Əlaqə Arxiv
news Image
2019.09.17
09:15
| A A A
“Kölgə iqtisadiyyatı”na qarşı mübarizə sərtləşir
Qanunçuluq və şəffaflıq gücləndikcə bu mənfi iqtisadi amil aradan qalxır

Sentyabrın 13-də Bakıda “Kölgə iqtisadiyyatına qarşı mübarizə - iqtisadi inkişafın mühüm amili kimi” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Cəmiyyətin inkişafında pozucu rol oynayan bu cinayət tərkibli əməl bütün dünya ölkələrinin qarşılaşdığı mənfi haldır.  

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirmişdi ki, bu, böyük bəladır və biz bu bəla ilə bağlı çox ciddi mübarizə aparırıq. Dövlət başçısı həmçinin vergi sahəsində aparılan islahatların qanunsuz məşğulluğa son qoymalı olduğunu demişdi: “Hesab edirəm ki, icbari tibbi sığortanın tam işə düşməsi nəticəsində qanunsuz məşğulluq bir amil kimi, ümumiyyətlə, aradan qaldırılacaq. Kölgə iqtisadiyyatına qarşı mübarizə metodları kifayət qədər çoxşaxəlidir. Biz onların hamısından istifadə edirik və edəcəyik. Hər kəs başa düşməlidir ki, Azərbaycanda bütün işlər qanun çərçivəsində aparılmalıdır. Heç bir qanunsuzluğa yol verilməyəcək və hər kəs nəticə çıxarsın. Ona görə bu il də islahatların dərinləşməsi istiqamətində çox ciddi addımlar atılacaq. Bu, təkcə vergi və gömrük sahələrinə aid deyil. Eyni zamanda, sosial sahədə çox ciddi islahatlar aparılır. Bu gün onların bir hissəsi səsləndirildi. Bu sahədə də vaxtilə çox böyük pozuntular, ədalətsizliklər olub. Bütün bunlar indi aradan qaldırılır və bu sistem də vətəndaşlara tam ədalətli xidmət edəcək”.

Builki tədbirdə iştirak edən dövlət və özəl qurumların, qeyri-hökumət təşkilatlarının, elm və təhsil müəssisələrinin, sahibkarların və xarici ölkələrin nümayəndələri iqtisadi inkişafın mühüm amili kimi dəyərləndirilən şəffaflığın artırılması və hesabatlılığın yüksək səviyyədə qurulması, kölgə iqtisadiyyatına qarşı mübarizənin forma və metodları, maliyyə hesabatlılığı sahəsində qabaqcıl xarici təcrübənin tətbiqi istiqamətləri, maarifləndirmə və əməkdaşlıq sahəsində xarici mütəxəssislərin iştirakı ilə müzakirələr aparıb, kölgə iqtisadiyyatının azaldılmasına dair tövsiyələr hazırlanıb.

Kölgə iqtisadiyyatının mövcudluğu vergilərdən yayınmaqla bitmir, rəqabətdə haqsızlığa, dövlətin maliyyə mənbələrinin şəxsi mənfəətə xidmət etməsinə, ölkənin iqtisadi təhlükəsizliyinin zəifləməsinə birbaşa təsir edir. Bu, çirkli pulların yuyulmasında, narkotk ticarətinin intişarında, əhalinin fiziki və mənəvi sağlamlığının korlanmasında ciddi rol oynayır.

Azərbaycanda “kölgə iqtisadiyyatı” müxtəlif növ mənfi amillərin yaranmasına kömək edir. Bu problemin həllində ciddi irəliləyiş əldə edilsə də, hələ də nöqsanlar qalır və buna görə də mübarizə davam edir.  “Kölgə iqtisadiyyatı”nın miqyaslarının azaldılması üçün ölkənin vergi xidməti ciddi səylər göstərir, uçot sisteminin bərpası üçün sahibkarlara təlimatlar verilir, geniş maarifləndirmə işləri aparılır. Bəzi sektorlarda, xüsusilə aksizli malların istehsalı və satışı, tibbi xidmət sektoru, ticarət obyektləri şəbəkəsi kimi sahələrə nəzarət artırılır. Vergi sistemində aparılan islahatların bu sahədə qayda-qanun yaradılmasına əsaslı təkan verib. Artıq çox adam başa düşür ki, qanunlar çərçivəsində fəaliyyət göstərməkdən faydalı yol yoxdur.

Görülən tədbirlərin nəticəsidir ki, ildən-ilə vergi yığımlarında artım baş verir. Bu həm yeni iş sahələrinin yaradılması, həm də dizli istehsalların şəffaflaşdırılması hesabına artan ödəmələrdən yaranır. Yenə ödəmə mənbələrinin təhlili göstərir ki, artımlar qeyri-neft sektorunun hesabına baş verib və iqtisadiyyatın ayrı-ayrı sektorlarında baş vermiş aşkarlıq faktları bu işdə həlledici olub. Biznesin leqallaşma prosesi daha çox ticarət, ictimai iaşə və xidmət sektorunda müşahidə olunub. ƏDV ödəyicilərinin sayında, ƏDV-yə cəlb olunan dövriyyələrdə, həmçinin qeyri-neft sektorunun dövriyyələrində artım dinamikasının iqtisadiyyatda xəlvətilik sindromuna ağır zərbə vurub. “Kölgə iqtisadiyyatı” ilə mübarizə fonunda ötən ilin yekunu üzrə iri topdansatış müəssisələrində 930 milyon manat, şəbəkə sistemli marketlərdə 122 milyon manat, özəl tibb müəssisələrində isə 230 milyon manatdan artıq dövriyyələrin gizlədilməsi faktları aşkarlanıb və vergiyə cəlb edilib. “Kölgə iqtisadiyyatı”nın aradan qaldırılması dövlətin iqtisadi siyasətinin  prioritetlərdən biridir.

N.NOVRUZ

Sizin Reklam Yeriniz