Əlaqə Arxiv
news Image
2019.10.12
09:45
| A A A
Özəl tibb müəssisələri vergidən yayınır
Ruslan Atakişiyev: “Mövcud vəziyyətin yaranmasında özəl klinikalar yox, tanınmış həkimlər günahkardır” Eyyub Hüseynov: “Özəl tibb müəssisələrindən gələn şikayətlərin böyük əksəriyyəti saxda mədaxil orderinin verilməsi ilə bağlıdır”

Azərbaycanda bəzi sahələr var ki, burada əməkhaqları dəqiq göstərilmir. Vergilər Nazirliyinin məlumatına əsasən, belə sahələrdən biri də özəl tibb müəssisələridir. Özəl səhiyyə ocaqlarında qeyri-rəsmi əməkhaqqıları geniş tətbiq olunur.

2019-cu ilin iyun ayında özəl klinikalarda 1 işçiyə ödənilən orta aylıq əməkhaqqının rəsmi məbləği 349 manat olub. Reallıqda isə tibb işçiləri bundan bir neçə dəfə yüksək maaş alırlar. Bu məbləğ bir sıra hallarda on minlərlə manatla ölçülür.

Nazirlik bəyan edib ki, uçot intizamının aşağı olması səbəbindən tibb sahəsində vergidən yayınma riskləri yüksəkdir: “Təqdim olunan tibbi xidmətlərin dəyərinin böyük hissəsini həkimlərə ödənilən qeyri-rəsmi əməkhaqqı təşkil edir. Buna görə də tibb müəssisələri onların gəlirlərini formalaşdıran xidmətin dəyərindən vergilərin ödənilməsində maraqlı olmurlar. Bu isə o deməkdir ki, qanunvericiliyin pozulması halları təsadüfi deyil, bilərəkdən baş verir”.

Qeyd edək ki, ölkəmizdə 800-dən artıq özəl tibb müəssisəsi fəaliyyət göstərir. Onların 95 faizindən çoxu Bakıda yerləşir. Paytaxtdan əlavə Sumqayıt şəhərində, Abşeron rayonunda, Gəncə şəhərində və bir sıra digər şəhərlərdə özəl tibb müəssisələri açılıb.

Əməkhaqqı sistemində ikili mühasibatlığın tətbiqi son illərdə azalmaqdadır. Vergilər Nazirliyi bu sahədə çox ciddi tədbirlər görür. Hazırda belə hallara daha çox ictimai iaşə və ticarət sahəsində təsədüf edilir. Həmin sahələrdə sahibkarlıq fəaliyyəti göstərənlərin arqumentlərinə görə real əməkhaqqının göstərilməməsinin səbəbi xidmətlərin dəyərinin yüksək olmaması və dövriyyənin azlığı ilə bağlıdır. Eyni arqumentləri özəl tibb müəssisələri haqqında irəli sürmək olmaz. Çünki özəl səhiyyə müəssisələrində xidmət haqları kifayət qədər yüksəkdir və onlar normal gəlirliliklə işləyirlər.

Belə olduqda özəl tibb müəssisəslərində belə hallar nədən qaynaqlanır? 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, rəhbərlik etdiyi təşkilata özəl tibb müəssisələrindən gələn şikayətlərin böyük əksəriyyəti saxta kassa qəbzinin və saxda mədaxil orderinin verilməsi ilə bağlıdır. Belə hallar xüsusilə diş poliklinikalarında daha tez-tez rast gəlinir. E.Hüseynov söylədi ki, bu cür hallar çox geniş yayılmış məsələdir. “Vətəndaşdan pul alırlar amma uçot dəqiq aparılmır, buna görə də vergi düzgün hesablanıb verilmir”, - deyən Hüseynov bunun hesabına özəl tibb müəssisələrinin əlavə gəlir əldə etdiyini söylədi: “Düşünürəm ki, Vergilər Nazirliyi bu məsələni haqlı olaraq qaldırıb”.

Azərbaycanda tibb müayinəsi və müalicəsi qiymətlərinin dünyanın bir çox ölkələrindən aşağı olduğunu bildirən E.Hüseynov ölkəmizdə tibb xidmətlərinin yalnız qonşularımız olan İran və Gürcüstanda bir qədər ucuz olduğunu vurğuladı: “Azərbaycanda tibb xidmətlərinin dəyərinin səviyyəsi Avropadan xeyli aşağıdır. Lakin bu əsas vermir ki, özəl tibb müəssisələri əldə etdikləri gəliri gizlətsin. Bizə olan şikayətlər göstərir ki, tibb müəssisələrində ikili mühasibatlıq geniş yayılıb. Xüsusilə həkimlərə böyük məbləğdə əlavə vəsaitlər ödənilir”.

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Ruslan Atakişiyev isə düşünür ki, mövcud vəziyyətin yaranmasında özəl klinikalar yox, tanınmış həkimlər günahkardır. Onun məlumatına əsasən, tanınmış həkimlər hər ay klinikalardan böyük məbləğdə zəhmət haqqı almalarına baxmayaraq, dövlətə aid olan ödənişləri etmir: “Özəl tibb müəssisələrində vəzifələr müxtəlifdir. Orada tibb bacısı, sanitar vəzifələri var, bundan başqa idarəetmə strukturunda çalışanlar var. Onların maaşı çox yüksək deyil, onların bir çoxu aşağı əməkhaqqı alır.

Vergilər Nazirliyinin özəl tibb müəssisələrində aparılan yoxlamalar üzə çıxarıb ki, əməliyyat aparan həkimlər hər əməliyyata görə və ya qəbula görə aldıqları pulun 50 faizini özlərinə götürür. Tibb müəssisəsi müalicə pulunun yarısını ala bilir. Elə həkim var ki, ay ərzində klinikadan 15-20 min manat alır. Əgər həkimə ödənən pul tam rəsmiləşdirilərsə, klinika həkimə verilən 50 faizlik paya görə böyük məbləğdə sosial sığorta ödənişi etməlidir. Bundan başqa digər vergilər və əməliyyat xərcləri də ödənməlidir. Nəticədə tibb müəssisəsinin bir əməliyyatdan qazancı 10 faiz olur ki, bu da özəl klinikalara sərf etmir. Həkimin pulu kəsildikdə, o başqa tibb müəssisəsinə gedir və özəl klinikanı pis vəziyyətdə qoyur. Bacarıqlı, tanınmış həkimlər öz imkanlarından istifadə edərək klinikalara təsir edirlər. Ona görə də rəsmiləşmə, vergi ödənişi məsələsi yarananda klinikalar təsir altında qalır. Həkimlər öz üzərinə düşən vergi, sığorta haqlarının ödəmək istəmirlər. Deyirlər ki, onlara çatacaq xidmət haqqı tam ödənilməsə başqa klinikaya gedəcək”.

R.Atakişiyev dedi ki, bu məsələnin həllinin kələfi itib. Onun qənaətincə, bu məsələnin həllinin 2 yolu var: “Azərbaycanda yaxşı həkimlərin sayının az olması klinikaları çətin vəziyyətə qoyur. Buna görə də özəl tibb müəssisələri ƏDV-dən azad edilməsini istəyirlər. Əgər onlar ƏDV-dən azad edilərsə, bütün ödənişlər dəqiq göstərə bilərlər. Mövcud problemin həllinin 2 yolu var. Həkimlərdən VÖEN açılması tələb edilməlidir ki, gəlirlərindən özləri vergi, sosial sığorta haqqı ödəsinlər.  Bir də özəl tibb klinikalarının assosasiyası yaradılmalıdır və klinikalar bu assosasiyalarda birləşməlidirlər. Assosasiya üzvləri öz aralarında razılıq əldə edə bilər ki, vergi, sosial sığorta ödəmək istəməyən həkimi klinikalara işə qəbul etməsinlər”.

 

Vasif CƏFƏROV 

 

 

 

Sizin Reklam Yeriniz