Əlaqə Arxiv
news Image
2019.10.10
08:56
| A A A
Azərbaycan iqtisadiyyatı haqqında beynəlxalq miqyasda daha bir müsbət rəy verildi
Ölkəmizin Qlobal Rəqabətə Davamlıq reytinqi yüksəlib

Azərbaycan iqtisadiyyatı ilə bağlı açıqlanan reytinq göstəriciləri yüksələn dinamika ilə davam edir. Bu dinamika artıq üç ildir ki, müşahidə edilir. Azərbaycan iqtisadiyyatı ilə bağlı növbəti müsbət rəy Ümumdünya İqtisadi Forumu tərəfindən verilib. Ölkəmiz Ümumdünya İqtisadi Forumunun 2019-cu il üzrə Qlobal Rəqabətə Davamlıq reytinqində 11 pillə irəliləyib. Ölkəmizə verilən bal 2,7 bənd artırılaraq 62,7 bala yüksəlib. Bu səviyyə ilə Azərbaycan reytinq siyahısında 58-ci yeri tutub.

Reytinq siyahısına Sinqapur başçılıq edir. İlk beşliyə həmçinin ABŞ, Honkonq (Çin), Niderland və İsveçrə daxildir. Qonşularımızdan Ermənistan siyahıda 69-cu (61,3 bal), Gürcüstan 74-cü (60,6 bal) yerdə qərarlaşıb.

Ümumilikdə reytinqdə 12 mövqe əks olunub. "İnstitutlar" mövqeyində Azərbaycan 49, "İnfrastruktur" mövqeyində 38, "Məhsul bazarı"nda 23, "Əmək bazarı"nda 21, "Biznesin dinamikliyi" mövqeyində isə 23-cü yeri tutub.

Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatı yeni metodologiya əsasında hazırlanıb. Bu hesabatı mütəxəssislər həmişə maraqla qarşılayırlar və onun göstəricilərinə diqqət yetirirlər. Çünki təcrübə göstərir ki, Qlobal Rəqabətlilik Hesabatı real faktlara əsaslanır. Burada hansısa dairələrin maraqları nəzərə alınmır. Builki hesabat metodologiyasına görə öncəkilərdən fərqlənir. İqtisadçılar bütövlükdə iqtisadi sistemdə meydana gələn yeni proseslərin, ümumiyyətlə, dinamikanı yeniləşdirdiyini düşünürlər. Bu səbəbdən yaranmış mənzərəni daha adekvat əks etdirmək üçün hesabata yeni indikatorlar daxil ediblər.

Bütövlükdə hesabat, eləcə də hesabat çərçivəsində tərtib edilən reytinq siyahısı dünyanın siyasət, iqtisadiyyat və biznes dairələrində böyük diqqət yetirilir. Bu baxımdan istənilən bir ölkənin belə bir reytinq siyahısında mövqelərini yaxşılaşdırması həmin ölkə haqqında dünyanın qeyd edilən dairələrində müsbət rəyin formalaşmasına, qlobal maliyyə və biznes subyektlərinin, o cümlədən də qlobal investorların həmin ölkə iqtisadiyyatına diqqətinin artmasına kömək edir.

Azərbaycan iqtisadiyyatı uzun illərdir ki, bu hesabat çərçivəsində tədqiq olunan iqtisadiyyatlar arasındadır və hər zaman rəqabətlilik indeksinə görə müsbət mənada seçilir.

Bundan öncə Dünya Bankının nüfuzlu “Doing Business 2020” hesabatında da ölkəmizin mövqeyi yaxşılaşıb. Azərbaycan ən islahatçı 20 ölkə sırasına daxil edilib. Hesabata əsasən, Azərbaycan “Doing Business” üzrə dörd sahə üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı asanlaşdırıb. Bu sahələr əmlakın qeydiyyatı, kreditlərin alınması, minoritar investorların hüquqlarının qorunması və müqavilələrin icrasının təmin edilməsidir.

Hesabatda qeyd edilir ki, paytaxtın kadastr xəritəsinin tərtib olunması və Bakıdakı hər bir fərdi torpaq sahəsinin qeydiyyatı, eləcə də mövcud sənədləşmənin təkmilləşdirilməsi və daşınmaz əmlak prosedurlarının çevikliyi nəticəsində daşınmaz əmlakın qeydiyyatı prosesi daha da sürətlənib. Minoritar investorların hüquqlarının müdafiəsi tərəflərin imzaladığı əlverişsiz sazişlər üzrə məsuliyyətin direktorlar üzərinə qoyulmasından sonra güclənib. Kommersiya ilə bağlı mübahisələr yarandıqda tərəflər onlayn olaraq müraciət göndərə və vasitəçilik etmək üçün maddi stimul əldə edə bilərlər.

Azərbaycan iqtisadiyyatındakı müsbət dinamikanı dünyanın tanınmış, böyük nüfuz sahibi olan 3 kredit reytinq təşkilatları da verdikləri rəydə ifadə ediblər. Nufuzlu “Fitch Ratings”, "Moody's" və “Standard & Poor’s” reytinq agentlikləri Azərbaycanın kredit reytinqini müsbət qiymətləndirib. “Standard & Poor's” Azərbaycana BB+ stabil kredit reytinqi verib, “Moody's”un Azərbaycana verdiyi kredit reytinqi “Ba2” stabildir və “Fitch” Azərbaycanın kredit reytinqini “BB+” stabilə yüksəldib.

Bu rəylər Azərbaycanda aparılan iqtisadi və sosial islahatların bir qədər də dərinləşməsinin, səmərəli olmasınını təsdiqidir. Ciddi iqtisadi beyin mərkəzlərinin açıqladığı rəylər Azərbaycana olan münasibəti bir qədər də sağlamlaşdıracaq və bu proses ölkəmizin iqtisadi cəlbediciliyini artıracaq. İqtisadçılar təsdiqləyir ki, müsbət rəyləri investorlar nəzərə alır. Onların hər hansı bir ölkə, bank, şirkət, maliyyə qurumları haqqında səsləndirdiyi fikirlər investorlar, iqtisadi oyunçular üçün çox önəmlidir.

Bu nöqteyi-nəzərdən nüfuzlu təşkilatların hazırladığı reytinqdə Azərbaycanın mövqeyinin yaxşılaşması ölkəmizin iqtisadiyyatı haqqında imicin formalaşmasına, gözləntilərin müsbətə doğru dəyişməsinə böyük töhvə olacaq. Pozitiv proqnozlar xarici investorlara bir ismarıcdır və yəqin ki, onların marağınını daha da artmasına gətirib çıxaracaq.

Azərbaycan iqtisadiyyatı haqqında proqnozların yaxşılaşdırılmasında qeyri-neft sektoru üzrə ixracın artması, bu sektorda islahatların aparılması da mühüm təsir göstərib. Bu sahələr üzrə öncədən proqnozlaşdırılan müsbət dinamikaya nail olunması reytinq təşkilatlarında nikbinlik yaradıb və ölkəmizin ümumən reytinqinin yaxşılaşdırılmasına gətirib çıxarıb.

Nikbin vəziyyəti nəzərə alaraq deyə bilərik ki, növbəti dövrlərdə də beynəlxalq təşkilatların Azərbaycanla bağlı hesabatlarında mövcud yüksək dinamika qorunub saxlanılacaq, ölkəmizin iqtisadi imici bir qədər də yaxşılaşacaq.

 

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz