Əlaqə Arxiv
news Image
2019.10.18
08:44
| A A A
Real sektorun çözülməyən kredit problemi
Əkrəm Həsənov: “Bank qanunvericiliyi səviyyəsi bərbad vəziyyətdədir”

Məlumat verildiyi kimi, Prezident İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirə zamanı dövlət başçısı bankların yenə də əvvəlki tək daha çox istehlak kreditləri verməsi məsələsinə toxunaraq real sektora az maliyyə ayırmalarını tənqid edib. Həqiqətən də, kommersiya bankları yenidən bir neçə il əvvəl olduğu kimi vəsaitlərini əsasən istehlak kreditinə yönəldirlər. 

Onu da vurğulayaq ki, istehlak kreditinə ayrılan kreditlər fonunda həmin vəsaitin mühüm hissəsi xaricə axır. Belə ki, əhalinin istehlak krediti ilə aldığı avtomobil, telefon, televizor və digər məişət cihazlarının əksər hissəsi  demək olar idxal məhsullarıdır. Bu isə istehlak kreditinin çox olması fonunda xeyli miqdarda vəsaitin xaricə yönəlməsi deməkdir. Yaranmış vəziyyət və dövlət başçısının da bankların real sektora az maliyyə ayırmasını tənqid etməsi fonunda hansı addımlar atılmalıdır ki, banklar krediti əsasən məhz real sektora yönəltsinlər?

Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənovun fikrincə, kommersiya banklarının real sektora maliyyə ayırmağa ciddi maraq göstərməməsinin başlıca səbəbi Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatasınıın fəaliyyətilə bağlıdır: “Prezident keçirilən iqtisadi müşavirədə bütövlükdə bank sektorunu tənqid etdi. Bank sistemi isə Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatasından və komersiya banklarından ibarətdir.

Burada yaranan əsas problem odur ki, bankların ucuz vəsaitləri yoxdur. Real sektor isə ucuz pulun olmasında maraqlıdır. Sahibkarlar heç bir halda bahalı kredit götürməkdə maraqlı deyillər, çünki ölkədə əvvəlki gəlirlilik dərəcəsi yoxdur. Deməli, sahibkarlar ucuz kredit istəyir, banklar isə onu verə bilmir. Ucuz pul vəsaiti isə Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyəsilə Mərkəzi Bankdan götürülməlidir. Amma görünən odur ki, onlar ucuz kredit vermir. Cari ilin fevralın 28-də Prezident dollar krediti üzrə fərman verdi. Həmin fərmanda göstərilirdi ki,  kommersiya banklarının öz müştərilərinin kreditini rektrutizasiya etməsi üçün Mərkəzi Bank kommersiya banklarına 682 milyon manat kredit verməlidir. Ancaq hələ də Mərkəzi Bank bu istiqamətdə bir qəpik də xərcləməyib. Banklara pul verilməlidir ki, onlar da onu real sektora yönəltsinlər”.

Ekspert bildirdi ki, yaranmış vəziyyətdə bankların da günahı var: “Kommersiya bankları daha rahat gəlir arxasınca qaçır. Əhaliyə istehlak kreditinin verilməsi də real sektora kredit ayırmaqdan daha rahatdır. Bunun üçün çoxsaylı sənədlərə də ehtiyac yoxdur. İstehlak krediti veriləndə əksər hallarda vətəndaşın gəlirinə baxılmır. Bu məsələyə Palata da ümumən göz yumur.

Banklar düşünür ki, vətəndaş istehlak kreditini qaytarmasa, kollektorlar vasitəsilə ona təzyiq edəcək, əmlakının satışını həyata keçirəcək. Yəni insanları belədə qorxu altında saxlamaqla istehlak krediti alandan pulu sonra geri alır. Sahibkara isə banklar uzun müddətli və az faizlə kredit verilməli, həmçinin onun fəaliyyətini daim yoxlamalıdır.  Bu isə vaxt və əlavə vəsait tələb edir. Belədə banklar vətəndaşla işləməyə, sahibkarla işləməkdən daha asan baxırlar”.

Digər tərəfdən ekspertə görə, məhkəmə hüquq sistemi də sözügedən durumun yaranmasına səbəb olur: “Məhkəmə hüquq sisteminin vəziyyəti qənaətbəxş deyil. Bank sistemilə bərabər məhkəmə hüquq sisteminə də münasibət bildirilməlidir. Məhkəmə sistemində müəyyən dərəcədə savadsızlıq hökm sürür. Banklar vətəndaşla olan işini məhkəmədə “optovoy” həll edir. Yəni məsələn, 100 vətəndaşla kredit problemi olduqda onu bir anının içində məhkəmədə həll edirlər. Ümid edirəm ki, Prezidentin çıxışından sonra bu istiqamətdə  müəyyən tədbirlər görüləcək”.

Ə. Həsənov bankların real sektora marağının artması üçün ilk növbədə Maliyyə Bazarına Nəzarət Palatasının fəaliyyətinin canlanmasını vacib sayır: “Onlar işin öhdəsindən gələ bilmirlər. Palatanın indiki rəhbərliyi hələlik  vəzifəyə təyin olunmayıb, müvəqqəti icra edirlər.  Eyni məsələ Mərkəzi Banka da aiddir. Digər tərəfdən, qanunvericilikdə də dəyişiklik olmalıdır. Prezident hələ 2004-cü ildə “Bank Məcəlləsi”nin hazırlanması barədə sərəncam verdi. 10 il ərzində bu istiqamətdə addım atılmadığından 2014-cü ildə Prezident növbəti dəfə sərəncam verdi. Daha 5 il keçsə də hələ də hazırlanmayıb. Bu da onu göstərir ki, bank qanunvericiliyi səviyyəsi bərbad vəziyyətdədir. Bunların nəticəsi olaraq banklara düzgün nəzarət sistemi də qurulmalıdır. Habelə, banklara lazımi qədər kredit ayrılmalıdır ki, real sektora marağın göstərilmədiyi barədə yaşanan problemlər də nəhayət, öz həllini tapsın”.

Rüfət NADİROĞLU

 

Sizin Reklam Yeriniz