Əlaqə Arxiv
news Image
2019.09.14
07:00
| A A A
Azərbaycan-Türkiyə-Rusiya regionda yeni iqtisadi güc mərkəzinə çevrilir
Elxan Şahiboğlu: “Türkiyə və Rusiyanın yaxınlaşmasının Azərbaycana həm iqtisadi, həm də siyasi məsələlərdə faydası olacaq”

Son bir ildə ABŞ-la Türkiyə arasında siyasi və hərbi münasibətlərin pisləşməsi fonunda Türkiyə ilə Rusiyanın hərbi, siyasi və iqtisadi sahədə yaxınlaşması müşahidə olunur. Rəsmi Ankaranın və Moskvanın qəbul etdiyi qərarlar sayəsində Türkiyə və Rusiya öz regionunda iqtisadi güc mərkəzinə çevrilir. Hər iki ölkənin həyata keçirdiyi birgə layihələr, böyük ticarət əlaqələri bunun göstəricisidir.

2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 2016-cı illə müqayisədə xeyli artaraq 26 milyard dollara çatıb. Rusiya Türkiyəyə 22,3 milyard dollar dəyərində əmtəə ixrac edib. Rusiyadan Türkiyəyə turist səfərlərinin də sayı artır. 2015-ci ildə Türkiyəyə 2,84 milyon rus vətəndaşı gəlmişdisə ötən il bu göstərici 5,9 milyonda yüksəlib.

Digər tərəfdən Rusiyanın Türkiyəyə yönəltdiyi birbaşa sərmayənin də həcmi artır. 2015-ci ildə birbaşa sərmayənin həcmi 7 milyard dollar olduğu halda 2018-ci ildə birbaşa sərmayənin dəyəri 10 milyard dolları ötüb. İki ölkənin regionda formalaşdırdığı iqtisadi güc mərkəzi hər ikisi ilə yaxşı münasibətləri olan Azərbaycana da sərf edir. Azərbaycanın ayrılıqda həm Türkiyə, həm də Rusiya ilə yaxşı iqtisadi əlaqələri var. Bu əlaqələrin yeni iqtisadi güc mərkəzi fonunda bir qədər də inkişafı mümkündür.   

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, Türkiyə və Rusiyanın yaxınlaşmasının Azərbaycana həm iqtisadi, həm də siyasi məsələlərdə faydası olacaq. Onun fikrincə, rəsmi Ankaranın və Moskvanın yaxınlaşması Azərbaycana əlavə dividentlər gətirəcək: “Türkiyə ilə Rusiya strateji tərəfdaşa çevrilib. Birgə ortaq layihələr, boru xətlərinin çəkilişi, ildə 6 milyon rus turistin Türkiyədə istirahət etməsi, Rusiyanın Türkiyəyə böyük həcmdə qaz ixracı, atom elektrik stansiyasının tikintisi bu iqtisadi yaxınlaşmanın, əməkdaşlığın göstəricisidir.

Silah alışı da əməkdaşlığın dərinləşməsinin başqa bir əlamətidir. ABŞ-ın satmaq istəmədiyi «Patriot» raketlərinin əvəzində Rusiya S-400 raket komleksini Türkiyəyə satdı. Əgər ABŞ Türkiyəyə razılaşmanın əksinə olaraq F-35 təyyarələrini də satmaq istəməsə, Rusiyadan SU- 57 təyyarələrini almaq imkanı var. Rusiya artıq bununla bağlı öz təklifini verib. Faktiki olaraq iki ölkə ciddi tərəfdaşa çevrilib. İki ölkə yalnız Suriya məsələsində tam ortaq fikri ifadə edə bilmir. Bu məsələdə də Astana prosesi var və məsələləri bu proses çərçivəsində həll etmək istəyirlər”.

E.Şahinoğlu Türkiyə və Rusiya yaxınlaşmasının regonda müxtəlif layihələrdə birgə iştiraka, xüsusilə də tranzit layihələrinin həyata keçirilməsinə imkan yarada biləcəyini proqnozlaşdırır: “Rusiya ilə Türkiyə arasında olan isti münasibətlər hesabına Azərbaycanın da qoşulduğu bir sıra layihələri reallaşdırmaq imkanı yarandı. Bakı-Tiflis-Qars dəmiryol layihəsinin reallaşdırılması məhz Türkiyə ilə Rusiya arasında yaxınlaşmadan sonra mümkün oldu. Bu layihənin ideya müəllifi Türkiyə idi. Rusiya ilk vaxtlar bu layihəyə isti münasibət göstərmirdi. Çünki Rusiyadan da tranzit məqsədilə dəmiryol xətti keçir. Amma Türkiyə ilə Rusiyanın yaxınlaşmasından sonra layihənin rellaşması imkanları yaxşılaşdı.

Rusiya öz qazının bir hissəsini Türkiyə üzərindən Avropaya satmaq istəyir. Azərbaycan da Türkiyə ərazisindən istifadə etməklə Avropaya qaz satmaq istəyir. Eyni zamanda hər iki ölkə Türkiyəyə qaz satır. Müəyyən mənada Azərbaycan və Rusiyanın qaz ixracı ilə bağlı maraqları toqquşur. Bu məsələdə də Türkiyə Rusiya yaxınlaşması, isti münasibətlər problemin aradan qaldırılmasına kömək etdi. Türkiyə amili Rusiyanın bir sıra təsirlərinin qarşısını alır”.

Ekspert bildirdi ki, iki ölkənin yaxınlaşmasından sonra Rusiya Bakı-Tiflis-Qars dəmiryol layihəsindən istifadə edəcək. O, bununla bağlı Rusiyanın bəzi rəsmi şəxslərinin açıqlamasının olduğunu da dedi.

E.Şahinoğlu düşünür ki, Türkiyə və Rusiyanın siyasi, hərbi məsələlərlə yanaşı, iqtisadi cəhətdən də yaxınlaşmasının Azərbaycana siyasi faydası da ola bilər: “Hamıya bəllidir ki, Rusiyanın Ermənistana təsir imkanları böyükdür, Ermənistan faktiki müstəqil dövlət deyil. İran və Türkiyə ilə sərhəddi Rusiya qoruyur, Ermənistanda Rusiyanın hərbi bazası var, Rusiya Ermənistana ucuz qaz satır, bir sözlə bu ölkə Rusiyanın tam təsiri altındadır.

Türkiyə Rusiya ilə strateji tərəfdaşlığından faydalanaraq, regionda aktivliyini artıraraq Rusiya ilə dialoq içində Qarabağ münaqişəsinin sürətləndirmək məqsədilə Moskva ilə fikir alış-verişinə başlaya bilər. Mənim fikrimcə, Suriya məsələsi əsasən həll ediləndən sonra növbəti məsələ bizim Qarabağ məsələsi olmalıdır.

Rusiya Türkiyə ilə əməkdaşlıq çərçivəsində Ermənistana təsir edərək ilkin mərhələdə Dağlıq Qarabağ ətrafındakı işğal edilən rayonların boşaldılması prosesini sürətləndirmək olar. Bununla bağlı Azərbaycan Türkiyə ilə danışıqlar aparmalıdır. Azərbaycan Türkiyəni də danışıqlar prosesinə, münaqişənin həlli məsələsinə cəlb etməlidir”.

 

Vasif CƏFƏROV

 

 

Sizin Reklam Yeriniz