Əlaqə Arxiv
news Image
2019.10.09
09:01
| A A A
Xarici kapitallı banklar sektorun aktiv iştirakçısına çevrilir
Ruslan Atakişiyev: “Xarici kapitallı bankların çox olması bank sektorunda dayanıqlılığa müsbət təsir göstərir”

Azərbaycanda faəliyyət göstərən hər iki bankdan birinin nizamnamə kapitalında xarici sərmayə var. Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına əsasən, ölkəmizdə 30 kommersiya bankı faəliyyət göstərir. Onlardan 2-i dövlət (Azərbaycan Beynəlxalq Bankı və Azər-Türk Bank), qalanı özəl banklardır. Özəl bankların 14-ü xarici kapitallıdır. Bunlardan 8-nin nizamnamə kapitalının 50%-dən 100%-ə qədərini xarici kapital təşkil edir. O cümlədən 2-si xarici bankların yerli filiallarıdır (Pakistan Milli Bankı və Bank Melli İran). Altı bankın isə nizamnamə kapitalında xarici kapitalın payı 50 faizdən azdır.  

Xarici kapitallı banklar Azərbaycanın bank sektorunun aktiv iştirakçılarıdır. Bu banklar kapitallarının sağlamlaşdırılmasında, kapital tələbinə uyğunlaşmaqda daha məsuliyyətli davranırlar. 2019-cu ildə bank sektorunda 1,9 milyard manatlıq kapital inyeksiyası həyata keçirilib ki, bunun da təxminən 1 milyard manatı xarici kapitallı bankların payına düşür. Xarici kapitallı banklar tərəfindən inyeksiya edilən 1 milyard manatlıq vəsaitin 800 milyon manatı sırf xarici kapitaldır. Bu, ümumilikdə inyeksiya olunan “fresh” kapitalının təxminən 44%-ni əhatə edir. Ümumiyyətlə, Azərbaycanın bank aktivlərində bu gün xarici kapitallı bankların aktivləri təxminən 19 faizini təşkil edir.

Bəs, Azərbaycanda fəaliyyət göstərən banklar arasında xarici kapitallı bankların çoxluğu faydalıdırmı? Onların çoxluğu bank sektoruna, kredit faizlərinə necə təsir edə bilər?

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Ruslan Atakişiyev xarici kapitallı bankların ölkəmizin bank bazarında iştirakının faydalı olduğunu düşünür. O qeyd etdi ki, xarici kapıtalın iştirakını bir neçə müsbət cəhətinə görə qiymətləndirmək olar: “Azərbaycanda müstəqilliyin ilk illərindən beynəlxalq yönümlü maliyyə institutları fəaliyyət göstərib. Asiya İnkişaf Bankı, Dünya Bankı, İslam İnkişaf Bankı bunlara misaldır. Bu banklar ölkədə aparılan iqtisadi və sosial islahatlara dəstək verir.

Sonralar bank sektoruna kommersiya məqsədilə xarici kaitalın gəlişi baş verib. Xarici kapitalın ölkədə iştirakı bir neçə baxımdam qiymətləndirilir. Birincisi xarici kapital təkcə özü ilə vəsait gətirmir. Əgər xarici kapital inkişaf etmiş ölkədən daxil olubsa, o, özü ilə həm də bilik və bacarıq, yeni texnologiya gətirir. Yeni texnologiyanın gətirilməsi bazarda müasir alətlərin çoxalmasına xidmət edir, xidmətlərin keyfiyyətini artırır. Bunun nəticəsində rəqabət mühiti güclənir və inkişaf üçün əsas yaranır. Yerli banklar müasir təcrübədən faydalanır, həmin təcrübəni öz işində tətbiq etməklə xidmətdə xarici kapitallı banklara çatmağa çalışır.

Xarici kapitallı bankların çox olması bank sektorunda dayanıqlılığıa müsbət təsir göstərir. Xarici kapitallı maliyyə qurumları daha dayanıqlı olurlar və bu amil sektora inamın formalaşmasına təsir göstərir.

Ən önəmli məsələ isə kapitallaşma ilə bağlıdır. Xarici kapitallı bankların olması Azərbaycana xaricdən maliyyə vəsaitinin daxil olmasına səbəb olur. Xarici kapitalın artması kredit təklifinin artmasına və müəyyən qədər faizlərin daha münasib səviyyə enməsinə kömək edir. Amma daxili bazarda mövcud olan şərtlər hamı üçün eynidir və buna görə də xarici kapitallı banklar da bu şərtlərə uyğunlaşır və kredit verən zaman faiz dərəcəsinə təsiri olur”.

R.Atakişiyev dedi ki, kredit faizlərinin düşməsi xarici kapitallı bankların fəaliyyətindən asılı deyil. O hesab edir ki, kredit üçün sadəcə depozit şəklində vəsait cəlb edilməməlidir: “Daha çox maliyyə alətlərindən istifadə edilməlidir. Depozitlər baha başa gəlir və bu kredit faizlərinin aşağı düşməsini çətinləşdirir. Ölkəmizdə depozitlərin baha olması daha çox manatla yığımların təşviq edilməsi məqsədilə aparılır. Kredit faizlərinin ucuzlaşması üçün qiymətli kağızlar bazarı inkişaf etdirilməli, səhmlərin alınması təşviq edilməlidir, investisiya fondlarının yaradılması, inkişafı dəstəklənməlidir. Son vaxtlar ölkəmizdə İslam bankçılığının da ələtlərindən istifadə edilməsinə cəhdlər var, bununla bağlı hazırlıq görülür. Nə qədər çox maliyyə alətlərindən istifadə edilərsə, bir o qədər də rəqabət güclənər və kredit faizləri də aşağı düşər”.

Ekspert düşünür ki, xarici kapitallı bankların bank bazarında payının daha çox artırılması da məqsəduyğun deyil: “Bir sıra ölkələr yerli kapitallı bankların mövqeyinin güclü olmasını istəyir. Xarici kapitallı bankların payının artması müəyyən həddə qədər səmərə verir. Daha çox olduqda, yerli kapitallı bankların aktivliyinə qarşı problemlər yarada bilər. Bəzən ucuz kapitalı cəlb etmək yolu ilə rəqabətdə daxili kapitalı sektordan sıxışdırıb çıxara bilirlər. Kapitallaşma həddindən artıq çox olduqda onun faydalılıq əmsalı aşağı düşür.

Azərbaycanda kapitallaşma azdır, hazırda maliyyə resurslarına tələb yüksəkdir. Buna görə də xarici kapitalın artması indiki mərhələdə faydalıdır. Amma bu vəsaitlər daha çox istehlak kreditlərinə yönəlməməlidir. Kredit bazarında istehlak kreditlərinin payı artır. İstehlak kreditlərinin artması idxalı da artırır. Belə çıxır ki, xarici kapital hesabına verilən kreditlərin önəmli hissəsi sonradan idxala yönəldilir”.

Əlavə edək ki, 2019-cu ilin sentyabrın 1-nə olan məlumata əsasən kreditlərin 24,8 faizi və ya 3,438 milyard manatı xarici kapitallı banklar tərəfindən qoyulub. Bunlardan 100 faizli xarici kapitallı banklar kreditlərin 7,7 faizini (1,068 milyard manat) verib.

Əvvəlki dövrlərlə müqayisədə xarici kapitallı bankların kredit qoyuluşunda payının azalması müşahidə edilib. Bir il əvvəl cəmi kreditlərin 27,1 faizi (3,334 milyard manat) xarici kapitallı bankların payına düşürdü. O cümlədən 100 faiz xarici kapitallı bankların payı 8,8 faiz (1,082 milyard manat) idi.

 

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz