Əlaqə Arxiv
news Image
2019.09.21
08:00
| A A A
Azərbaycan Qafqazda Çinin əsas strateji tərəfdaşına çevrilir
Elman Nəsirov: “Bakı ilə Pekin arasında əlaqələrin möhkəmlənməsində hər iki ölkənin fundamental məsələlərdə ortaq mövqedən çıxış etməsi mühüm rol oynayıb”

Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin Sədri Li Canşu Azərbaycana rəsmi səfərə gəlib. Çindən gələn yüksək rütbəli rəsmi şəxs Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul olunub.

Ümumiyyətlə, görünən odur ki, dünyanın əsas supergüclərindən biri olan Çinin Azərbaycana səfərləri intensivləşib. Belə ki, təxminən bir ay əvvəl Çinin siyasi-iqtisadi yöndə fəaliyyət göstərən bir sıra təmsilçiləri də Bakıda səfərdə oldular. Həmin vaxt ölkəmizə Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının nümayəndələri gəlmişdi.

Bu səfərlər fonunda iki ölkə arasında yeni-yeni razılaşmalar, müqavilələr imzalanıb. Bir sözlə Bakı ilə Pekin arasında əlaqələr möhkəmlənir. Bunu şərtləndirən səbəblər nədir və belə vəziyyət Azərbaycana nə vəd edir?

Milli Məclisin deputatı, parlamentin Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Elman Nəsirov bildirdi ki, Bakı ilə Pekin arasında əlaqələrin güclənməsində hər iki ölkənin fundamental məsələlərdə ortaq mövqedən çıxış etmələri mühüm rol oynayıb: “Son dövrlər Azərbaycanla Çin arasında münasibətlər dinamik inkişaf tempinə malikdir. Hər iki dövlət Çinin çöhtəşəm layihəsi olan “Bir kəmər, bir yol” layihəsində yaxından iştirak edir. Xüsusən də iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı sahəsində geniş imkanlar mövcuddur.

Ulu Öndər Heydər Əliyevin ilk səfərlərindən biri məhz Çinə olmuşdu. Eyni zamanda, prezident İlham Əliyev Cənubi Qafqazdan Çinin “Bir kəmər, bir yol” layihəsinə dəvət alan yeganə lider olub. Bunu Bakıda olarkən Çin nümayəndə heyəti də qeyd edib.

Fundamental məsələlərdə Pekinlə Bakı ortaq mövqedən çıxış edir. Ölkəmiz üçün fundamental məsələ ərazi bütövlüyü məsələsidir. Azərbaycan vahid Çin ideyasını dəstəkləyir. Anoloji olaraq Pekin də birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünə dəstək verir. Bu da iki dövlətin mövqeyini siyasi baxımdan yaxınlaşdıran həlledici amildir. Çin dünyanın nəhəng iqtisadiyyatına malikdir, bu sahədə ABŞ-a rəqib olan bir dövlətdir.

Çin üçün Azərbaycanın, xüsusən də iqtiadi rolu mühüm əhəmiyyət kəsb edir. Nəzərə alsaq ki, Çin enerji ehtiyatlarının kasad olduğu ölkələrdəndir, bu baxımdan Bakı ilə Pekinin enerji təminatı sahəsində əməkdaşlığı üçün də yaxşı perspektivlər var. Təkcə neft deyil, qeyri-neft sahəsində də əməkdaşlıq üçün potensial imkanlara maliyik. Xüsusən də turizm sahəsində əlaqələrin inkişafı nəzərdən keçirilən məsələlər sırasındadır. Bütövlükdə siyasi dialoqun yüksək səviyyədə olması, xüsusən də son zamanlar Çindən ölkəmizə gələn nümayəndə heyətinin artması, Pekinin Azərbaycana yeni səfirinin təyin edilməsi, iki ölkə arasında daha uğurlu gələcək perspektivlər üçün olduqca vacibdir.

Bir müddətdən sonra Çin Xalq Respublikasının yaranmasının yubiley ili keçiriləcək. Sentyabrın 26-da Pekinin Bakıdakı səfirliyi bu yubiley tarixini qeyd edəcək. Azərbaycanla Çin arasında parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü kimi hesab edirəm ki, YAP-la Çinin Kommunist Partiyası arasındakı əlaqələr də inkişaf tempinə malikdir. Təsadüfi deyil ki, bu günlərdə YAP təmsilçiləri Çin-də 10 günlük səfərdə oldular. Bu səfər də göstərdi ki, həm siyasi dialoq, həm iqtisadi və humanitar sahədə əməkdaşlıq baxımından ikitərəfli münasibətlərimiz yüksək inkişaf tempinə malikdir”. 

Deputat qeyd etdi ki, Çinlə əlaqələrimizin yüksək olması Azərbaycan üçün iqtisadi baxımdan olduqca əlverişlidir: “Azərbaycan qeyri-neft sektorunun inkişafında maraqlıdır. Turizm isə bu sektorda həlledici sahələrdən biri sayılır. Dünyada 130 milyondan çox çinli turist var. Bu mənada həmin turistlərin də Azərbaycana cəlb edilməsində maraqlıyıq. Həmin tendensiya inkişaf etməkdədir. Çin ali rəhbərliyilə Azərbaycan ali rəhbərliyi arasında əlaqələrin intensivliyi nəticə etibarı ilə ölkəmizə bu dövlətdən nəhəng investorların gəlməsini daha da aktuallaşdırır. Kənd təsərrüfatı sahəsində əlaqələrin inkişafı istiqamətində də fikir mübadiləsi aparılıb. Hesab edirəm ki, bu əlaqə və təmasların yüksəlməsindən bütün tərəflər qazanır. Xüsusən də bu Azərbaycanın maraq dairəsində olan bir məsələdir, Çinlə bütün sahələrdə əməkdaşlığın genişlənməsi milli maraqlarımıza tam cavab verir”.

R. SOLTANOV 

 

 

 

 

 

 

 

Sizin Reklam Yeriniz