Əlaqə Arxiv
news Image
2019.09.13
08:45
| A A A
Azərbayсanın yeni qızıl strategiyası
Vüqar Bayramov: “Ehtiyatların bir hissəsinin qızılda saxlanılması risklərin azaldılması baxımından vacibdir”

Artan geosiyasi risklər fonunda qlobal fondlar qızıl almaqda davam edir.Bu barədə Ümumdünya Qızıl Şurası məlumat yayıb. Məlumatda qeyd edilir ki, təkcə 2019-cu ilin avqust ayında qlobal fondlar bu qiymətli metala təxminən 6 milyard ABŞ dolları məbləğində investisiya edib. Qızıla ən çox investisiyanı ABŞ fondları yatırıb. Onlar 2019-cu ildə 7,4 milyard dollar dəyərində 76 ton qızıl alıb. İlin əvvəlindən Böyük Britaniya qızıl ehtiyatlarını 22 ton, Çin 10 ton, Almaniya isə 6 ton artırıb.

2019-cu ildə qızılın qiyməti mayın sonundan bahalaşmağa başlayıb. Mayın sonlarında bir unsiyasının dəyəri 1283 dollar olan qızılın qiyməti avqustun 18-də 1550 dollara qədər yüksəlib. Bu dövrdə qızılın bir qramı 41,2 dollardan 50 dollara qədər yüksəlib. Yalnız avqust ayında qızıl 7,7% bahalaşıb. Hazırda əmtəə birjalarında 1 unsiya qızılın qiyməti 1 500 dollar ətrafında dəyişir. Qızılın qıymətində sonuncu dəfə belə yüksək səviyyə 2013-cü ilin avqustunda qeydə alınıb. Belə vəziyyətdə Azərbaycan qızılla bağlı hansı strategiya yürütməlidir? Ölkəmiz qızıl alışını artırmalıdırmı?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirdi ki, qlobal iqtisadi ticarət münasibətləri fonunda qızıla tələbatın artması qeydə alınır. Bu da özünü qızılın qiymətində göstərir. O dedi ki, son bir ildə qızılın qiymətində ümumən artım tempi müşahidə edilir: “Qlobal iqtisadiyyatda olan gərginlik “təhlükəsiz liman” olan qızıla sərmayə qoyuluşunu artırıb. Bu da özünü qızılın qiymətində yüksəlməyə göstərdi. Son bir ildə qızılın qiymətində 26 faizə yaxın artım baş verib”.

V.Bayramov sentyabrda qızılın qiymətində sabitləşmənin baş verdiyini və qiymətlərin bir qədər azaldığını dedi. Buna görə də o qızıl bazarında tələbin öyrənilməsi üçün bir qədər gözləməyin vacib olduğunu bildirdi: “Avqustun son günlərindən başlayaraq qızılın qiymətində enmə baş verir. Avqustun ikinci yarısına qədər qızılın qiyməti hər unsiya üçün 1550 dollar olduğu halda, hazırda qiyməti 1500 dollar səviyyəsindədir. Buna baxmayaraq il 8 aylıq yekunlar da müsbətdir. Bu il rəzində qızılın 16 faizə yaxın bahalaşmasının şahidi oluruq. Son 10 gündə isə  qızılın qiyməti 2 faizə yaxın azalıb”.

Ekspert hesab edir ki, dünyada qızıla tələbi artıran əsas amil ABŞ-la Çin arasında olan ticarət gərginliyidir. Onun fikrincə bu vəziyyətdə Azərbaycan öz qızıl ehtiyatını qorumalıdır. V.Bayramov düşünür ki, Azərbaycan iki ölkə arasında olan iqtisadi münasibətlərin, davranışların bazara təsirini izləməklə qızıla sərmayə qoyuluşunu artıra bilər: “Qızılın qiymətində kəskin artımlar qızıla tələbi artırdı. Ağ evin Çinlə ticarət danışıqlarını oktyabrda bərpa edəcəyinə dair açıqlamaları bazara təsir göstərir və son bir ayda qızılın qiymətində azalmalara səbəb olur. Azərbaycan bu müddətdə qızıl ehtiyatlarını artıran ölkələrdən biridir. Qlobal vəziyyəti nəzərə alsaq Azərbaycan öz qızıl ehtiyatlarını qoruyub saxlamalıdır. Yaxın bir ayda qızılın qiymətini ABŞ və Çin münasibətlərindəki vəziyyət müəyyən edəcək. Əgər iki ölkə arasındakı ticarət gərginliyi qalarsa qızıl bahalaşacaq, əks halda qızılın qiymətində müəyyən qədər enmə baş verə bilər. Buna görə də Azərbaycanın bir qədər gözləməsi daha məqsədəuyğundur. Oktyabrda danışıqların gedişindən asılı olaraq qızılı bazarında volatilliyi müəyyənləşdirmək mümkün olacaq. Bütün hallarda Azərbaycan ehtiyatların bir hissəsini qızılda saxlamalıdır. Ehtiyatların bir hissəsinin qızılda saxlanılması risklərin azaldılması baxımından vacibdir. Azərbaycanın strateji valyuta ehtiyatlarında son bir ildə 4 milyard dollardan çox artmç baş verdi, ehtiyatlarımızın şaxələndirilməsi və fərqli istiqamətlərə investisiya edilməsi vacibdir. Bu iqtiqamətlərdən biri qızılın alınmasıdır. Gələcəkdə qlobal artım tempində yenidən azalmalar müşahidə edilərsə, ABŞ Çin ticarət münasibətlərində yenidən gərginlik güclənərsə yenidən qızıl ehtiyatlarımızın artırılması məqsədəuyğun olar”. 

Qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) 1 fevral 2012-ci il tarixindən etibarən qızıl alır. ARDNF London Qiymətli Metallar Bazarı İştirakçıları Assosiasiyasının (LQMBİA) market-meyker üzvü olan banklardan həmin qurum tərəfindən tətbiq edilən tələblərə uyğun olaraq 25 qızıl külçənin (10 000 troya unsiyası) həftəlik alışına başlayıb. 1987-ci ildən fəaliyyət göstərən LQMBİA Londonun qızıl və gümüş külçələr bazarındakı beynəlxalq bankları, istehsalçıları, daşıma və saflaşdırma şirkətlərini əhatə edir. Qiymət dəyişkənliyi riskinin minimuma endirilməsi məqsədilə, 30,18 ton (970 146 troya unsiyası) qızılın mərhələli şəkildə (həftələr üzrə) bərabər miqdarda bölüşdürülməklə 2 il müddətində ARDNF-nin investisiya portfelinə daxil edilməsi həyata keçirilib.

ARDNF 2018-ci ilin ikinci rübündən etibarən qızılın alışını davam etdirməyə başlayıb. 30 iyun 2019-cu il tarixinə ARDNF-nin investisiya portfelinə daxil edilmiş qızılın miqdarı 95,47 tona (3 069 414,783 troya unsiyası) çatdırılıb.

Alınmış qızılın Azərbaycana gətirilməsi Britaniyanın Brinks Qlobal Servisiz şirkəti tərəfindən həyata keçirilir.

Gətirilmiş qızıl ARDNF-nin yeni inzibati binasında müasir standartlara uyğun qiymətlilərin saxlanılması üçün nəzərdə tutulmuş xəzinədə yerləşdirilib.

 

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz