Əlaqə Arxiv
news Image
2019.10.12
09:00
| A A A
İstehsalın regionlar üzrə ixtisaslaşması zərurətə çevrilir
Regional ixtisaslaşma iqtisadiyyatın rəqabət gücünü artırır

İqtisadi inkişafda və məşğulluğun artırılmasında səmərəliliyin əldə edilməsi üçün məhsul istehsalı sahələrinin regionlar üzrə ixtisaslaşdırılması vacibdir. Bu məsələnin aktuallığı iqtisadiyyatın kənd təsərrüfatı və sənaye sahələrində özünü daha qabarıq şəkildə biruzə verir.

Regionların kənd təsərrüfatı məhsullarının istehsalı üzrə ixtisaslaşması ölkəmizdə daha çox müzakirə edilən məsələdir. Bütün iqtisadi və elmi yanaşmalarda regionlar üzrə ixtisaslaşmanın əhəmiyyətli olduğu vurğulanır. Aqrar sahədə böyük uğurlar qazanan ölkələrin hər biri ixtisaslaşma yolunu keçib. İxtisaslaşmaya əhəmiyyət verilməsi onun elmi əsaslarının olması ilə əlaqədardır. Kənd təsərrüfatını öyrənən elm sahələri tələb edir ki, hər bir regionda istehsal ediləcək kənd təsərrüfatı məhsulunun adı kiminsə arzusu ilə yox, elmi təcrübə əsasında müəyyən edilməlidir. Məhz elmi əsaslarla aparılan bölgü ixtisaslaşmaya gətirib çıxarır.

İxtisaslaşma istehsalçının gəlirinin artmasına da böyük töhvə verir. Kənd təsərrüfatında ən vacib məsələlərdən biri istisadi səmərəliliyi artırmaqdır. Əgər istehsalçı hər hansı məhsulun becərilməsindən lazımı gəlir götürməsə o, yenidən həmin məhsulun becərilməsində, hətta ümumiyyətlə kənd təsərrüfatı ilə məşğul olmaqda maraqlı olmur. Eyni məsələ heyvandarlıqda da var.

Aqrar sahədə böyük uğurlar qazanan ölkələrin təcrübəsi göstərir ki, kənd təsərrüfatı istehsalçılarının iqtisadi fəaliyyətinin səmərəliliyinin təmin edilməsində, onların gəlirinin artırılmasında, sosial müdafisəsində ixtisaslaşmanın mühüm əhəmiyyəti var. İxtisaslaşma düzgün aparıldıqda əkinçilik və heyvandarlıq məhsullarının istehsalı davamlı artır. Bundan başqa, ixtisalaşma iri kənd təsərrüfatı istehsalçılarının yaradılmasına əlverişli şərait yaradır, kənd təsərrüfatı məhsullarının keyfiyyətinin yüksəldilməsinə müsbət təsir göstərir, yüksəkixtisaslı kadrların hazırlanmasını təmin edir. İxtisaslaşdırma düzgün aparıldıqda iş yerlərinin sayı artır, istehsal olunan məhsulun maya dəyəri aşağı düşür, rentabellə işləmə artır.

Kənd təsərrüfatında gəlirin artması ən yaxşı nəticələrdən sayılır. Belə ki, ölkənin kənd əhalisinin gəlir səviyyəsi aşağı olduqda onlar daha yüksək gəlir ümidi ilə şəhərlərə köçürlər. Bu məsələ ölkəmiz üçün də xarakterikdir. İxtisaslaşmanın düzgün aparılması kənd yerlərində əhalinin məşğulluğunun, gəlirinin artmasına da xidmət edir ki, bu da nəticədə əhalinin həmin ərazidə davamlı yaşayışına əsas yaradır.

Kənd təsərrüfatının ixtisaslaşdırılmasının digər faydalı tərəfi ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təmin edilməsidir. Hansı ölkədə düzgün ixtisaslaşdırılma aparılırsa həmin ölkədə kənd təsarrüfatı məhsulları ilə təminat yüksək səviyyədə olur. Azərbaycanın iqlim və torpaq resursları imkan verir ki, biz yerli istehsal hesabımıza özümüzü kənd təsərrüfatı məhsulları ilə 100 faiz təmin edək. Təəssüflər olsun ki, ixtisaslaşma probleminin həll olunmaması səbəbindən ölkəmizin kənd təsərrüfatı məhsulları ilə taminatında idxaldan asılılığı qalır.

Deməli, ixtisaslaşdırma düzgün aparılmaqla həm kənd təsərrüfatı məhsullarının istehsalı artar, istehsal olunan məhsul aşağı qiymətə satılar, bu məhsullarla əhalinin təminatı yaxşılaşar, eyni zamanda əhalinin gəliri artar, kənd rayonlarında iş imkanları yaxşılaşar.

Rəsmi məlumata əsasən, ölkəmizdə kənd təsərrüfatının tam ixtisaslaşmış sahələri-pambıqçılıq, meyvəçilik, üzümçülük, tərəvəzçilik, tütünçülük sayılır.

İxtisaslaşmanın əhəmiyyəti nəzərə alınaraq 2020-ci ildən tətbiq ediləcək yeni qaydalarda regionlar üzrə məhsul istehsalında subsidiyalar fəqləndiriləcək.
Hazırda məhsul istehsalı ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin və digər qurumların fermerə təsir imkanı yoxdur. Fermer hansı məhsulu, nə qədər istehsal edəcəyini özü müəyyənləşdirir və satır. Yeni qaydalarda istehsalın planlaşdırılmasının, xüsusən ixtisaslaşdırmanın aparılmasının həyata keçirilməsi mümkün olacaq. Rayonlardan hansılarında çəltik əkininin, hansılarında intensiv bağçılığın aparılması müəyyən olunaraq subsidiya veriləcək.

Sənayedə də regionlar üzrə istehsal sahələrinin ixtisaslaşdırılması vacibdir. Təcrübə, elmi araşdırmalar göstərir ki, müsbət ekoloji vəziyyətin qorunması, insanların həyat səviyyəsinin yaxşılaşdırılması, əhalinin ölkə üzrə məskunlaşmasının səmərəli təşkili, iqtisadi səmərəliliyin artırılması, rentabelliyin yüksəldilməsi və digər məqsədlər üçün regionlar üzrə sanaye müəssisələrinin düzgün yerləşdirilməsi vacibdir.

Sənaye istehsalının səmərəli yerləşdirilməsinin ölkənin inkişafına göstərdiyi müsbət təsir ilk növbədə sənaye istehsalının mahiyyətindən irəli gəlir. İqtisadiyyatın inkişafının müasir mərhələsində sənaye istehsalının düzgün yerləşdirilməsinin mühüm əhəmiyyəti vardır. Ölkənin sosial-iqtisadi inkişafını elmi-texniki tərəqqi əsasında sürətləndirmək sahəsində qarşıda duran vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi müəyyən mənada sənaye istehsalının səmərəli yerləşdirilməsindən asılıdır. Bununla yanaşı sənaye istehsalının regionlar üzrə düzgün yerləşdirilməsi əməyə qənaət olunmasını, əmək ehtiyatlarından və digər imkanlardan məqsədəuyğun istifadə edilməsi yolu ilə bir regionun kompleks qaydada səmərəli inkişafını təmin edir.

Sənaye istehsalının yerləşdirilməsi vəziyyəti regionların iqtisadiyyatının formalaşmasına dərin təsir göstərir. İstehsalın genişləndirilməsi əsasında ixtisaslaşdırılması regionların iqtisadiyyatının strukturunun keyfiyyətcə dəişməsinə gətirib çıxarır. Eyni zamanda, rayonlararası və rayondaxili istehsal əlaqələri genişlənir.

Kənd təsərrüfatında olduğu kimi sənayedə də elmi əsaslandınlmış şəkildə istehsal sahələri regionlar üzrə yerləşdirilməlidir. Burada diqqət yetiriləcək əsas cəhət sənaye istehsalının xammal mənbələrinə və istehlak rayonlarına yaxınlaşdırılmasıdır. Bu prinsipə riayət olunması ən vacib məsələlərdən biridir. Bu prinsipə riayət etməklə ölkə ərazisində mövcud olan təbii resursların səmərəli şəkildə təsərrüfat dövriyyəsinə cəlb olunması məsələsi həll edilir, əlavə nəqliyyat xərcləri azalır.

 

Ümumilikdə, maddi istehsalın regionlar üzrə ixtisaslaşması iqtisadiyyatın rəqabət gücünü artırır və onun inkişafı üçün güclü zəmin formalaşdırır.

 

Vasif CƏFƏROV

 

 

 

Sizin Reklam Yeriniz