Əlaqə Arxiv
news Image
2019.10.15
08:22
| A A A
Gələn ildən Azərbaycana daxil olan valyutanın həcmi xeyli artacaq
Vüqar Bayramov: “Ölkəyə nə qədər çox valyuta daxil olursa, bu hal valyutaya olan tələbin ödənilməsində xüsusi rola malik olur”

 

Avropanı mavi yanacaqla təmin edən “Cənub Qaz Dəhlizi” nin işə düşməsilə Azərbaycana daxil olan valyuta həcminin daha da artması gözlənilir. Xatırladaq ki, “Cənub Qaz Dəhlizi” boru kəməri sistemi elə layihələndirilib ki, gələcəkdə mümkün əlavə qaz həcmlərinin təchiz edilə bilməsi üçün onun ötürücülük gücü öz ilkin ötürücülük gücünün iki misli qədər artırıla bilər. Bu isə tranzit yükdışmalardan da əlav gəlirin əldə olunması deməkdir.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov qeyd etdi ki, hər hansı bir layihədən gələn valyutanın həcminin artması vacib şərtlərdəndir: “Çünki nəticə etibarı ilə ölkəyə nə qədər çox valyuta daxil olursa, bu hal valyutaya olan tələbin ödənilməsində xüsusi rola malik olur. Azərbaycan layihə çərçivəsində mavi qazın ixracı ilə 100 milyard dollara yaxın vəsaitin daxil olacağını gözləyir.
Proqnozumuz da ondan ibarətdir ki, mövcud layihələr Azərbaycana 100 milyard dollarlıq gəlir gətirəcək. Amma bu da mərhələli şəkildə olacaq. Üzümüzə gələn dövrdə də həm maliyyə stabilliyi, həm də manatın məzənnəsi baxımından ölkəmiz üçün əsas faktor neftin dünya bazarında qiyməti olaraq qalacaq. Bununla belə, “Cənub Qaz Dəhlizi” ölkəyə daha çox valyutanın axması deməkdir. Ölkəyə daxil olan valyutanın artması birmənalı şəkildə vacibdir.  Bu mənada 2020-ci ildə xüsusən idxalın tənzimlənməsi istiqamətində fəaliyyətin genişləndirilməsinə ehtiyac var. Çünki bir tərəfdən idxalın həcmi birbaşa valyutaya olan tələbimizə birbaşa təsir göstərir. Ona görə ki, idxalın həcminin tənzimlənməsi ölkəyə daxil olan valyutada müsbət saldonun yaranmasına imkan verən əsas faktorlardan biridir. Bu baxımdan bütövlükdə enerji məhsullarının qiyməti ölkəyə daxil olan valyutanın həcmini müəyyənləşdirəcək əsas faktor olacaq. Belədə “Cənub Qaz Dəhlizi”nin işə düşməsilə maliyyə sektorunda müəyyən canlanmalar da olacaq.
Sözsüz ki, növbəti illərdə də Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşması ilə ölkəyə valyuta daxilolmalarını artırmaq imkanı qazanacaq. Dediyim kimi manatın məzənnəsi və maliyyə sektorumuzun vəziyyəti daha çox neftin dünya bazarındakı qiymətindən asılı olacaq. Neft eyni zamanda, mavi qazın da qiymətinə təsir göstərir. Çünki neftin dünya bazarındakı qiyməti həm “Cənub Qaz Dəhlizi”ndən, həm də neft satışından əldə edilən gəlirin həcmini birbaşa olaraq müəyyənləşdirəcək”. 

R. SOLTANOV

Sizin Reklam Yeriniz