news Image
2019.09.17
09:42
| A A A
Nağdsız əməliyyatlardan qaçanlar
Ruslan Atakişiyev: “Elektron qaydada pul vəsaitlərindən istifadə etmək vərdişi daha çox gənclərdə inkişaf edib”

Azərbaycanda bank hesablarında olan pul vəsaitlərinin nağdlaşdırılması hələ də yüksək səviyyədədir. Bu haqda açıqlamanı ötən həftə Bakıda “Kölgə iqtisadiyyatına qarşı mübarizə - iqtisadi inkişafın mühüm amili kimi” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransında çıxışı zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

V.Gülməmədov qeyd edib ki, pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə Vergi Məcəlləsinə uyğun olaraq vergi tutulur. O 2019-cu ildə pul vəsaitlərinin nağdlaşdırılmasına görə tutulan verginin məbləğinin ötən ilin eyni dövrü ilə müqayisədə xeyli dərəcədə artdığını vurğulayıb. Palata sədri bildirib ki, 2018-ci il üçün 29,2 milyon manat nağdlaşdırma vergisi tutulduğu halda, bu ilin yalnız ilk yarısında 19,4 milyon manat vergi toplanıb. Onun sözlərinə görə, ötən ilin ilk yarısı ilə müqayisədə nağdlaşdırılan vəsaitlərin həcmi 26,7% artıb. V.Gülməmədov hesab edir ki, bu fakt ölkə üzrə real sektorda nağd əməliyyatların həcminin yüksək olduğunu əks etdirir: “Bu vəsaitlərin nağd qaydada bank hesablarından çıxarılmasına görə ödənilən verginin də 2019-cu il üçün proqnozu 2018-ci ilin icrasından təxminən 2 dəfəyə yaxın artıq həcmdə müəyyən edilib. Bu da ölkə üzrə real sektorda nağd əməliyyatların həcminin yüksək olduğunu əks etdirir. Digər tərəfdən, nağdsız ödəniş infrastrukturunun əsas göstəriciləri 2019-cu ilin yanvar-iyun aylarında müəyyən artımla müşahidə olunub. Kölgə iqtisadiyyatı dövlət vəsaitlərinin xərclənməsində daha gizli xarakter daşıyır və xüsusi iqtisadi-hüquqi təhlil metodlarından daha geniş istifadəni tələb edir".

Azərbaycanda qeyri-nağd əməliyyatlarını artırmaq məqsədilə dövriyyə buraxılan ödəniş kartlarının sayında artım davam edir. Yalnız bu il ərzində ödəniş kartlarının sayı 621 min ədəd və ya 9,53 faiz artaraq 7,132 milyon ədədə yüksəlib. Ödəniş kartlarının 90 faizə qədərini debet kartlar, yəni əməkhaqqı, sosial və digər kartlar təşkil edir. Kredit kartlarının sayında isə əksinə azalma var. Bu il ərzində kredit kartlarının sayı 81 min ədəd azalaraq 779 min ədədə enib.

Statistika göstərir ki, real sektordakı əməliyyatlarla yanaşı fiziki şəxslərin əməliyyatlarında da nağdlaşdırma payı yüksəkdir və burada artım davam edir. 2019-cu ildə plastik kartlar vasitəsilə aparılan əməliyyatların əsas hissəsini pul vəsaitlərinin nağdlaşdırılması təşkil edir və bu göstərici ilk 7 ayda bir qədər də artıb. 2018-ci ilin dekabrında 1,44 milyard manat plastik kartlar vasitəsilə nağdlaşdırıldığı halda 2019-cu ilin iyulunda nağdlaşdırılan vəsaitin həcmi 1,636 milyard manata yülsəlib. Yeddi ay ərzində nağdlaşdırılan vəsaitin məbləği 13,6 faiz artıb.

Bu dövrdə plastik kartlar vasitəsilə qeyri-nağd əməliyyatların da həcmi artıb. Cari dövrdə qeyri-nağd əməliyyatların həcmi 37 faiz artaraq 400 milyon manata çatıb. Qeyri-nağd əməliyyatlarda artım sürətinin daha böyük olduğu görünür. Amma əməliyyatların ümümi həcminin çox hissəsini nağd əməliyyatlar təşkil edir.

Nağd əməliyyatların həcminin çox olmasını

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Ruslan Atakişiyev bir neçə səbəblə izah etdi. Onun sözlərinə görə birinci səbəb vərdişlə bağlıdır: “Pensiya və müavinətlər verilən zaman bankomatların qarşısında növbə yaranır. Növbəni yaradan səbəb elektron qaydada köçürülən pul vəsaitinin nağdlaşdırılma istəyidir. Halbuki mövcud imkanlar kart hesabında olan vəsaitlərdən elektron qaydada istifadə etmək imkanı yaradır.

Mən bir dəfə bir mağazada yaşlı adamın kartından çıxartdığı 100 manatlıq əsginazı xırdalamaq istədiyini gördüm. O, 100 manatlıq əsginazı heç bir mağazanın xırdalamaq istəmədiyindən gileyləndi. Mən ona bildirdim ki, kartın özü vasitəsilə ödəniş etmək imkanınız var, pulu kartdan çıxartmağınıza ehtiyac yoxdur.

Elektron qaydada pul vəsaitlərindən istifadə etmək vərdişi daha çox gənclərdə inkişaf edib. Gənclərimiz informasiya kommunikasiya texnologiyaları (İKT) dövründə yaşadığından, təhsil aldığından onlar yeniliklərə tez bir zamanda uyğunlaşa bilir. Amma yaşlı insanlar İKT adaptasiya olmaqda çətinlik çəkir. Ona görə də onlar nağd üsulla əməliyyatlara üstünlük verirlər”.

Ekspert deyir ki, nağdsız ödənişlərin zəif inkişaf etdirən digər səbəblər psixoloji amillər və POS-terminalların azlığıdır: “İkinci mühüm səbəb psixoloji amillərlə bağlıdır. Psixoloji cəhətdən insanlar belə qənaətə gəlirlər ki, pul yalnız cibdə olduqda onun sahibi olurlar.

Nağdsiz əməliyyatlara mənfi təsir edən üçüncü mühüm məsələ POS-terminalların sayının azlığıdır. Bakıdan kənar rayonlarda bu cür qurğulara az-az rast gəlinir. POS-terminallar daha çox Bakının mərkəzində quraşdırılıb. Bakının kənarına getdikdə POS-terminallardan istifadə ilə bağlı fərqi görmək olur. Ticarət və iaşə müəssisələrində POS-terminallar olmadıqda əhali məcbur qalıb nağd ödənişlərdən istifadə edir.

Amma Avropada hətta kənd təsərrüfatı malları satılan yerlərin bir çoxunda POS-terminalla ödəniş etmək olur. Azərbaycan bunu hələ iri ticarət müəssisələrində, iaşə obyektlərində tam təmin edə bilməyib. Hazırda kartlarla ödənişi məhdud sayda ticarət və xidmət sektorunda etmək mümkündür”.

R.Atakişiyev pulun nağdlaşdırılmasını çətinləşdirmək üçün vergi tətbiqinin  əleyhinədir: “Pul bankdan çıxarılaraq nağdlaşdırılanda 1 faiz vergi tutulur. Mən təklif edirəm ki, bu vergi növü ləğv edilsin. Bu verginin tətbiqinin mənası yoxdur. Pul vəsaitlərinin nağdlaşdırılması zamanı məhdudiyyət tətbiq edilir. 15 min manatdan artıq vəsaiti nağdlaşdırmaq olmaz. Məhdudiyyət olduğu halda əlavə verginin qoyulmasının heç bir mənası yoxdur”.

Vasif CƏFƏROV