Əlaqə Arxiv
news Image
2019.09.20
09:19
| A A A
Maye qazın qiymətində mühüm yenilik
Zəfər Vəliyev: “Əgər maye qazın topdansatış qiyməti sərbəst buraxılsa, bu, pərakəndə satış qiymətinə də təsir edəcək”

Nazirlər Kabineti “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”na dəyişiklik edib. Dəyişikliyə əsasən, siyahının 3-cü hissəsində “Təbii qaz” sözləri “Təbii qazın boru kəmərləri ilə nəqli, topdan və pərakəndə satışı” sözləri ilə əvəz edilib. Həmçinin dəyişikliyə əsasən, siyahının 4-cü (Maye qaz (topdansatış)) və 11-ci (Təbii qazın boru kəmərləri ilə nəqli, saxlanması və paylanması xidmətləri) hissələri ləğv edilib.

Bu dəyişikliklə maye qazın dəyərinin müəyyənləşdirilməsi sərbəst buraxılıb. Belə vəziyyətdə maye qazın qiyməti ilə bağlı hansı dəyişiklik gözləmək olar?

Neft-qaz sahəsi üzrə ekspert Zəfər Vəliyev maye qazın qiymətinin sərbəst buraxılmasına inanmır. O qeyd etdi ki, Azərbaycanda istehsal edilən və kütləvi istehlak üçün nəzərdə tutulan bütün neft məhsullarının qiyməti Tarif Şurası tərəfindən müəyyən edilir. Ekspert bildirdi ki, maye qaz “sosialyönümlü” yanacaq növüdür və əhalinin bir hissəsi bu qazdan mütəmadi istifadə edir. Onun fikrincə, əgər bu məhsulun qiymətini bazar müəyyən edərsə yəqin ki, maye qaz bahalaşacaq.

Z.Vəliyev ölkəmizdə maye qazın bir növünün istehsal edildiyini və mövcud istehsalın həcminin az olduğunu da bildirdi: “Son illərdə respublikanın rayonlarında maye qazın çatışmazlığı müşahidə olunur. Qərb regionunda LPG kimi tanınan maye qazdan istifadə səviyyəsi yüksəkdir, amma maye qazla təminat zəifdir, çatışmamazlıq var. Alternativ yanacaq markası olmadığına görə maye qazdan istifadə edənlər əziyyət çəkir. Düzdür, CNG markalı sıxılmış qazdan istifadə ilə bağlı təkliflər var. Amma CNG-nin bütün ölkə üzrə satışını təşkil etmək mümkün olmayıb.

Maye qazın böyük hissəsi sənaye məqsədilə satılır. Düşünmürəm ki, bunun qiymətinin dövlət tərəfindən tənizmlənməsi kənara qoyulsun. Maye qazın qiyməti sərbəst buraxılarsa, bahalaşma olacaq. Azərbaycanda bütün neft məhsullarının ölkədaxilində satış qiymətini dövlət müəyyənləşdirir. Yalnız Ai-95 və Ai-98 avtomobil benzinin qiymətini bazar müəyyənləşdirir. Azərbaycan bu məhsulları istehsal edə bilmir. Buna görə də xaricdən alınaraq gətirilir ki, bu halda da xarici qiymətlər əsas götürülür. Xaricdə qiymətlər yüksələndə Azərbaycanda da qiymətlər artır.

Əgər maye qazın topdansatış qiyməti sərbəst buraxılsa, bu, pərakəndə satış qiymətinə də təsir edəcək. Onsuz da qaz çatışmazlığı var. İstehsal güclərimiz həm pərakəndə, həm də sənaye seqmentinin tələbatını ödəyə bilmir. Daxili tələbatı ödəmək üçün hökmən idxal məhsulundan istifadə ediləcək. Onda da idxal edilən avtomobil benzinində olduğu kimi maye qaz qiymətlərində də artım ehtimalı yaranacaq və yəqin ki, bu belə də olacaq. Amma o da mümkündür ki, hökumət idxal zamanı alınan rüsum və vergini azaltmaqla qiymət artımını tənzimləyə bilər. Bunlar edilməsə idxal məhsulları bahalaşacaq”.

Ekspert söylədi ki, son illərdə maye qaza artan tələb onun yerli istehsal hesabına təmin edilməsini çətinləşdirib: “Maye qaz yüngül karbohidrogenlərin yüksək təzyiqlə sıxılmış, maye halına salınmış bir formasıdır. Maye qazlar 3 markada olur – texniki butan, texniki propan və butan-popan fraksiyası. Azərbaycanda yalnız texniki butan istehsal edilir. Bunun bir hissəsi Bakı Neft Emalı Zavodunda, bir hissəsi də Qaz Emalı Zavodunda istehsal olunur. Əvvəllər istehsal edilən qazın böyük hissəsi pərakəndə satış seqmentinə yönəldilirdi, əlavə hissənin bir qismi kimya zavodlarına göndərilirdi. Qış mövsümündə tələbatdan artıq olan hissə ya Əfqanıstana, ya da Türkmənistana satılırdı.

İndi pərakəndə satış məntəqələrində maye qazın satışı azaldılıb. Məhsulun çox hissəsi kimya zavodlarına göndərilir. Mənim fikrimcə ilk növbədə diqqət pərakəndə satışa yönəldilməlidir, sonra diqqəti sənayeye yönəltmək olar. Çünki son illərdə avtonəqliyyat vasitələrində maye qazdan istifadə səviyyəsi xeyli yüksəlib. Bunların hər ikisi bir-birilə vəhdət təşkil etməlidir”.

 

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz