news Image
2019.10.10
09:38
| A A A
Dolların əvəzinə milli valyutalarla ticarət dövrü başlanır
Natiq Cəfərli: “Milli valyutalarla hesablaşamalar yalnız dövlətlərarası sazişlərdə, alqı-satqı əməliyyatlarında mümkündür”

Rusiya Maliyyə Nazirliyi ilə Türkiyə Xəzinə və Maliyyə Nazirliyi arasında milli valyutalarda hesablaşma və ödəmələr barədə saziş imzalanıb. Bu barədə Rusiyanın Maliyyə Nazirliyi məlumat yayıb. Sazişi Rusiya maliyyə naziri Anton Siluanov və Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrak imzalayıblar.

Sənədin imzalanmasından məqsəd iki ölkə arasında maliyyə əməliyyatlarında tədricən milli valyutalarla keçid, maliyyə bazarında müvafiq infrastrukturun yaradılması, Rusiya və Türkiyə milli valyutalarının cəlbediciliyinin artırılmasıdır.

Xatırladaq ki, Rusiya və Türkiyə belə bir razılaşmanın əldə edilməsi ilə bağlı uzun müddətdir danışıqlar aparır. Bu məsələ 2015-ci ildən sonra bir qədər də aktuallaşıb.

Rusiya və Türkiyə milli valyutalarla əməliyyatların aparılması təklifini Azərbaycana da verib. Bu ölkələr Azərbaycanın əsas ticarət tərəfdaşlarıdır. Ölkəmizə ən çox idxal məhz Türkiyə və Rusiyadan həyata keçirilir. Eyni zamanda Azərbaycanın qeyri-neft məhsullarının əsas alıcıları da Rusiya və Türkiyədir. Buna görə də Türkiyə və Rusiya ayrı-ayrılıqda Azərbaycana da milli valyutada hesablaşmalar aparmaq təklifini verib. Bəs, bü cür razılaşmalar nə dərəcədə effektli olacaq?

İqtisadçı-ekspert Natiq Cəfərli hesab edir ki, Rusiya və Türkiyə arasında əldə edilən razılaşma daha çox siyasi xarakterlidir. Onun fikrincə, bu razılaşma iki ölkənin iqtisadi və maliyyə sahəsində daha da yaxınlaşmasının göstəricisidir. N.Cəfərli milli valyutada əməliyyatların biznes sektoru tərəfindən müsbət qarşılanacağına inanmır. Ekspert dedi ki, məzənnə fərqləri biznes strukturları üçün milli valyutada əməliyyat aparılmasını çətinləşdirir: “Hər iki ölkə arasında milli valyutalarla hesablaşmaların aparılmasına dair 2 il öncə protokol imzalanıb. İlkin razılaşmadan sonra milli valyutalarla ticarətin aparılması məsələsində ciddi irəliləyişə nail olunmamışdı. Bu məsələdə iş adamları üçün ən ciddi maneə ikili məzənnə sistemidir.

Türkiyə iş adamları Rusiya ərazisində ticarət edən zaman əldə etdikləri rublu sonradan dollar və ya avroya dəyişməli olurlar. Çünki rublun Türkiyə gətirilməsinin bir mənası qalmır. İkili məzənnə dəyişiklikləri ilə əlaqədar olaraq iş adamları zərərə məruz qalırlar. İstənilən ölkədə alış və satış məzənnələri arasında fərq olur. İş adamları valyuta almaq istədikdə əlavə xərcə düşməli olur.

Hər iki ölkənin ticarətinin strukturuna baxdıqda orada rubл və ya lirə ilə ölkələrarası ticarətin aparılması perspektivli görünmür. Biznesə lirə və rublлa əməliyyat aparılmasını diqtə etmək mümkün deyil. Milli valyutalarla hesablaşamalar yalnız dövlətlərarası sazişlərdə, alqı-satqı əməliyyatlarında mümkündür. Türkiyənin Rusiyadan ən çox aldığı məhsul təbii qazdır. Bu məhsulların dəyəri dollarla hesablanır. Ona görə də nə “Qazprom”a və Rusiyanın başqa dövlət şirkətinə sərf etməz ki, öz məhsullarını türk lirəsi ilə satsın.

Digər bir çətinliyi yaradan məsələ rubl və lirənin məzənnəsinin tez-tez dəyişməsidir. Türk lirəsi son 2 gündə 3 faizə yaxın dəyər itirib. Məzənnə itkisindən yaranan ziyanı biznes qarşılamaq istəməz.

Türkiyənin Rusiya ərazisində satdığı əsas məhsul kənd təsərrüfatı mallarıdır. Məsələn, аntaliyalı fermer öz pomidorunu niyə rubla satsın? Sonra o rubliu nə edəcək? Əldə etdiyi rublu ya dollara, ya da avroya çevirməlidir.

Ona görə də bu daha çox siyasi razılaşmadır. Əldə edilən razılaşma iki ölkənin iqtisadi-maliyyə sahəsində bir qədər də yaxınlaşmasını göstərir. Biznes sektoru üçün bu razılaşma əlverişli deyil. Dövlətlərarası müqavilələrdə, xüsusilə də hərbi sazişlərdə rublla və ya lirə ilə əməliyyat aparmaq mümkündür”.

İş adamlarına sabit məzənnənin daha sərfəli olduğunu deyən ekspert milli valyutalarla ticarət aparılmasının Azərbaycana da sərf etmədiyini söylədi: “Azərbayacanın ixrac etdiyi məhsulların 91 faizi enerji daşıyıcılarıdır ki, onların da qiyməti dollarla müəyyənləşdir. Ölkəmiz xam nefti, neft məhsullarını, təbii qazı dollarla satır. Bundan başqa qeyri-neft sektoruna aid olan məhsulların bir çoxunun da dəyəri dollarla müəyyən edilir. Məsələn, qızıl, alüminium, pambıq və s. Bu məhsullar ya dollarla satılmalıdır, ya da dolların məzənnəsi nəzərə alınaraq başqa valyuta ilə satılmalıdır. Əgər bir məhsulu dollarla satmaq mümkündürsə nəyə görə onun əvəzində başqa valyutada olan pulu almalıyıq?

Rusiya ilə ticarət əlaqələrində Azərbaycan bu ölkəyə əsasən kənd təsərrüfatı məhsulu satır, əvəzində rubl alır. Sonradan həmin rubl dollar və ya avroya çevrilərək Azərbaycana gətirilir. Artıq biznes səviyyəsində bu məsələ öz həllini tapıb”.

 

Vasif CƏFƏROV