Əlaqə Arxiv
news Image
2019.09.17
08:20
| A A A
Texniki bitkilər Azərbayсana daha çox pul qazandırır
Artıq pambıq və tütün Azərbaycana böyük valyuta gətirir

Azərbaycanda son illərdə texniki bitkilərin istehsalında və ixracında artım müşahidə edilir. 2016-cı ildən başlayaraq texniki bitkilərin əkin sahəsində nəzərəçarpacaq artım var.

Ölkəmizdə bu sahə yaxın illərə qədər böhran keçirən kənd təsərrüfatı sahələrindən biri idi. 2015-ci ildə texniki bitkilərin əkin sahəsi 38,7 min hektara qədər azalmışdı ki, bu da son onilliklərin ən pis göstəricisi idi. Lakin 2016-cı ildən vəziyyət dəyişdi və texniki bitkilərin əkini genişləndi.

Əkin sahələrinin genişlənməsi prosesi təsdüfdən yaranmadı. Azərbaycan hökuməti sahənin əhalinin məşğulluğunda, yüngül və yeyinti sənayesinin xammalla təminatında mühüm rol oynamasını nəzərə alaraq texniki bitkilərin becərilməsinə dövlət dəstəyini artırdı. Əvvəl də bu sahəyə dövlət tərəfindən dəstək verilirdi, subsidiya ayrılırdı. Ancaq texniki bitkilərin əkin sahələrinin və istehsalının genişləndirilməsi məqsədilə daha geniş dəstəyə ehtiyac var idi və 2015-ci ildən dövlət bunu təmin etdi. 2016-cı ildə texniki bitkilərin əkin sahəsi 2 dəfədən çox artaraq 73,6 min hektara çatdı. 2017-ci ildə əkin sahələrində böyümə daha 2,45 dəfə artaraq 181 min hektara yüksəldi.

Texniki bitkilərin əkin sahələrinin sürətlə böyüməsi əsasən pambıq əkinin genişlənməsi ilə bağlı oldu. 2015-ci ildə ölkəmizdə pambıq əkilən sahələr 18,7 min hektara qədər azalmışdı. Bu ildən pambıq istehsalçılarına verilən subsidiya artırıldı, pambığın alış qiyməti yüksəldildi. Suvarma, texnika ilə təminatla əlaqədar məsələlərin həlli sürətləndirildi. Nəticədə pambıq əkilən sahələr 2016-cı ildə 51 min hektarı, 2017-ci ildə 136 min hektarı ötdü. 2018-ci ildə pambıq 132,7 min hektar sahədə əkildi. Ötən il pambıq əkilən sahə bir qədər kiçilsə də yığılan məhsul artdı. 2017-ci ildə 207,5 min ton pambıq istehsal edildiyi halda, 2018-ci ildə istehsal 233,6 min tona çatdırıldı. Çünki ötən il pambıq sahələrində əldə edilən məhsuldarlar yüksəldildi.

Azərbaycanda əkin sahəsi ən böyük olan texniki bitkilərdən biri də şəkər çuğundurudur. 2015-ci ildə 4,9 min hektar sahədə şəkər çuğunduru əkilmişdi. 2016-cı ildə şəkər çuğundurunun əkin sahəsi 7,06 min hektara, 2017-ci ildə 14 min hektara qədər artdı. 2018-ci ildə şəkər çuğundurunun əkin sahəsi xeyli azalaraq, 8,5 min hektara düşdü. Bu məhsul növündə də istehsalın artırılmasında innovativ üsullardan istifadə genişlənməkdədir. Yəni, istehsalı artırmaqda əkin sahələrini böyütməklə deyil, məhsuldarlığı artırmaqla nail olmaq hədəfi qarşıya qoyulub. 2017-ci ildə hər hektardan 316 sentner məhsul toplandığı halda görülən tədbirlər sayəsində 2018-ci ildə məhsuldarlıq 350 sentnerə yüksəlib.

Mühüm texniki bitkilərdən biri tütündür. Bu məhsul növündə də əkin sahələrində böyümə müşahidə edilir. 2015-ci illə müqayisədə əkin sahələri böyüdülərək 2016-cı ildə 2,36 min hektara, 2017-ci ildə 3,2 min hektara, 2018-ci ildə 3,3 min hektara çatdırıldı. Burada da məhsuldarlıq artırılmaqdadır. 2018-ci ildə məhsuldarlıq 2,4 sentner artırılaraq 1,9 sentnerə çatdırılıb.

Hazırda ölkəmizdə yuxarıda adı çəkilən 3 növdə texniki bitkinin əkini və istehsalı genişlənməkdədir.

Bu növ bitkilərin istehsalının artması Azərbaycana böyük məbləğdə valyuta da gətirir. 2016-cı ilə qədər kənd təsərrüfatı məhsullarının ixracında əsas məhsullar meyvə və tərəvəz idi. Lakin 2016-cı ildən pambıq da ixrac olunan və böyük valyuta gətirən əsas kənd təsərrüfatı məhsullarından birinə çevrilib.

2015-ci ildə ölkəmizdən 19 milyon dollarlıq pambıq ixrac edildiyi halda 2016-cı ildə ixrac göstəricisi 24 milyon dollara, 2017-ci ildə 48,3 milyon dollara, 2018-ci ildə 103 milyon dollara yüksəldi. Ötən il 700 milyon dollar dəyərində kənd təsərrüfatı məhsulu ixrac edildiyini nəzərə alsaq ümumi ixracın 14,7 faizi pambıq ixrtacının payına düşüb. 2019-cu ilin ilk 7 ayının nəticələrinə əsasən pambıq ixracı  82 milyon dolları ötüb. İlin sonunda pambıq ixracında yeni rekord proqnozlaşdırılır.

Pambıqla bərabər tütün ixracında da artım müşahidə olunur. 2015-ci ildə 7,4 milyon dollarlıq tütün ixrac edən Azərbaycan ötən il bu məhsulun satışından 13 milyon dollar qazanıb. Ümumilikdə ötən il texniki bitkilərin ixracından Azərbaycanın gəliri 120 milyon dollara yaxın olub.

Qeyd edək ki, məhsulundan sənayedə xammal kimi istifadə edilən bitkilər texniki bitkilər hesab olunur. Texniki bitkilərin bəzilərindən ikitərəfli istifadə etmək mümkündür. Pambıq, kətan, çətənə kimi lifli bitkilərin həm lifindən istifadə edirlər, həm də onlardan yağ istehsal edirlər. Pambığın çiyidindən heyvandarlıqda yem kimi də istifadə etmək olur. Şəkər çuğunduru, şəkər qamışı, biyan və s. kimi texniki bitkilərdən də yem maddəsi kimi istifadəsi mümkündür. Bunlardan başqa günəbaxan, soya da önəmli texniki bitkidir.

Bu bitkilər yüngül və yeyinti sənayesinin inkişafında mühüm xammal bazası rolunu oynayır. Buna görə də teniki bitkilərin əkininin və istehsalının artması yüngül və yeyinti sənaye sahələri ilə birbaşa bağlıdır. Azərbaycanda dövlətin dəstəyi ilə Mingəçevirdə bir neçə tekstil sənaye müəssisənin yaradılmasından sonra pambıqçılığın daha güclü inkişaf edəcəyi gözlənilir. 2022-ci ildə ölkəmizdə 500 min tona qədər pambıq istehsalı planlaşdırılır ki, bu da dünya üzrə yüksək göstəricilərdən sayılır.

 

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz