Əlaqə Arxiv
news Image
2019.09.17
08:43
| A A A
Neft bazarında böyük çaxnaşma
Zəfər Vəliyev: “Yaxın Şərqdə vəziyyət kritik həddə çatacağı təqdirdə, neftin qiymətində sıçrayışlı bahalaşma baş verə bilər”

Ötən həftə sonu əsas neft hasilatçılarından biri olan Səudiyyə Ərəbistanındakı bir neçə neft qurğusunun dronlarla partladılması dünya bazarında neftin qiymətinin xeyli dərəcədə bahalaşmasına səbəb olub. Neft kəskin bahalaşıb və qiymətlərin maksimum artımı 19% təşkil edib. Məlumata görə, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti bir barrel üçün 71,62 dollara qədər bahalaşıb.Son məlumatlara görə, neftin bahalaşması davam etməkdədir və bazarda ciddi təşviş hökm sürür. Çünki Səudiyyə Ərəbistanının neft hasilatı və ixracını nə vaxt bərpa edəcəyi bilinmir. Bu isə bazarda neftlə bağlı ajiotajı böyüdür.

Neft-qaz məsələləri üzrə mütəxəssis Zəfər Vəliyev bildirdi ki, Səudiyyə Ərəbistanında baş verən hadisənin neft bazarına təsiri baxımından ciddi əsaslar olmamalıdır: “Səudiyyə Ərəbistanının şərq sahillərindəki neft infrastrukturuna dron hücumunun nəticəsinin nə dərəcədə ciddi olduğu barədə hələlik dəqiq məlumat yoxdur.  Bu ölkənin əsas neft yataqları da Fars körfəzi, Hörmüz boğazına yaxınlıqda olan şərq sahillərindədir. Məlumatlar gəzir ki, bu fonda Səudiyyə sutkalıq neft hasilatını yarıbayarı azaldıb və 5 milyon barrelə endirib.

İddia edirlər ki, olay həm emal güclərinin iş ahənginə, həm ixrac həcminə ciddi təsir edəcək. Ancaq hesab edirəm ki, bunların ciddi əsası yoxdur. Əl-Riyad rəsmiləri bəyan etdi ki, ixrac həcmində ciddi dəyişiklik olmayacaq. Səudiyyənin həm ölkə daxilində, həm də kənarda neft bazarlarını mütəmadi olaraq neftlə təmin etməsi üçün stasionar neft anbarlarında kifayət qədər sərbəst həcmləri var. Səudiyyənin kommersiya təyinatlı neft ehtiyatı 188 milyon barrel civarında qiymətləndirilir. Onun bir hissəsi Səudiyyə Ərəbistanı daxilindəki terminallarda, yerdə qalan hissələr isə Misir, Niderlandın Roterdam və Yaponiyanın Akinava terminalında saxlanılır. Yəni Əl-Riyad olaya baxmayaraq hələ də geniş ehtiyata malikdir. Baş vermiş qəza Səudiyyə Ərəbistanı daxilində neft məhsulu təminatına və istilik elektrik stansiyalarının xam neftə olan tələbatına  heç bir təsir göstərməyəcək”.  

Bu fonda ekspert düşünür ki, neftin qiymətində bahalaşma istiqamətində ciddi sıçrayışların olmasına elə də real əsaslar yoxdur: “OPEK daxilində də sərbəst hasilat gücləri də mövcuddur. OPEK-in sutkalıq sərbəst hasilat gücü 2,5 milyon barreldir ki, onun da 1,2 milyon barreli Səudiyyənin payıdır. Səudiyyədə yaxın bir həftədə ixracda azalma baş verərsə, onu İraq, Küveyt və Birləşmiş Ərəb Əmirliklərindən ixrac həcmləri vasitəsilə kompensasiya etmək mümkün olacaq”.

Zəfər Vəliyevin fikrincə, yalnız Yaxın Şərqdə vəziyyət kritik həddə çatacağı təqdirdə,  neftin qiymətində sıçrayışlı bahalaşma baş verə bilər: “Ola bilər Fars Körfəzində, Yaxın Şərqdə vəziyyət gərginləşsin, bu halda hadisənin neftin qiymətinə ciddi təsirləri olacaq. Bir gündə Hörmüz boğazı vasitəsilə dünya bazarına 17 milyon barrelə yaxın xam neft, 3 milyona yaxın sıxılmış təbii qaz, 5-6 milyon barrelə qədər neft məhsulu daşınır. Yaxın Şərqdə vəziyyət gərginləşəcəyi halda isə yaranmış vəziyyət birbaşa həm Hörmüz boğazından ixrac həcminə, həm Qırmızı dəniz vasitəsilə Aralıq dənizinə çıxarılan hasilata təsir edəcək. Ancaq bu baxımdan Fars körfəzində gərginliyin pik nöqtəyə çatacağını düşünmürəm. Çünki bu dünyanın indiki geosiyasi vəziyyətinə adekvat addımlar deyil. Digər tərəfdən, Səudiyyənin neft yataqlarına dron hücumunun nə dərəcədə doğru olduğunu da deyə bilmərik. Çünki informasiya hələlik dəqiq təsdiqini tapmayıb. İran bundan xəbərinin olmadığını bildirir və iddia edir ki, dron hücumu İraq ərazisindən baş verib. ABŞ isə dron hücumunun Yəməndən atıldığına inanmır. Çünki Yəmənlə dron hücumuna məruz qalan enerji rayonu arasında böyük məsafə var.

Bütün bunlara əsaslanaraq Z. Vəliyev qeyd etdi ki, baş verən olay sadəcə, qısa müddətli ajiotaj yaratmaqla keçib gedəcək: “Hadisənin neftin qiymətinə ciddi təsirləri olmayacaq. Sadəcə, bu hal qısa müddətli ajiotajdır.  Qısa zamandan sonra məsələ öz həllini tapacaq. Səudiyyə Ərəbistanı, BƏƏ və Küveyt daxilində həm də xam neftə olan tələbat aşağı düşüb”.

R. SOLTANOV  

 

Sizin Reklam Yeriniz