Əlaqə Arxiv
news Image
2019.09.21
10:00
| A A A
Buğda istehsalı artırsa da onun idxalında azalma müşahidə edilmir
Nicat Nəsirli: “İdxalın azalması üçün istehsal edilən ərzaq buğdasının keyfiyyəti də yüksək olmalıdır”

Azərbaycan ərzaq buğdasına olan tələbatın yerli istehsal hesabına ödənilməsi üçün səylərini artırır. Bu məqsədlə kənd təsərrüfatı məhsulu istehsalçılarının stimullaşdırılması sistemi təkmilləşdirilir, onların texnika ilə təminatı bir qədər də yaxşılaşdırılır.

2020-ci ildən fermerlərə veriləcək subsidiyalar yeni və daha təkmil mexanizm əsasında həyata keçiriləcək. Ekspert rəylərinə görə, bu yanaşma buğda məhsulunun istehsalında da ciddi dönüş yaratmağa imkan verəcək. Mövcud qaydalara əsasən buğda becərən istehsalçı hər hektara görə 90 manat subsidiya alır. Yeni mexanizmdə bitkiçilik sahəsində subsidiyaların növləri və hesablama mexanizmi yenilənəcək. İstehsalçı həm əkin sahəsinə görə, həm də yığdığı məhsula görə subsidiya ala biləcək. Yanacaq və motor yağlarına, buğda və çəltik əkininə, təkrar əkinlərə görə və mineral gübrələrin, biohumusun və pestisidlərin güzəştli qiymətə alınması ilə bağlı subsidiyalar əkin subsidiyası adı altında birləşdirilir. Əkin subsidiyası fermerlərə bitkilərinin becərilməsi üçün istifadə etdikləri sertifikatlı toxum, ting, gübrə, pestisidlərin alınmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək üçün bitki becərilən sahənin hər hektarına görə veriləcək. Hektar başına əkin subsidiyası regionlar və bitki növləri üzrə fərqli məbləğlərdə müəyyən ediləcək. Dolayısıyla fermerlərə indiyədək verilən yanacaq və motor yağlarına, buğda və çəltik əkininə, təkrar əkinlərə görə və mineral gübrələrin, biohumusun və pestisidlərin güzəştli qiymətə alınması ilə bağlı birbaşa və dolayı subsidiyaların birləşdirilərək əkin subsidiyası formasında verilməsi nəzərdə tutulur.

Əkin subsidiyası ilə barabər məhsul subsidiyası da olacaq. Məhsul subsidiyası tədarükçülərə təhvil verilən bitkiçilik məhsulunun hər kiloqramına görə əkin subsidiyasına əlavə olaraq veriləcək. Məhsul subsidiyası tətbiq ediləcək bitki növləri və əmsallar Şura tərəfindən müəyyən edilərək elan ediləcək.

Subsidiyalaşmanın yeni mexanizmi strateji məhsul olan ərzaq buğdasının istehsalının artımına təkan verəcəyi proqnozlaşdırılır. Azərbaycan özünü buğda ilə 100 faiz təmin edə bilmir. 2018-ci ilin genişləndirilmiş məlumatına əsasən, ölkəmizdə 1,991 milyon tondan artıq buğda istehsal edilib. Amma ölkəmizdə buğdaya tələb 3,192 milyon ton təşkil edib. Yerli istehsal buğdaya olan tələbin 62,4 faizini ödəyə bilib. Əvvəlki illərin göstəriciləri ilə müqayisə etdikdə görürük ki, yerli istehsalın tələbi ödəmə nisbəti yüksəlib. 2016-cı ildə yerli istehsal 1,8 milyon ton olub və yerli tələbin 55 faizini təmin edib.

2018-ci ildə buğda ilə təminatın yaxşılaşması istehsalçılara dövlət dəstəyinin bir qədər də gücləndirilməsi və məhsul yığımı prosesinin daha düzgün idarə edilməsi ilə bağlıdır. Belə ki, ötən il buğda istehsalı 222 min ton artmaqla bərabər, itki də azaldılıb. 2016-cı illə müqayisədə buğda istehsalı zamanı baş verən itki 28 min tona qədər geriləyib. Bu da məhz yığım prosesində texnika ilə təminatın yaxşılaşdırılması və işin düzgün təşkili ilə bağlı olub.

Qeyd edək ki, Azərbaycanın un və yarma istehsalı üçün 2,147 milyon ton buğdaya ehtiyacı var. Bundan başqa 483,3 min ton buğda mal-qara və quş yemi, 148 min ton buğda toxum, 60 min ton buğda digər ərzaq məhsullarının istehsalı, 38 min ton buğda qeyri-ərzaq mallarının istehsalı məqsədilə istifadə edilir. İl ərzində 233 min ton buğda isə itkiyə gedir. Ümumilikdə müxtəlif məqsədlər üçün 3,2 milyon ton buğdaya ehtiyacımız var. Ölkəmizdə 2019-cu ildə buğda istehsalı 2,1 milyon tona yüksələcək. Əkin sahələrində məhsuldarlığın 10 faizdən çox artması ümumi məhsul yığımına müsbət təsir göstərib.

Aqrar məsələlər üzrə eksper Nicat Nəsirli bildirdi ki, dövlət buğda istehsalının artırılması məqsədilə hər il dəstəyini bir qədər də artırır. O qeyd etdi ki, idxal olunan toxum, kənd təsərrüfatı avadanlıqları, mineral gübrə və pestisidlər əlavə dəyər vergisindən azaddır. Ekspert dedi ki, illərdir verilən dəstək öz nəticələrini ortaya qoyur: “Elektron kənd təsərrüfatı sistemi subsidiya siyasətinin şəffaflaşdırılmasına kömək edib. 2020-ci ildən isə əkin sahələri ilə yanaşı dünya ölkələrində olduğu kimi məhsuldarlıq göstəricilərinə görə də subsidiyaların təyin olunmasına başlanılacaq. Taxılçılıq kənd təsərrüfatı sahələri arasında gəlirlilik və risk faktorları ilə yüklü olduğu üçün ölkəmizdə kiçik sahələrdə əkin aparan təsərrüfatların birləşdirilməsi, nəticədə kooperativlərə daha effektiv dəstək göstərməklə onların stimillaşdırılması kimi addımların vaxtı çoxdan çatıb”

Azərbaycan buğda istehsalını artırsa da onun idxalında azalma müşahidə edilmir. Bu il buğda idxalı təxminən 9 faiz artıb. Ekspertin fikrincə, idxalın azalması üçün istehsal edilən ərzaq buğdasının keyfiyyəti də yüksək olmalıdır: ”Əks təqdirdə buğda emal sənayesi üçün yararlı olmur. Azərbaycanda istehsal olunan buğdanın tərkibindəki kleykavina göstəriciləri çox aşağıdır. Çörəyin keyfiyyətli alınması bu maddədən çox asılıdır. Kleykavina göstəriciləri aşağı olduğuna görə ölkədə istehsal olunan buğda emala getmir, daha çox sənaye əhəmiyyətlidir və heyvandarlıq yeminə cəlb olunur. Kleykavina maddəsinin aşağı olmasının müxtəlif səbəbləri var. İlk növbədə torpağın mineral tərkibi, aqrotexniki qulluq, bitkiyə təbiətdən istədiyi maddələrin vaxtında verilməməsi və sairə. Buna görə də Azərbaycan hər il böyük miqdarda ərzaq buğdası idxal etməli olur”.

 

Vasif CƏFƏROV

 

Sizin Reklam Yeriniz