news Image
2019.10.15
10:36
| A A A
MDB-də vahid maliyyə bazarının formalaşması gündəmə gəlir
Pərviz Heydərov: “Qarşılıqlı iqtisadi əlaqələrdə milli valyutalardan istifadə mümkündür”

MDB ölkələri ticarət müharibələri şəraitində özlərini valyuta risklərindən qorumalıdır, perspektivdə vahid maliyyə bazarının formalaşması barədə düşünməyə dəyər. Bunu Rusiya Prezidenti Vladimir Putin Aşqabadda keçirilən MDB dövlət başçıları Şurasının iclasında deyib.

Onun sözlərinə görə, burada vacib məqam milli valyutalarda hesablaşmalardır: "Mən bu gün bütün dünyanın qarşılaşdığı problemi nəzərdə tuturam. Biz bunu görürük. Bunun nəticələri ticarət müharibələri, müxtəlif məhdudiyyətlərdir. Və biz əlbəttə ki, valyuta risklərinə qarşı özümüzə zəmanət verməliyik. Valyuta sahəsində əməkdaşlığı inkişaf etdirmək, valyuta siyasətini razılaşdırmaq lazımdır".

Qeyd edək ki, MDB ölkələrinin bir-birilə və digər ölkələrlə xarici ticarət dövriyyəsində artım müşahidə edilir. 2017-ci ildə MDB ölkələrinin xarici ticarət dövriyyəsinin həcmi 890 milyard dollar olub. Bunun 171,4 milyard dollarını MDB-yə üzv olan ölkələrin qarşılıqlı ticarət dövriyyəsi təşkil edib. 2018-ci ildə MDB-yə üzv olan ölkələrin xarici ticarət dövriyyəsi 1 trilyon 44 milyard dolları ötüb. Ötən il MDB-yə üzv olan ölkələrin qarşılıqlı ticarəti 191,5 milyard dollara yüksəlib. Azərbaycanın MDB-yə üzv olan ölkələrlə qarşılıqlı ticarət dövriyyəsi isə 2018-ci ildə bir qədər də artıb. 2018-ci ildə qarşılıqlı ticarət dövriyyəsi 4 miyard dolları ötüb. Bunun 2,862 milyard dollarını idxal, 1,138 milyard dollarını ixrac təşkil edib.

İqtisadi əlaqələrin genişləndiyi indiki dövrdə xarici maliyyə risklərindən qorunması üçün MDB-də vahid maliyyə bazarının formalaşması mümkündürmü?

İqtisadçı-ekspert Pərviz Heydərov Rusiya Prezidenti Vladimir Putinin təklifini müsbət qiymətləndirir. Onun fikrincə son bir neçə ildə dünyada ticarət müharibələri güclənib, aparıcı valyutalar üzrə risklər getdikcə artır, maliyyə bazarlarında uzunmüddətli dayanıqlıq aradan götürülür. Ekspertin qənaətincə, bu nöqteyi-nəzərdən yanaşdıqda Müstəqil Dövlətlər Birliyi çərçivəsində kənar maliyyə təsirlərindən sığortalanmaq üçün Rusiya dövlət başçısının təklifi müsbət qiymətləndirilə bilər.

Amma o bildirdi ki, bu sahədə müvafiq mexanizm yaratmaq heç də asan məsələ deyil. Ona görə ki, MDB-yə üzv olan ölkələrin hər biri eyni zamanda dünya bazarlarına bu və ya digər üsullarla çıxırlar. Hər bir ölkənin özünün gəliri və çıxarı var, valyuta əldə etmək imkanları mövcuddur.

Bu ölkələrin hamısı dünya iqtisadiyyatının tərkib hissəsi olduğunu söyləyən P.Heydərov dedi ki, həmin ölkələrin qlobal təsirlərdən yayınması çətindir: “Qlobal iqtisadiyyat hazırda elə bir səviyyə gəlib çatıb ki, bir neçə ölkənin təcrid olunmuş şəkildə qarşılıqlı maliyyə, ticarət əlaqələr qura bilməsi və özlərini xarici maliyyə şoklarından qoruması müşkül məsələdir. Dünya iqtisadiyyatında inteqrasiya dərinləşib. Azərbaycan ixrac etdiyi məhsulların içərisində 90 faizdən çox paya enerji resursları sahibdir. Bu resursları MDB ölkələrinə satmırıq. Həmin məhsulları digər ölkələrə satıb əvəzində Azərbaycana valyuta qazandırırıq. Ölkə daxilində də iqtisadiyyatın inkişafı ilə bağlı həyata keçirilən işlər məhz bu gəlirlərin proqnozlaşdırılması əsasında müəyyən olunur, buna uyğun addımlar atılır.

Son illərdə MDB ölkələri ilə ticarət əlaqələrində yüksələn dinamika müşahidə edilir, iqtisadi bağlılığımız var. Amma kənar təsirlərdən, məsələn, ABŞ dollarının bahalaşacağı təqdirdə və ya neftin kəskin ucuzlaşacağı halda Azərbaycan iqtisadiyyatına gözlənilən xarici zərbədən yayınmaq üçün MDB-nin qalxan rolunu oynaması mümkün deyil.

MDB-də ən böyük iqtisadiyyata sahib olan ölkə Rusiyadır. Azərbaycan üçün Rusiya ən böyük bazardır. Ölkəmizdə istehsal edilən qeyri-neft məhsullarının əsas alıcısı da bu ölkədir. Lakin valyuta gəlirlərimizin 90 faizi neft sektorunun məhsullarına bağlı olduğundan bizə dəyə biləcək iqtisadi zərəri Rusiya bazarından əldə etdiyimiz gəlir kompensasiya edə bilməz”.

P.Heydərov qeyd etdi ki, Azərbaycan iqtisadiyyatı üçün əsas maliyyə riskini neftin qiymətinin kəskin enməsi və dolların həddən artıq bahalaşması yarada bilər. Onun fikrincə, bu şərt digər MDB ölkələri, o cümlədən Rusiya üçün də keçərlidir. O söylədi ki, Rusiya dünya bazarına ən çox enerji resursları çıxaran ölkədir: “Bu ölkənin iqtisadi riskləri enerji resurslarının qiymətindən asılıdır. MDB-də yaradılan vahid maliyyə bazarı Rusiyanu bu risklərdən xilas etməyəcək”.

Bununla belə ekspert düşünür ki, perspektivdə qarşılıqlı iqtisadi əlaqələrdə, ticarətdə milli valyutalardan istifadə edilməsi sahəsində mexanizmin yaradılmasına nail olmaq mümkündür. P.Heydərov maliyyə sferasında bundan artığını etməyin qeyri-mümkün olduğunu bildirdi.

 

Vasif CƏFƏROV