Əlaqə Arxiv
news Image
2019.10.16
09:21
| A A A
Türkdilli ölkələrin iqtisadi güc mərkəzi yaranır
İnvestisiya sahəsində qarşılıqlı səmərəli əməkdaşlıq həyata keçirilir

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü göstərdi ki, türk dünyası yeni iqtisadi güc mərkəzinə çevrilmək istəyir. Şuranın üzvlərinin sayının artması və bu üzvlərin bir-birilə iqtisadi əlaqələrinin genişlənməsi türkdilli ölkələrin həm öz regionlarında, həm də qlobal səviyyədə iqtisadi mövqeyini gücləndirir. Hazırda türkdilli dövlətlərin birliyinə 5 ölkə (Türkiyə, Qazaxıstan, Özbəkistan, Azərbaycan və Qırğızıstan) daxildir. Gələcəkdə daha 2 ölkənin (Türkmənitsan və Macarıstan) bu birliyə qoşulması gözlənilir.

Türkdilli dövlətlər arasında Əməkdaşlıq Şurasının yaradılmasında əsas məqsədlərdən ortaq maraq kəsb edən bütün sahələrdə regional və ikitərəfli əməkdaşlığın gücləndirilməsidir. Ortaq maraqlar arasında iqtisadi maraqlar önə çıxan əsas məsələlərdəndir. Şuranın qarşısında qoyulan başlıca iqtisadi məqsəd və vəzifələr ticarət əlaqələri və investisiyalar üçün əlverişli şəraitin yaradılması, hərtərəfli və balanslaşdırılmış iqtisadi yüksəlişə, sosial və mədəni inkişafa səy göstərilməsidir.

Təşkilatın təsis edildiyi tarixdən bu günə qədər iqtisadi əməkdaşlıq çərçivəsində bir sıra tədbirlər, iqtisadiyyat, gömrük və nəqliyyat nazirlərinin görüşləri keçirilib. Yalnız 2019-cu ildə iqtisadi məsələlərlə bağlı 3 toplantı baş tutub. Bu toplantılardan birincisi yanvarın 17-18-i tarixlərində baş tutub. İstanbulda baş tutan toplantıda Türk İnvestisiya Fondunun yaradılması ilə bağlı texniki iclasın 1-ci mərhələsi keçirilib. İyunun 25-26-sı tarixlərində Türk İnvestisiya Fondunun yaradılması ilə bağlı texniki iclasın 2-ci mərhələsi baş tutub.

2-3 iyul 2019-cu il tarixlərində isə Əçəkdaşlıq Şurasının İqtisadiyyat nazirlərinin 9-cu, iqtisadiyyat üzrə işçi qrupunun 11-ci iclası keçirildi. Qazaxıstan Nur-Sultan şəhərində keçirilən toplantıda iqtisadi sahə ilə bağlı bir çox məsələlər nəzərdən keçirilib.

Türkdilli ölkələrin iqisadi güc mərkəzinə çevrilməsi üçün əlverişli zəmin var. Bu ölkələrin bir-birinə yaxın olması, investisiya üçün əlverişli imkanlara sahib olması, tarixi İpək Yolu üzərində yerləşmələri, güclü təbii resurslara sahib olması, əhalinin sayının çoxluğu və təbii artımın yüksək olması kimi amillər inkişaf imkanlarını artırır. Bu təbii əsaslar türkdilli ölkələrin iqtisadiyyatında böyümə potensialının yüksək olduğunu göstərir. Beynəlxalq valyuta Fondunun proqnozuna əsasən 2019-cu ildə türkdilli ölkələrdə yaradılan iqtisadiyyatın real dəyəri 4 trilyon dollara çatacaq. Ümumi Daxili Məhsulun (ÜDM) müqayisəli qiymətlərlə dəyərləndirilməsinə əsasən 2019-cu ildə Türkiyədə ÜDM istehsalı 2,465 trilyon dollar, Qazaxıstanda 535 milyard dollar, Macarıstanda 329 milyard dollar, Özbəkistanda 267 milyard dollar, Azərbaycanda 190 milyard dollar, Türkmənistanda 122 milyard dollar, Qırğızıstanda 26 milyard dollar olacaq. 2018-ci ilin məlumatına əsasən, ÜDM nominal qiymətlərlə hesablandıqda 1,2 trilyon dollardır. İqtisadiyyatın real qiymətlərlə aparılan dəyərləndirməsi göstərir ki, türkdilli ölkələrin inkişaf üçün iqtisadi potensialı böyükdür, əməkdaşlıq, investisiya qoyuluşunun artırılması, regional layihələrin dəstəklənməsi, texnologiyaların paylaşılması və digər tədbirlərlə iqtisadiyyatın nominal dəyərini daha çox yüksəlmək imkanı var. 2017-ci ilin məlumatlna əsasən türkdilli ölkələrdə real ÜDM-nin həcmi 3,5 trilyon dollar idi. İki il ərzində türkdilli ölkələr real ÜDM istehsalında 500 milyard dollarlıq ciddi artım əldə edəcək.

2018-ci ilin məlumatına əsasən türkdilli ölkələrin cəmi ixracı 345 milyard dollar təşkil edib. İxracda da son illərdə artım müşahidə olunur.

Türkdilli ölkələrdə iqtisadi artımı dəstəkləyən əsas faktorlardan biri daxili bazarın böyüməsidir. Daxili bazarın böyüməsini əhalinin gəlirlərinin artması ilə yanaşı, əhali sayındakı artım da dəstəkləyir. 2019-cu ilin əvvəlinə olan məlumata görə türkdilli ölkələrdə 166 milyondan çox insan yaşayır. Bu ölkələrdən Macarıstan istisna olmaqla hamısında təbii artım müşahidə edilir. 2010-cu ildə türkdilli ölkələrdə 147 milyon insan yaşayıb. Son 9 ildə türkdilli ölkələrdə əhali sayının 19 milyon nəfər və ya 13 faiz artması müşahidə edilib. Əhali sayının artması ilk növbədə daxildə istehlak bazarının həcminin artmasına səbəb olur. Bu amil xarici investisiyalar üçün cəlbediciliyi də yüksəldir. Proqnozlara əsasən 2025-ci ildə türkdilli ölkələrdə əhali sayı 180 milyon nəfərə çatacaq. Daim böyüyən bazar və artan iqtisadiyyat türkdilli ölkələrin iqtisadi imkanlarını gücləndirəcək.

Azərbaycanın da türkdilli ölkələrlə iqtisadi münasibətləri inkişaf edir, ticarət əlaqələri genişlənir. 2017-ci ildə Azərbaycanın yalnız Əçəkdaşlıq Şurasına üzv olan ölkələrlə ticarət dövriyyəsi 11,4%, 2018-ci ildə 16% artıb. İnvestisiya sahəsində qarşılıqlı səmərəli əməkdaşlıq həyata keçirilir. Azərbaycan Əməkdaşlıq Şurasına üzv ölkələrə 15 milyard dollarından çox, həmin ölkələr isə Azərbaycan iqtisadiyyatına 12,5 milyard dollardan artıq sərmayə yatırıb.

Türkdilli ölkələr arasında ticarət, nəqliyyat-tranzit, turizm, informasiya kommunikasiya texnologiyaları və s. sahələrədə əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar var. Bu potensialdan maksimum dərəcədə faydalanmaqla türkdilli ölkələri Avropa ilə Asiyanın birləşdiyi regionda mühüm iqtisadi güc mərkəzinə çevirə bilər.

 

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz