Əlaqə Arxiv
news Image
2019.10.17
09:03
| A A A
Azərbaycandan əсnəbi ölkələrin daşınmaz əmlak bazarına pul axını artır
Elnur Azadov: “Xaricdə mənzil alışının artmasının səbəblərindən biri banklarda olan depozit faizlərinin aşağı düşməsidir”

Azərbaycan vətəndaşlarının xarici ölkələrdə daşınmaz əmlak, xüsusən də yaşayış mənzillərinin alışına böyük marağı var. Vətəndaşlarımız əsasən Türkiyədə daşınmaz əmlak alışına pul xərcləyir. Türkiyənin Torpaq Kadastrı və Alqı-satqı İşləri üzrə Dövlət Orqanının məlumatına əsasən, 2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycan vətəndaşları Türkiyədə 829 daşınmaz əmlak əldə edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 128 ədəd və ya 18,1 faiz çoxdur.Azərbaycan vətəndaşları Türkiyədə 2018-ci ildə 1250 ədəd, 2017-ci ildə 742 ədəd, 2016-cı ildə 610 ədəd daşınmaz əmlak alıb. Statistika göstərir ki, son bir neçə ildə vətəndaşlarımızın Türkiyədə daşınmaz əmlak alışı 2016-cı ildən bəri 2 dəfədən çox artıb.

Vətəndaşlarımız sadəcə, Türkiyədə daşınmaz əmlak almır. Gürcüstan, Ukrayna, İspaniya, Yunanıstan, Böyük Britaniyada da daşınmaz əmlak almaq istəyənlər var.

Bir ölkənin vətəndaşının digər ölkənin ərazində daşınmaz əmlak almasında təəccüblə heç nə yoxdur. Azərbaycanda da bəzi ölkələrin vətəndaşları tərəfindən daşınmaz əmlak alınmasına dair faktlar var. Ölkəmizdə Rusiya, İran, Gürcüstan, Türkiyə vətəndaşları tərəfindən daşınmaz əmlak, əsasən də yaşayış mənzilləri alınıb.

Bir qayda olaraq əhalinin yüksəkgəlirli hissəsi iqtisadi baxımdan daha cəlbedici olan, perspektiv vəd edən xarici ölkələrin daşınmaz əmlak bazarlarına sərmayə qoyur. Bəzi şəxslər bu işlə peşəkarcasına məşğul olur, məqsədli sərmayə edir, bəziləri isə ümumi dinamikaya, tələbə baxaraq davranır. 2014-cü ilə qədər Azərbaycan vətəndaşları ölkədaxilində daşınmaz əmlak bazarına sərmayə qoyuluşuna daha çox üstünlük verirdilər. Amma son illərdə xarici ölkələrə, xüsusən də Türkiyənin daşınmaz əmlak bazarına sərmayə qoyuluşunun artması müşahidə edilir. Xaricdə daşınmaz əmlak alışına qoyulan sərmayənin artmasının səbəbi nədir, niyə yerli investorlar həmin vəsaitləri daxili daşınmaz əmlak bazarına yönəltmir?

Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov hesab edir ki, Azərbaycan vətəndaşlarının xaricdə mənzil alışını artırmasının əsas səbəblərindən biri banklarda olan depozitlər üzrə verilən faizlərin aşağı düşməsidir. O qeyd etdi ki, əvvəllər depozitlər, istər milli valyutada, istərsə də xarici valyutada olsun, yüksək faizlə qəbul edilirdi: “Banklar 13, 14 və hətta 15 faizə kimi yüksək faizlə depozit qəbul edirdi. Hazırda xarici valyutada yerləşdirilən depozitlər üzrə illik faiz dərəcəsi 2 faizə qədər, manatla olan depozitlərdə isə 8-9 faizə qədər aşağı salınıb. Banklar depozitlərə, xüsusilə də xarici valyutada olan əmanətlərə az faiz ödədiyindən həmin vəsaitlərin bir hissəsi banklardan çıxarılaraq xaricdə, o cümlədən Türkiyədə daşınmaz əmlak alışına qoyulur”.

E.Azadov söylədi ki, ölkədə depozit faizləri yüksək olduqda vətəndaşlar pulu banklara qoyur, aşağı olduqda isə banklardan çıxarıb daşınmaz əmlaka yənəldir. Ekspert bildirdi ki, depozit faizlərinin aşağı düşməsi ilə yanaşı Azərbaycanda daşınmaz əmlak bazarında qiymətlərin sabitləşməsi də vəsaitlərin bir hissəsinin xaricə yönəlməsinə səbəb olub. Bununla belə E.Azadov daşınmaz əmlak bazarında qiymətlərin sabitləşməsinin alıcı üçün əlverişli olduğu qənaətindədir: “Əslində qiymətlərin sabitləşməsi yaxşıdır, çünki bu halda qiymətlər əlçatan olur. Hazırda Bakıda 200-dən çox çoxmərtəbəli bina tikilir. Tikilin binaların sayının çox olması sağlam rəqabət yaradır, keyfiyyət yüksəlir, qiymətləri bir qədər də aşağı salır. Bu yaxşı haldır, alıcı üçün əlverişlidir”.

E.Azadovun sözlərinə görə, elə katiqoriya insanlar var ki, onların gəliri yüksəkdir və onlar perspektivi fikirləşərək xaricdə mənzil alır: “Həmin insanlar müxtəlif təyinatlı, bir neçə daşınmaz əmlak alır. Bu insanlar xaricdə də daşınmaz əmlak alır. Azərbaycan vətəndaşları üçün Türkiyə ən əlverişli ölkədir. Türkiyə dil, məsafə baxımdan bizə yaxın olan ölkədir. Buradan ev alanlar çalışır ki, uşaqları Türkiyə təhsil alanda yaşamağa rahat yeri olsun. Bundan başqa, turizmin inkişaf etdiyi rayonlarda, şəhərlərdə mənzil almağa çalışırlar ki, bundan gəlir əldə etsinlər. Turist axını olan zonalarda mənzillərin kirayəsi daimi olur”.

Ekspert hesab edir ki, Türkiyədə mənzil alışının artmasının digər səbəbi bu ölkədə reklam və daşınmaz əmlak satışı ilə bağlı xidmətlərin yüksək səviyyədə təşkil edilməsidir: “Türkiyədə tikinti şirkətləri nadir hallarda öz məhsulunu satır. Mənzillərin satışı əmlak şirkətlərinə həvalə edilir. Ölkəmizdə belə bir praktika yoxdur. Azərbaycanda tikinti şirkətlərinin özü daşınmaz əmlakı satı. Əksər hallarda da bunu qeyri-peşəkar şəkildə edirlər. İnkişaf etmiş ölkələrdə satışla peşəkar əmlak şirkətləri məşğul olur. Bu da satış göstəricilərinin artmasına kömək edir. Türkiyədə isə əmlak şirkətləri yalnız satışla məşğul olmur, onlar həm də alınan mənzilin sonrakı idarə edilməsini də həyata keçirir. Bütün dünyaya reklam edirlər ki, Türkiyədə daşınmaz əmlaka investisiya qoy, əmlakı al, sonra mən bunun idarəetməsi ilə məşğul olacam, həm cari təmirini edəcəm, həm də mənzilin boş qalmayacaq, mənzildə qalmağa müştəri də tapacam. Əmlak şirkətləri müştərini cəlb edir, onu hava limanında qarşılayır, şəhərlə tanış edir, yüksək xidmət göstərirlər ki, bu da alıcıda marağı oyadır”.

 

Vasif CƏFƏROV  

Sizin Reklam Yeriniz