Əlaqə Arxiv
news Image
2019.10.09
08:46
| A A A
Ticarət obyektləri və burada çalışan sahibkarlar yenə sığortadan uzaq qaçırlar
Rəşad Həsənov: “ Ticarət obyektlərində çalışan sahibkarların öz əmlaklarını sığorta etməmələri bir neçə səbəbdən qaynaqlanır ”

 

Bu günlərdə Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən  "Binə” ticarət mərkəzində növbəti  yanğın baş verib. Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev bildirib ki, “Binə” ticarət mərkəzində baş verən yanğın təxminən 2000-3000 kv.m sahəni əhatə edib.

Onun sözlərinə görə, sahibkarlara dəymiş ziyanın miqdarı və yanğının baş vermə səbəbi dəqiq bilinmir: “Araşdırma aparıldıqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək”.

Burada yanğın və digər fövqəladə hallar zamanı yaşanan digər problem isə sahibkarların malarını sığorta etməməsilə bağlıdır. Proses onu göstərir ki, dəfələrlə yanğınla üzləşsələr də belə obyektlərdə çalışan sahibkarlar hələ də əmlaklarını sığorta etməyə maraq göstərmirlər. Hətta zərurət yarandıqda belə sahibkarlar buna getmirlər. 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənovun fikrincə ticarət obyektlərində çalışan sahibkarların öz əmlaklarını sığorta etməmələri bir neçə səbəbdən qaynaqlanır: “Belə ki, “Binə” də daxil olmaqla bənzər ticarət mərkəzlərində əmlakın sığortalanmasında sığorta şirkətlərinin özləri də maraqlı deyillər. Bu da ondan irəli gəlir ki, belə müəssisələrdə təhlükəsizlik qaydalarına ciddi əməl edilmir.

Burada fəaliyyət göstərən sahibkarlıq subyektlərinin özləri də müəyyən qədər fəaliyyətlərində ciddi nöqsanlara yol verirlər. Bir-birinə bitişik olan bu obyekt sahiblərinin hər hansı birinin sahibinin etdiyi səhlənkarlıq digərləri üçün də zərərlə nəticələnir. Ticarət müəssisəsinin rəhbərliyi hansısa formada məsuliyyəti üzərinə götürmür. Yəni kifayət qədər çoxlu faktorlar var ki, həmin amillər də sığorta şirkətlərinin bu kimi müəssisələrin sığortalanmasında maraqlı olmamalarına gətirib çıxarıb. Bu da başadüşüləndir, çünki risq amili həddən artıq yüksəkdir.

Təbii ki, ümumilikdə götürəndə sahibkarlıq subyektinin əmlakının sığortalanması məcburi xarakter daşıyır. Ancaq görünən mənzərə onu deməyə əsas verir ki, bu sığorta əksər halda formal xarakter daşıyır. Müəyyən monitorinqlərə qarşı hər hansı bir sənədin alınması, müəssisə tikilərkən, istifadəyə verilərkən smeta dəyərində kəskin azalmalara gedilməsi nəticəsində əslində, sığorta real zərəri kompensasiya edəcək həcmdə olmur. Ötən dəfə “Diqlas” ticarət mərkəzində baş verən hadisə də göstərdi ki, insanların bir çoxu hələ də sığorta ödənişləri məsələsindən məlumatsızdırlar. Bəziləri hələ də sığorta şirkətlərinə güvənməməkdə davam edir”.

Sahibkarların digər subyektlərlə rəsmi biznes münasibətləri formalaşdırmaqdan yayınmaları da R. Həsənova görə, sığorta ilə bağlı mövcud vəziyyətin yaranmasına gətirib çıxarır: “Problemlərdən biri də odur ki, əksər halda sığorta edən tərəf  rəsmi sənədlər tələb edir. Yəni sığorta ilə bağlı icarə müqaviləsi olmalı, burada şərtlər aydın yazılmalı, hər tərəfin öhdəlikləri tam olaraq qeyd edilməlidir. Amma, “Binə”, “Sədərək”, “Xalqlar Dostluğu” kimi ticarət mərkəzlərində əksər hallarda sahibkarlar digər subyektlərlə rəsmi şəkildə biznes münasibətlərini formalaşdırmırlar. Yəni vergidən yayınmaq məqsədilə icarə müqaviləsi başlamırlar. Müaavilələr olanda da bəzən indiqatorların özü saxtalaşdırılır. Bütün bu amillər ticarət müəssisələrində çalışan sahibkarların öz əmlaklarını sığortalamasına əngəl yaradan amillərdəndir”.

Ekspertin fikrincə, başqa bir tərəfdən, belə müəssisələrin özləri müvafiq standartlara cavab vermir: “Hadisə baş verir, ondan sonra hadisənin qiymətləndirilməsi həyata keçirilir. Məsələn, qəza və yanğınlarda Fövqəladə Hallar Nazirliyi (FHN) adətən xəbərdarlıq etdikləri, lakin müəssisələrin ona əməl etmədiyi barədə açıqlama verir. Maraqlıdır, necə olur ki, həmin müəssisələr xəbərdarlıqlara əməl etmir? Tələblərə əməl etməyən sahibkarlar üçün müvafiq inzibati cəzalar nəzərdə tutulub. Amma nədənsə, böyük ticarət mərkəzlərinə münasibətdə aydiyyatı qurumlar öz üzərlərinə düşən öhdəlikləri belə yerinə yetirmir”.

Sahibkarların əmlakının icbari formada sığortalanmasına gəldikdə isə ekspert bildirdi ki, sığorta şirkətləri indiki halda bu risqləri paylaşmaqda maraqlı olmayacaq: “Azərbaycan sahibkarı da adətən qısa müddətli dövrdə planlama həyata keçirir. Heç bir halda o, uzun müddətli dövr üçün planlaşdırma və risqlərin sığortalanması ilə bağlı strategiyaya sahib olmur. Ona görə də bu institutun formalaşması üçün hələlik Azərbaycanda şərtlər uyğun deyil. Bu istiqamətdə dövlət siyasətini həyata keçirən qurumların fəaliyyətində ciddi nöqsanlar var”.

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz