news Image
2019.09.13
08:55
| A A A
Bankların kiçik sahibkarlar üçün yaratdığı kredit problemi
İlkin Qarayev: “Kiçik sahibkarların kredit almasını çətinləşdirən əsas məsələ zəmanətlə bağlıdır”

Kiçik sahibkarların üzləşdiyi əsas çətinliklərdən biri də ucuz və lazım olan qədər kredit ala bilməmələridir. Kiçik sahibkarların əksəriyyəti bildirir ki, kredit götürmək, biznesinləri böyütmək istəsələr də, bankların kredit şərtləri onları qane etmir. Eyni zamanda banklar kiçik sahibkarlara kredit verməkdə həvəsli görünmür.

Mərkəzi Bankın 2019-cu ilin iyuluna aid olan məlumatına əsasən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə verilən kreditlərin həcmi 503 milyon manatdır. Bu göstərici 2017-ci illə müqayisədə az olsa da 2018-ci ilə nisbətən bir qədər artıb. Ötən ilin sonunda fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti göstərənlərin kredit borcu 499 milyon manat idi. Yeddi ay ərzində kiçik sahibkarların kreditləri 3 milyon manat artıb ki, bu da zəif göstəricidir.

Azərbaycan dövləti kiçik sahibkarların kredit tələbatını ödəmək məqsədilə dəstək verir. Kiçik sahibkarların Sahibkarlığa İnkişaf Fondunun xətti ilə kredit almaq imkanı var. Bundan başqa 2018-ci ildən fəaliyyət göstərən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ölkədə kiçik və orta biznesin inkişafını dəstəkləyir, onların kredit təminatının yaxşılaşdırılmasına kömək edir. Bəs, dövlətin sahibkarlara xüsusi dəstəyi fonunda kiçik sahibkarların kredit təminatı məsələsi necə həllini tapmalıdır?

Kiçik və Orta Müəssisələrin İnkişafına Yardım Mərkəzi İctimai Birliyinin rəhbəri İlkin Qarayev hesab edir ki, bu məsələnin həlli sistemli yanaşmanı tələb edir. Onun sözlərinə görə sistem xarakterli tədbirlər görülməklə kiçik sahibkarların kredit təminatını yaxşılaşdırmaq olar.  İ.Qarayev söylədi ki, kiçik sahibkarların kredit almasını çətinləşdirən əsas məsələ zəmanətlə bağlıdır: “Kiçik sahibkarların zəmanət göstərmək imkanları azdır. Bu hal özünü regionlarda xüsusilə büruzə verir. Regionlarda banklar bəzən əmlakı girov götürməkdən imtina edirlər. Banklar elə girov əmlakı istəyirlər ki, onun likvidlik səviyyəsi yüksək olsun. Sahibkarın da belə imkanı olmur. Hazırda kredit ayrılmasında girovla bağlı ciddi problem var”.

Digər məsələ kiçik sahiblkarların bizneslərinin yetəri qədər şəffaf olmamasıdır. Ekspert bu problemin sahibkarların özünün fəaliyyəti ilə bağlı olduğunu söylədi: “Banklar özəl təşkilatlardır. Kredit verəndə kredit istəyənin mailiyyə vəziyyətinə, mühasibatlığa, vergi ödənişlərinə dair sənədələri görmək istəyir. Kiçik sahibkarlarda sənədləşmə ilə bağlı vəziyyət yaxşı deyil. Bank bu sənədlərə baxmaqla sahibkların dövriyyəsi, gəlir və xərci haqqında, iadarəetmə vəziyyəti haqqında məlumat əldə etmək istəyir. Kredit verən borc alanın maliyyə vəziyyətini bilmədən ona vəsait ayıra bilməz. Kiçik sahibkarlar arasında kreditlərin geri qaytarılma vəziyyəti yaxşı deyil”.

İ.Qarayev banklarda analitik təhlil aparan mütəxəsislərin az olduğunu və bu çatışmazlığın biznes kreditlərinin ayrılması zamanı düzgün qiymətləndirmə aparmağa maneə yaratdığını vurğuladı: “Belə mütəxəsislərin sayı artırılmalıdır. Eyni zamanda sahibkarların əksəriyyətinin biznes bacarıqları, vərdişləri də aşağı səviyyədə olur. Onların aldıqları pulu təyinatı üzrə, doğru istifadə edə biləcəyinə banklar bəzən şübhə ilə yanaşır, ehtiyat edir. Bunun üçün kiçik sahibkarlar arasında maarifləndirmə işi aparılmalıdır, onlar maliyyə savadlılığı ilə bağlı təlimlərə cəlb edilməlidir”.

Ekspert bildirdi ki, hazırda KOBİ-nın kiçik sahibkarların kredit təminatı üçün layihələri var: “Kiçik sahiblkarlıq üçün daha güzəştli şərtlərlə, daha əlverişli şərtlərlə kredit vermək məsələsi öyrənilir. Sahibkarlığa Kömək Milli Fondu kiçik sahibkara kredit verir. Amma ayrılan kreditin daha çox hissəsi orta və böyük sahibkarla alır”.

Qeyd edək ki, Dünya Bankının apardığı bir araşdırmaya görə Azərbaycanda fəaliyyət göstərən banklar iri korporasiyalarla müqayisədə kiçik sahiblarlıq subyektlərinə kredit ayırmağa daha az meyillidir. Bunun əsas səbəbi kiçik sahibkarlıq subyektlərində risk profilinin daha yüksək, kreditlərin qaytarılması göstəricisinin daha aşağı olmasıdır. Kiçik sahibkarlıq subyektlərinə kreditlərin ayrılmasına belə yanaşma Azərbaycanda kiçik sahibkarların, başqa sözlə, real iqtisadiyyatın əsas hissəsinin daha sürətlə inkişafına mane olur.

Araşdırma zamanı müəyyən edilib ki, nağd pul vəsaitlərinin effektiv idarə olunması ilə əlaqədar bacarıqların aşağı səviyyədə olması, habelə peşəkar düşüncə tərzi və korporativ idarə etmənin zəif olması kiçik sahibkarlıq subyektləri üçün xarakterik cəhətlərdəndir. Bu çatışmazlıqlar banklar tərəfindən risklərin düzgün qiymətləndirilməməsi ilə nəticələnir. Əlavə olaraq, artıq kredit əldə etmiş kiçik sahibkarlıq subyektlərində qeyri-işlək kreditlərin nisbətinin yüksək səviyyədə olması və müflisləşmə ilə bağlı həll variantlarının azlığı bank sektorunun fəaliyyətinə mənfi təsir göstərir. Nəticədə, banklar kiçik sahibkarların kreditləşməsində daha az maraqlı olurlar. Bu isə kredit müraciətlərinə müsbət cavab verilməsi səviyyəsinin daha aşağı, təminat tələblərinin isə daha yüksək olması ilə nəticələnir ki, bu da kiçik sahibkarların kredit üçün müraciət etməmələrinə, yaxud da kredit əldə edə bilməmələrin əsəbəb olur.

 

Vasif CƏFƏROV