Əlaqə Arxiv
news Image
2019.10.12
07:00
| A A A
Avropa biznesinin Azərbaycana marağı artır
Natiq Cəfərli: “Azərbaycan bazarı və infrastrukturu Avropa ölkələri üçün cəlbedicidir”

Son günlər Avropa İttifaqı ölkələrinin iqtisadi müstəvidə Azərbaycana olan marağının daha da artdığı müşahidə edilir. Belə ki, Almaniya, Fransa, Niderland, İtaliya, İspaniya və digər “köhnə qitə” ölkələri Azərbaycanla iqtisadi əlaqələrin dərinləşməsində maraqlı olduqlarını və bunun hər iki tərəfə əlavə imkanlar yaradacağını bildirirlər. Avropanın aparıcı dövlətlərinin Azərbaycanla iqtisadi əlaqələri dərinləşdirmək istəyinə səbəb nədir? Belə vəziyyət tərəflərə hansı dividentdər gətirəcək?

İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, infrastruktur və coğrafi məkan baxımından Azərbaycan Avropa ölkələrinin iqtisadi maraqlarında olduqca əlverişli ərazi hesab edilir: “Azərbaycan əslində, Orta Asiya, Rusiya və gələcəkdə problemlərin həlli fonunda İran bazarına çıxış üçün ideal bir coğrafi məkanda yerləşir. İnfrastruktur olaraq da ölkəmiz bölgədə ən çox inkişaf edən ölkədir. Yəni ölkəmizdə yol və dəmiryolu infrastrukturu geniş inkişaf edib. Şimal-Cənub, Şərq-Qərb dəmir yolları da fəaliyyətə başlayır. Bütün bunların nəticəsində ölkəmiz loqistik olaraq kifayət qədər maraqlı və gələcəkdə başqa bazarlara çıxış imkanlarını asanlaşdıran coğrafi məkanda yerləşir.

Azərbaycan infrastruktur baxımından da bölgənin ən inkişaf edən ölkəsidir. Gürcüstan, Ermənistan, Rusiya və İranla müqayisədə infrastrukturumuz daha yaxşı vəziyyətdədir. Bu da Avropa biznesinin ciddi marağına səbəb olub. Ona görə də Avropa ölkələrinin Azərbaycanla iqtisadi əlaqələri daha da genişləndirmək istəyi tək ölkəmizin bazarlarına hədəflənməyib. Sonradan onların Azərbaycan bazarında yer tutduqdan, burada fundamental təməl yaratdıqdan sonra Orta Asiya və İran bazarlarına getmələri üçün də ciddi imkanlar var. Ona görə də Avropa İttifaqı ölkələri Azərbaycanla getdikcə daha sıx əməkdaşlıq etməkyə ciddi şəkildə maraq göstərirlər. Bu əməkdaşlığın davamlı və dayanıqlı olması üçün isə Azərbaycanın Avropa İttifaqı ilə strateji tərəfdaşlıq sazişini tezliklə imzalamasına ehtiyac vardır. Bunun nəticəsində Avropa şirkətləri üçün bir çox zəmanətlər yaranacaq. Həmçinin, onun nəticəsində Azərbaycan daha maraqlı və cəlbedici duruma düşəcək.

Bundan başqa, Ümumdünya Ticarət Təşkilatı ilə bağlı danışıqlarımız da yekunlaşmaq üzrədir. Gələn ilin əvvəllərinə doğru bu istiqamətdə ciddi addımlar atılsa, bunun özü də xarici investorları, o cümlədən Avropadan olan biznesmenlərin Azərbaycana marağının daha da artması və daha çox investisiyanın ölkəmizə gəlməsinə səbəb olan amilə çevrilə bilər. Yəni infrastruktur və coğrafi məkan olaraq iqtisadi üstünlüklərimizi artıq iqtisadi dividentlərə çevirmək zamanıdır. Bunun üçün də Avropadan olan şirkətlər üçün cəlbedicilik baxımından mühit və şəraitin daha da yaxşılaşdırılmasına ehtiyac vardır”.

Ekspert qeyd etdi ki, Azərbaycanın daxili bazarının getdikcə böyüməsi də Avropanın ölkəmizə olan iqtisadi marağında mühüm rol oynayıb: “Ölkə əhalisinin sayı 10 milyonu keçib. Alıcılıq qabiliyyəti də Azərbaycanda getdikcə artır. 2015-2016-cı illərdə Azərbaycanda alıcılıq qabiliyyəti müəyyən qədər düşsə də, artıq bu sahədə də stabillik müşahidə olunur, hətta artr. Ona görə Azərbaycan bazarı cəlbedici olub. Avropa şirkətlərində həmçinin Azərbaycan bazarında möhkəmlənməklə sonradan ətraf ölkələrə, təxminən 300 milyonluq insanın olduğu bazarlara açılmaq imkanları da yaranır.  Avropa ölkələrinin şirkətləri bu nöqteyi-nəzərdən Azərbaycana bir loqistik mərkəz kimi baxa bilərlər”.

N. Cəfərli bildirdi ki, Avropa ölkələrinin Azərbaycanla iqtisadi əlaqələri genişləndirmək istəyi hər iki tərəf üçün çoxsaylı dividentlər vəd edir: “Bu fonda Azərbaycana daha çox investisiya gələcək, ölkəmizdə yeni iş yerləri açılacaq. Həmçinin, həmin proses qeyri-neft sektorunun inkişafına da ciddi təkan verəcək. Büdcəyə vergi və gömrük rüsumları şəklində əlavə gəlirlər gələcək. Digər tərəfdən, həmin proses Azərbaycan əhalisinin rifah halının yüksəlməsinə xidmət edən bir amilə çevriləcək. Avropa şirkətləri isə bu fonda həm Azərbaycan bazarının üstünlüklərindən yararlanmaq və sonradan ətraf bazarlara da açıqlmaqla qazanclarını dəfələrlə artırmaq şansları əldə edəcək. Yəni həmin proses hər iki tərəfə kifayət qədər ciddi dividentlər verəcək”.

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz