Əlaqə Arxiv
news Image
2019.09.14
09:00
| A A A
Bakı-Tiflis-Qarsa qoşulanların sayı artır
Fuad İbrahimov: “Dəmiryolu ilə daşınmanın artması onun rentabelliyini, iqtisadi səmərəliliyini artıracaq”

Özbəkistan dünya bazarlarına çıxmaq üçün Bakı- Tiflis-Qars dəmiryolundan istifadə etmək istəyir. Bunu gürcüstanlı həmkarı David Zalkaliani ilə görüşdə Özbəkistan Xarici İşlər naziri Əbdüləziz Kamilov deyib. Xarici İşlər naziri qeyd edib ki, Özbəkistan dünya bazarlarına çıxmaq üçün nəqliyyat-rabitə və tranzit infrastrukturundan, Bakı- Tiflis-Qars dəmiryolu xəttindən istifadə etməkdə maraqlıdır.

Bakı- Tiflis-Qars layihəsinə Orta Asiya respublikalarında marağın artması hiss edilir. Özbəkistandan öncə Türkmənistan da dəmir yol layihəsinə qoşulmaq istədiyini bəyan edib. Türkmənistan Bakı-Tiflis-Qars vasitəsilə müxtəlif məhsulları, əsasən enerji resurslarını dünya bazarına çıxarmağı düşünür.

2017-ci ilin dekabrında istifadəyə verilən dəmiryolu ilə artıq yük daşımalar həyata keçirilir. Bu ildən dəmiryol xətti ilə sərnişin daşınması da aparılacaq.

Bakı- Tiflis-Qars dəmir yolu Mərkəzi Asiya ölkələrinin - Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan, həmçinin Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdıracaq. Gələcəkdə Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu dəmir yoluna cəlb edilməsi hər iki istiqamətdə multimodal daşımaların həcmini artıracaq. Layihənin üçüncü istismar ilində 3-5 milyon ton, beşinci istismar ilində 6-8 milyon ton yük, bundan sonra isə ildə 3 milyon sərnişin və 17 milyon ton yük daşınacağı nəzərdə tutulur. Bu, onu göstərir ki, Azərbaycan ilə yanaşı, Gürcüstan və Türkiyə də tranzit daşımalarından yüksək gəlir əldə edəcək. Bütün bunlar Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətini, onun təhlükəsizliyini, etibarlılığını, sürət və vaxt tezliyini aydın göstərir. Bu yol istifadəyə veriləndən sonra mövcud yükdaşımalarla müqayisədə zaman fərqinin iki dəfəyədək azalması müşahidə olunacaq ki, bu da layihənin iqtisadi səmərəsini daha da artırır.

İqtisadçı-ekspert Fuad İbrahomov hesab edir ki, layihəyə Orta Asiya repsublikalarının qoşulması onlar üçün zəruri məsələdir. Ekspert dedi ki, bu region ölkələrinin coğrafi mövqeyi, xarici bazarlara, xüsusilə də Avropaya çıxış vəziyyəti onlardan Bakı-Tbilisi-Qars layihəsinə qoşulmağı tələb edir. Bu baxımdan o layihənin Azərbaycandan çox Orta Asiya ölkələrinin mənafeyinə cavab verdiyini söylədi: “Çünki həmin regionda yerləşən ölkələrin Avropa bazarlarına çıxması üçün qısa, əlverişli yol Cənubi Qafqazdan keçir. Azərbaycan da bunu nəzərə alaraq mühüm dəmiryol layihəsini reallaşdırdı. İqtisadiyyatda belə bir anlayış var ki, hər bir əməliyyatın, işin optimal variantı seçilməlidir. Yükdaşımalarda Orta Asiya ölkələri üçün optimal variant Bakı- Tiflis-Qarsdır. 

Orta Asiya ölkələri bu layihəyə qoşulmaqla özlərinin ixrac imkanlarını artıracaq, məhsulları Avropaya daha tez və daha uzuc çatdırılacaq. Eynilə əks istiqamətdə yüklərin çatdırılmasında səmərəlilik olacaq.

Onu da nəzərə almalıyıq ki, Orta Asiya iqtisadi və demoqrafik baxımından inkişaf edən regiondur. Burada hazırda ümumi əhali sayı 70 milyondan çoxdur və qarşıdakı illərdə də əhali sayında artımı davam edəcək. Eyni zamanda region ölkələrinin iqtisadiyyatı davamlı böyüyür, istehsal və ixrac-idxal potensialı artır. Perspektiv nəzərə alındığında layihə onlara böyük fayda gətirəcək”.

F.İbrahimov söylədi ki, Özbəkistan və başqa OrtaAsiya ölkələrinin layihəyə qoşulması Azərbaycanın tranzit yükdaşımalarından və sərnişin daşınmasından gəlirlərini artacaq: “Dəmiryolu ilə yük və sərnişin daşınmasının artması onun rentabelliyini artıracaq, iqtisadi səmərəliliyini yüksəldəcək. Daşımalar artdıqca bu xəttən istifadə ilə bağlı şirkətlərin, ölkələrin xərcləri azalacaq. Yükdaşıma xərclərinin ucuzlaşması bu dəhlizdən istifadəyə marağı bir qədər də artıracaq. Bakı- Tiflis-Qars dəmiryolu Orta Asiya və Çindən gələn yüklərin daşındığı yeganə xətt deyil. Azərbaycanla yanaşı Rusiyadan da keçməklə dəmiryol xətti ilə yüklər daşınır. Bakı- Tiflis-Qarsdan daha çox daşınmanın aparılması onun rəqabət qabiliyyətini artıracaq”.

Ekspert düşünür ki, tranzit xəttdən istifadənin həcminin artması Azərbaycanın investisiya cəlbediciliyi də artacaq: “Bu layihələr tanıdılma, reklam baxımından önəmlidir. Bununla yanaşı kommunikasiya boyunca istifadə edilən xidmətlərin bazarı artacaq, yeni iş yerləri yaranacaq.

Daha çox yükdaşınması Azərbaycanda digər istehsal sahələrinə sərmayə qoyuluşunu artıracaq. Adətən istehsal müəssisələrinin yaradılması ideyası ortaya çıxanda bazara yaxınlıq, nəqliyyat qovşaqlarına yaxınlıq kimi məsələlərə önəm verilir. Azərbaycandan yük və sərnişin daşınmasının artması nəqliyyat xətti böyunca yeni müəssisələrin yaradılmasını, biznes layihələrin həyata keçirilməsini stimullaşdıracaq.

Tranzit layihələrinin uğurla işləməsi Azırbaycanın bir ölkə kimi əhəmiyyətini, önəmini da yüksəldəcək. İri dövlətlər beynəlxalq transit xəttlərinin keçdiyi ölkələrdə sabitliyin olmasında maraqlı olur. Bu baxımdan Bakı- Tiflis-Qars dəmiryol xəttindən istifadənin artması həm də sabitlik üçün əhəmiyyətlidir”.

 

Vasif CƏFƏROV

 

Sizin Reklam Yeriniz