Əlaqə Arxiv
news Image
2019.10.19
09:00
| A A A
Şişirdilmiş xərclərlə daha büdcədən pul silmək mümkün olmayacaq
Fikrət Yusifov: “Maliyyə Nazirliyi bütün təklifləri nəzərdən keçirərək təşkilatlara büdcənin imkanlarına uyğun şəkildə vəsait ayırmalıdır”

Dövlət büdcəsinin xərclərindən daha səmərəli istifadə edilməsi məqsədilə nəzarət tədbirləri bir qədər də gücləndiriləcək. 2020-ci ilin dövlət büdcəsinin xərclərinə münasibətdə bu yanaşmanı görəcəyik. Büdcə xərclərindən istifadədə qənaətcillik, vəsaitlərin təyinatı üzrə məqsədyönlü və səmərəli istifadə olunma, maliyyə intizamının təmin edilməsi olduqca önəmlidir. Bu şərtlər daxilində nisbətən az vəsaitlə daha böyük həcmdə iş görmək mümkündür. Əks halda, yəni xərc maddələri üzrə hazırlanan layihələrdə şişirdilmiş vəsaitlər tələb edildikdə isə büdcənin səmərəliliyi itir.

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də keçirilən müşavirədə büdcə xərclərindən düzgün istifadə edilməsi ilə bağlı məsələyə toxunub. Cənab Prezident bildirib ki, gələn ilin büdcəsi həm sosialyönümlü, həm də investisiyayönümlü olmalıdır. İlham Əliyev deyib ki, gələn il də ciddi sosial proqramlar icra ediləcək, əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün önəmli addımlar atılacaq. Amma eyni zamanda infrastruktur layihələrinin icrası ilə əlaqədar kifayət qədər vəsaiti olmalıdır. Prezident qeyd edib ki, gələn ilin xərclərinə çox böyük diqqətlə baxılmalı və burada şəffaflığı tam təmin etmək üçün hökumət təkliflər verməlidir. İlham Əliyev bir sıra hallarda ayrı-ayrı dövlət qurumları tərəfindən təqdim edilən layihələrdə xərclərin şişirdildiyini vurğulayıb: “Tezliklə, ilin sonuna qədər bu təkliflərə baxılacaq. Beləliklə, əminəm ki, biz eyni həcmdə olan işi az vəsaitlə icra edə bilərik. Buna nail olmaq üçün, ilk növbədə, şəffaflıq, dövlət nəzarəti və ictimai nəzarət olmalıdır. Hər ilin sonunda büdcə müzakirə olunarkən, sifarişlər göndərirlər. Özü də orada şişirdilmiş rəqəmlər öz əksini tapır, havadan götürülmüş rəqəmlər. Onlardan soruşanda ki, misal üçün bənd tikmək, yol çəkmək, kabel çəkmək bu qədər vəsait barədə rəqəmi haradan götürürsən!? Havadan. Sonra araşdırma aparılır, görünür ki, şişirdiblər. Nəyə görə şişirdiblər? Aydın məsələdir nəyə görə. Buna da son qoyulmalıdır. Ona görə Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, - bunu təkcə onların boynuna atmaq olmaz, - hökumət də nəzarətçi kimi şişirdilmiş bütün o rəqəmləri təhlil etsinlər və real rəqəmləri müəyyənləşdirsinlər. O rəqəmləri verənlər gərək məsuliyyət daşısınlar. Əgər bu dəfə bizim dövlət qurumlarımız, şirkətlərimiz yenə də şişirdilmiş rəqəmlər versələr, artıq özlərini ifşa etmiş olacaqlar. Hökumət əlbəttə ki, onların bütün təkliflərinə baxacaq. Amma onlar əgər şişirdilmiş rəqəmləri versələr, öz cəzalarını alacaqlar. Ona görə zəhmət çəkib normal işləsinlər və pis vərdişlərdən əl çəksinlər. Beləliklə, biz büdcəyə böyük qənaət edərik, maaşların, pensiyaların artırılmasına imkan yaradarıq və şəffaflığı təmin edə bilərik. Ona görə qarşıdakı həftələr ərzində gələn ilin büdcəsinin parametrləri ilə əlaqədar çox fəal iş aparılmalıdır. Bugünkü müşavirə, o cümlədən bu məsələyə həsr olunub. Ona görə istərdim ki, indi burada gələn ilin büdcəsi ilə əlaqədar fikirlər və təkliflər səslənsin.”

Dövlət büdcəsindən ayrılan vəsaitlərin qənaətlə, təyinatı üzrə istifadənin önəmli olduğunu deyən keçmiş maliyyə naziri, “Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov hesab edir ki, xərclərdə səmərəliliyin artırılması önəmli şərtdir. F.Yusifov bildirdi ki, dövlət büdcəsindən maliyyələşən bütün təşkilatlar həmin sahədə olan bütün problemləri həll etmək istəyir. Onun fikrincə Maliyyə Nazirliyi bütün təklifləri nəzərdən keçirərək təşkilatlara büdcənin imkanlarına uyğun şəkildə vəsait ayırmalıdır: “Məsələn, bir qurumun rəhbəri istəyir ki, inzibati idarə tamamilə təmir edilsin, köhnələn avadanlıqların hamısı yenilənsin, xidməti avtomobil parkında köhnələn avtomobillər təzələnsin və mövcud olan digər çatışmazlıqların hamısı aradan qaldırılsın. Bu təklifdir, verilir və qurum rəhbərləri çatışmazlıqların birdəfəyə həllinə çalışır. Maliyyə Nazirliyi ondan ötrüdür ki, həmin təklifləri araşdırıb, büdcənin imkanına uyğun vəsait ayırsın.

Maliyyə Nazirliyində bütün sahələr üzrə çox yaxşı, savadlı mütəxəsislər işləyir. Onlar sahələr üzrə gələn təkliflərə baxıb, daha təcili olan məsələlərə vəsait ayrılmasını tövsiyə edir. Reallığı, büdcənin imkanlarını nəzərə almaq lazımdır. Hər şeyin bir sərhəddi var, istənilən qədər büdcədən vəsait ayrıla bilməz. Maliyyə Nazirliyi təkliflərə baxaraq əsaslandırır ki, dövlət qurumlarının istədiyi vəsaitin hamısını yox, müəyyən hissəsini vermək olar”.

F.Yusifov söylədi ki, hər dəfə növbəti ilin dövlət büdcəsinin tərtibi fevral ayından başlayaraq ilin sonuna qədər davam edir. Dövlət büdcəsindən maliyyələşən nazirliklər, komitələr və digər təşkilatlar maliyyə rəqəmlərini hazırlayıb Maliyyə Nazirliyinə təqdim edirlər. O bildirdi ki, adətən yekunda dövlət büdcəsindən maliyyələşən təşkilartların təqdim etdiyi rəqəmlə Maliyyə Nazirliyinin hökumətə təqdim etdiyi büdcə layihəsinin arasında 3-4 dəfə fərq olur: “Qurumlar daha çox pul almaq istəyirlər, Maliyyə Nazirliyi isə onlara real olan bir səviyyədə vəsait ayırır. Dövlət büdcəsindən pul alan qurumların daha çox vəsait istəməsi qeyri-qanuni tələb deyil. Əgər təqdim olunan xərc maddəsi üzrə göstərilən vəsait bazar qiymətlərindən olduqca yüksəkdirsə bu, qanunun pozulmasıdır.”

Dövlətin büdcəsi bir növü ailənin büdcəsinə bənzəyir. Ailənin bəlli gəlirləri var. Məsələn, aylıq gəlir 1000 manatdırsa xərlcər də buna uyğun olmalıdır. Aylıq 1000 manat gəlirlə həm cari xərcləri, həm də bütün əsaslı xərcləri ödəmək mümkün deyil. Bu pulla ərzaq, geyimlə bağlı xərcləri ödəyib, sonra avtomobil, bahalı mebellər almaq mümkün deyil.”

F.Yusifov qeyd etdi ki, son illərdə dövlət büdcəsindən əsaslı vəsait qoyuluşu xərclərində azalma var. Onun fikrincə əsaslı vəsait qoyuluşu xərclərinin artırılmasına ehtiyac var: “Əsaslı vəsait qoyuluşunun həcmi heç olmazsa böhrandan əvvəlki səviyyə çatdırılmalıdır. İqtisadiyyatın inkişafı üçün əsas prinsip sərmayə qoyuluşudur. Sərmayə qoyuluşunun səviyyəsinə uyğun olaraq iqtisadiyyatda inkişaf gedir. Buna görə də ən mühüm vəzifələrdən biri dövlət büdcəsindən əsas kapitala yönəldilən sərmayənin böhrandan əvvəlki səviyyə çatdırılmasıdır. Əsaslı vəsait qoyuluşunun artırılması hesabına müxtəlif layihələr həyata keçirilir, yeni iş yerləri yaranır, əmək haqqlarından vergi ödənilir, məcburi dövlət sosial sığorta ödənişləri edilir. Əsaslı vəsait qoyuluşunun artması iqtisadi aktivliyi xeyli yüksəldir”.

 

Vasif CƏFƏROV

 

 

 

Sizin Reklam Yeriniz