Əlaqə Arxiv
news Image
2019.10.18
08:58
| A A A
Azərbaycan-Türkiyə iqtisadi əlaqələrində yeni mərhələ
Rəşad Həsənov: “Türkiyə sanksiyaların təsirini azaltmaq üçün yaxın, qonşu ölkələrlə iqtisadi yaxınlaşmasını gücləndirəcək”

ABŞ Suriya ilə sərhəddə təhlükəzislik zonası yaratmaq üçün hərbi əməliyyatlara başlayan Türkiyəyə qarşı bəzi iqtisadi sanksiyalar tətbiq edib. Hələlik sanksiyalar ağır deyil, amma bu davranışın Türkiyə iqtisadiyyatı ətrafında gərginliyi artırdığı aydın görünür. Qərbin Türkiyəyə qarşı sankisiyalarını genişlənməsi qardaş ölkəyə nə vəd edir? Bu durumda Türkiyənin digər ölkələr, xüsusən də Azərbaycanla iqtisadi əlaqələri necə inkişaf edəcək?

ABŞ-ın sanksiyaları bir qədər də gücləndirməsi istisna edilmir və sanksiya siyasətinə Avropa İttifaqının da qoşulması mümkündür. Bu halda Türkiyə iqtisadiyyatına neqativ təsir yalnız lirədə məzənnənin yüksəlməsi şəklində yox, həm də başqa şəkillərdə özünü büruzə verəcək.

Türkiyəyə qarşı sanksiyaların onunla sıx iqtisadi əməkdaşlıq edən ölkələrin iqtisadiyyatına da təsiri istisna edilmir. Türkiyə Azərbaycan üçün yalnız strateji baxımdan deyil, həmçinin iqtisadi aspektdən də vacib tərəfdaşdır. Azərbaycan son illər Türkiyə iqtisadiyyatına 15 milyard dollardan çox sərmayə yönəldib. Türkiyə Azərbaycanın qeyri-neft ixracatında ikinci əsas tərəfdaşdır. Qeyri-neft məhsullarımızın 20 faizini Türkiyə alır.

İqtisadçı-ekspert Rəşad Həsənov hazırda Türkiyə ətrafında yaranmış iqtisadi konyukturun qardaş ölkə və onunla sıx əlaqədə olan ölkələr üçün əlverişli olmadığını düşünür. Onun fikrincə. Türkiyə iqtisadiyyatı xarici investisiyalardan əhəmiyyətli dərəcədə asılı olduğundan xarici neqativ təsirlərin güclənməsi arzuedilən deyil. “Buna görə də Suriyada yaranmış gərgin vəziyyət uzanarsa, Türkiyə üçün neqativ iqtisadi şərait bir qədər də ağırlaşacaq”, - deyən ekspert güman edir ki, Türkiyə sanksiyaların təsirini azaltmaq üçün yaxın, qonşu ölkələrlə iqtisadi yaxınlaşmasını gücləndirəcək. O, milli valyutalarla əməliyyatların həyata keçirilməsi, ticarət dövriyyəsinin artırılması kimi məsələlərin bir qədər də aktuallaşacağını söylədi.

R.Həsənov hesab edir ki, Türkiyə ətrafında yaranan konyuktur Azərbaycana da təsir edə bilər: “Türkiyə Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır. Sanksiyalar genişlənərsə, Türkiyə valyutasının dəyərsizləşməsi prosesi başlayacaq. Bu proses artıq başlayıb, amma sanksiyaların dairəsindən və müddətindən asılı olaraq lirə dollar qarşısında daha çox dəyər itirə bilər. Lirə daha çox ucuzlaşarsa, Türkiyədən Azərbaycana ixrac olunan malların miqdartı artacaq. Çünki milli valyuta dəyər itirdikdə həmin ölkədə olan malların qiyməti daha əlverişli olur və nəticədə ixrac artır. Lirə ucuzlaşarsa Türkiyədən idxal artacaq və ticarət saldosu bir qədər də böyüyəcək”.

Azərbaycanın Türkiyədə böyük investisiyaları var. Bu investisiyalar uzunmüddətli dövr üçün kapital yatırımları ilə əhatə olunan sərmayələrdən ibarətdir. Türkiyə iqtisadiyyatının alıcığının azalması investisiyaların geri götürülməsi müddəti uzana bilər”. Ekspert düşünür ki, Azərbaycana Türkiyədən sərmayə qoyuluşu azalacaq, əvəzində ölkəmizdən Türkiyəyə daha çox kapital axını baş verəcək.

 

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz