Əlaqə Arxiv
news Image
2019.10.15
10:27
| A A A
Türkiyə və Azərbaycan gömrük dəhlizini sadələşdirir
Cümşüd Nuriyev: “Bu cür anlaşmalar Türkiyəyə ixrac olunan Azərbaycan mallarının çeşidinin də artırılmasına təsir edəcək”

Oktyabrın 11-də Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Ankarada Türkiyənin Ticarət naziri Ruhsar Pekcanla görüşüb. Görüş zamanı “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sadələşdirilmiş gömrük dəhlizi haqqında anlaşma memorandumu” imzalanıb. S.Mehdiyev söyləyib ki, Azərbaycanın gömrük orqanlarında daha çevik, daha modern idarəçilik metodları tətbiq edilir, beynəlxalq ticarətin asan və sürətli şəkildə reallaşdırılması, vətəndaşların maksimum dərəcədə məmnuniyyətinin təmin olunması üçün yeni layihələr icra olunur. O, iki ölkənin gömrük orqanları arasında mütəmadi təcrübə mübadiləsinin aparıldığını bildirib, qarşılıqlı məlumat mübadiləsinin daha effektiv həyata keçirilməsinin vacibliyinə toxunub.

Son illər iki ölkə arasında ticarət əməliyyatlarının həcmində artım müşahidə edilir. Azərbaycanda istehsal edilən qeyri-neft sektoruna aid məhsulların Türkiyəyə ixracında artım var. 2019-cu ilin yanvar-avqust dövründə Azərbaycan 1,277 milyard dollar dəyərində qeyri-neft məhsulu satıb. Onun 278,6 milyon dolları Türkiyəyə ixrac edilib. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə Türkiyəyə qeyri-neft mallarının ixracı 12 faiz artıb.

Bu dövrdə Türkiyə Azərbaycana 975 milyon dollarlı mal ixrac edib. 2018-ci ilin eyni dövründə Türkiydən idxal 1 milyard dollar idi. 2019-cu ildə Türkiyədən idxalda 2,6 faiz azalma var.

İki ölkə arasında ticarət əməliyyatları artmaqla yanaşı, tranzit yükdaşımaları da artır. Türkiyə Azərbaycan üçün Avropaya gedən əsas quru yoldur. Eynilə Azərbaycan da Türkiyə üçün Orta Asiyaya açılan qapıdır. Bundan başqa Bakı-Tbilisi-Qars dəmiryol xəttinin istifadəyə verilməsindən sonra daşınan beynəlxalq tranzit yüklərin miqdarında artım var və gələcəkdə transit yüklərin miqdarında artım davam edəcək. Ticarət əməliyyatlarının həcminin artması fonunda iki ölkə arasında əldə edilən razılaşma önəmlidir. Bu baxımdan Ankarada imzalanan Türkiyə və Azərbaycan arasında sadələşdirilmiş gömrük dəhlizi haqqında anlaşma memorandumu ikitərəfli ticarət əlaqələrinin genişlənməsinə təkan verəcəkmi? Bu vəziyyətdə Türkiyə bazarlarında Azərbaycan məhsullarının çeşid və həcminin artmasını gözləmək olarmı?

İqtisadçı-ekspert Cümşüd Nuriyev hesab edir ki, iki ölkə arasında gömrük sahəsində əldə edilən razılaşmalar ticarət dövriyyəsinin artması, həmçinin tranzit yükdaşımalarının həcminin artması baxımından əhəmiyyətlidir. O qeyd etdi ki, Azərbaycanla Türkiyə arasında malların birbaşa qəbulu Naxçıvan Muxtar Respublikasının Sədərək gömrük məntəqəsi vasitəsilə həyata keçirilir, qalan yüklər isə əsasən Gürcüstan üzərindən daşınır. C.Niriyevin verdiyi məlumata əsasən, sadələşdirilmiş gömrük dəhlizi əvvəlcədən edilən müraciətlər əsasında gömrük yük bəyannamələrinin elektron qaydada həyata keçirilməsinə imkan yaradacaq, əlavə olaraq gömrük müayinəsi aparmayacaq, analizlərin, nümunələrin götürülməsinə ehtiyac qalmayacaq. Ekspert söylədi ki, bu razılaşma xüsusən tranzit yüklərin daşınma sürətini artıracaq: “Türkiyənin Azərbaycana gətirilən və ya Orta Asiya respublikalarına aparılan yüklərin, eyni zamanda əks istiqamətdə daşınan yükslərin əksər hissəsi Gürcüstandan keçirək Azərbayacana daxil olur. Gömrük dəhlizi sadələşdirilmiş olduqda tranzit yüklər yoxlanılmır. Yalnız xüsusi məlumat olduqda həmin yüklər saxlanılaraq yoxlamadan keçirilir. Sadələşdirilmiş gömrük dəhlizinə keçəndə Türkiyədən çıxan yük Azərbaycanda yoxlanılmadan istənilən təyinat məntəqəsinə gedə bilər.

Bu cür gömrük razılaşmaları ticarət dövriyyəsinə də müsbət təsir göstərəcək. Türkiyənin malları daha asanlıqla Ələt limanı üzərindən Orta Asiya respublikalarına daşınacaq. İran üzərindən keçən yüklər həddən çox yoxlamalara məruz qalır. Türkiyə yükləri Azərbaycandan keçərən Rusiyaya da daşınması sürətlə həyata keçiriləcək.

Azərbaycan hazırda Türkiyə modelindən bəhrələnir. Həmin modelə əsasən idxalı əvəzləyən məhsulların istehsalı təşkil edilir və bununla daxili tələbat ödənilməklə yanaşı, ixracın da artırılması hədəflənir. İki ölkə arasında gömrük prosedurlarının sadələşdirilməsi daha çox malların ticarət dövriyyəsinin artmasına şərair yaradacaq”.

C.Nuriyev iki ölkə arasında ticarət dövriyyəsinin artan templə inkişaf etdiyini, ildən-ilə həm Türkiyənin Azərbaycana, həm də Azərbaycanın Türkiyəyə ixracının artdığını vurğuladı. Onun sözlərinə görə iki ölkə arasında gediş-gəlişin, yüklərin keçidinin sadələşdirilməsi Azərbaycandan bu ölkəyə ixracı da artıracaq: “Bundan əvvəl Azərbaycan Türkiyə vətəndaşları üçün viza rejimini aradan qaldırılıb. Onun ardınca sadələşdirilmiş gömrük dəhlizinin yaradılması artıq o deməkdir ki, iki ölkə arasında “yaşıl dəhliz” yaranıb. “Yaşıl dəhliz”in yaranması hər iki ölkənin dünya bazarına çıxışına yaşıl işıq yandırılması deməkdir.

Bu cür anlaşmalar Türkiyəyə ixrac olunan Azərbaycan mallarının çeşidinin də artırılmasına təsir edəcək. Ölkəmizdə istehsal edilən kənd təsərrüfatı malları ekoloji təmiz məhsullardır. Ona görə də Türkiyədə Azərbaycanın kənd təsərrüfatı mallarına böyük ehtiyac var. İldən-ilə Azərbaycandan Türkiyəyə ixrac edilən mallarının dəyərinin və çeşidinin artmasını müşahidə edəcəyik.”

 

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz