazarı həm yaxın olduğu üçün, həm də neçə illər bir yerdə olduğumuza görə məhsul çıxartmaq asandır. Rusiyada Azərbaycan məhsullarını tanıyırlar, bilirlər ki, hansı kənd təsərrüfatı məhsulu yaxşıdır”.

S.Rəhmanov qeyd etdi ki, Avropada tələblər daha güclüdür: “Avropada sertifikatlaşma ilə bağlı tələblər var. Avropada məhsulun yetişdirilməsi zamanı dərmanlama qaydalarına nə dərəcədə əməl edilib, torpağın gübrələnməsi və s. məsələlərlə bağlı aryışlar tələb olunur. Onlar torpağın və suyun analizinin müstəqil şirkətlər tərəfindən aparılmasını, arayış alınmasını istəyirlər. Bu cür analizlərin aparılması baha başa gəlir, çünki analizlər Azərbaycanda deyil Avropada verilməlidir. Bu tələblərə Azərbaycan fermeri uyğunlaşa bilmir”.

Ekspert söylədi ki, fermerlərimiz tələblərə uyğunlaşsa, Avropaya ixracda problem olmayacaq. O Azərbaycanın istehsal etdiyi kənd təsərrüfatı məhsullarının ekoloji cəhətdən təmiz, geni dəyişdirilməyən məhsullar olduğunu və bu səbəbdən alıcı tapmaqda çətinlik çəkməyəcəyini vurğuladı. Bununla belə S.Rəhmanov ixracın artırılması, yeni bazarların tapılmasında uğurlu xarici təcrübənin öyrənilməsinin vacib olduğunu dedi: “İsrail balaca ölkədir, torpaq və su resursları azdır. Amma buna baxmayaraq hər il xaricə böyük miqdarda kənd təsərrüfatı məhsulu satır və aqrar sektordan bir ildə dövlət büdcəsinə 20 milyard dollar vəsait daxil olur. Azərbaycan uğurlu xarici təcrübəni də öyrənməlidir. Bilmək lazımdır ki, digər ölkələr kənd təsərrüfatı məhsullarının ixracını necə artırır, hansı islahatları həyata keçiriblər və s.

İxracın şaxələnməsi üçün digər bazarların kənd təsərrüfatı məhsullarına olan tələbatı öyrənilməlidir. Məsələn, pomidor istehsalını dəfələrlə artırmaq olar, amma onu ixrac edəcəyin bazar olmadan bunu etmək düzgün deyil. Deməli, ixracı artırmaq üçün ilk növbədə xarici ölkələrin hansı kənd təsərrüfatı mallarına tələbatının olduğu müəyyənləşdirilməli, sonra həmin məhsulların istehsalı həyata keçirilməlidir. Bu şətlərə əməl etməklə biz Rusiyadan kənar bazarlara da böyük həcmdə kənd təsərrüfatı məhsulu çıxarda bilərik”.

Vasif CƏFƏROV