Əlaqə Arxiv
news Image
2019.10.19
09:45
| A A A
Müasir tələblərə cavab verən kadrlara ehtiyac artır
Kamran Əsədov: “Ölkədə davamlı və dayanıqlı iqtisadiyyatın formalaşmasına imkan verəcək kadrların yetişdirilməlidir”

Azərbaycan inkişaf etdikcə onun müasir tələblərə cavab verən ixtisaslı kadrlara ehtiyacı bir qədər də artır. Həm dövlət idarə etməsində, həm də biznes sektorunda bu cür kadrlara tələb böyüyür.

Müasir tələblərə cavab verən kadrlar olmadıqda inkişafda davamlılığı təmin etmək çətinləşir. İxtisaslı kadr hazırlığında əsas yük ali təhsil müəssisələrinin, universitetlərin üzərinə düşür. Son illərdə universitetlərdə kadr hazırlığı məsələləri sahəsində çox böyük irəliləyiş əldə edilib, ölkəmizdə güclü gənc kadr nəsli yetişib. Lakin iqtisadiyyat inkişaf edir, idarəetmə təcrübəsi təkmilləşir və belə bir vəziyyətdə kadr hazırlığının da müasir standartlara uyğunlaşdırılmasının əhəmiyyəti artır.

Bəs, ixtisaslı kadr hazırlığı məsələlərində yüksək standartlara uyğunlaşmaq üçün hansı tədbirlər görülməlidir?

Təhsil eksperti Kamran Əsədov hesab edir ki, ali təhsil müəssisələrinin əsas funksiyası əmək bazarının tələbinə cavab verən, ölkədə davamlı və dayanıqlı iqtisadiyyatın formalaşmasına imkan verəcək kadrların yetişdirilməsidir. Onun məlumatına görə Azərbaycanda 50-dən çox ali təhsil müəssisəsi var və dövlətin bunların qarşısında qoyuduğu əsas məqsəd müasir standartlara cavab verən və əmək bazarının şərtlərini ödəyən kadrların hazırlanmasıdır.

K.Əsədov təəssüflə qeyd etdi ki, bu gün ali təhsil müəssisələrinin müasir standartlara uyğun kadr hazırlığı yetəri səviyyədə deyil, bir çox hallarda əmək bazarının tələblərinə uyğun kadr hazırlanmır: “Hazırda 164 min tələbə ali təhsil alır. Ali təhsilini başa vuranların yalnız 42 faizi ixtisası üzrə iş tapa bilir. 1991-ci ildən bəri 860 min tələbə məzun olub. İxtisası üzrə işləyənlər həmin məzunların 40 faizini təşkil etmir. Çünki kadrlar əmək bazarının tələblərinə uyğun hazırlanmayıb. Onların əldə etdiyi bilik və bacarıq müasir dövrün tələblərinə uyğun deyil.

Yüksək standartlı ixtisaslı kadrların hazırlanmamasının səbəbi texniki avadanlıqların müasir standartlara cavab verməməsi, təhsil, tədris və idarəçiliklə məşğul olanların müasir bazardan anlayışının zəif olmasıdır. Hər bir işəgötürən qurum özü təhsil müəssisəsinə sifariş göndərir ki, mənə bu və ya digər sahələrdə tələblərə cavab verən kadr hazırla. Azərbaycanda işəgötürənlə kadr hazırlayan təhsil müəsisəsi arasında əməkdaşlıq zəifdir. Hər bir təhsil müəssisəsi hazırladığı kadrın işlə təmin edilməsini asanlaşdırmaq üçün araşdırma aparmalıdır. Ölkəmizdə ali təhsil müəssisələri məzunun əmək bazarındakı taleyi ilə demək olar ki, maraqlanmır. Azərbaycan universitetlərinin dünya reytiqnlərində olmamasının səbəblərindən biri məhz məzunların işlə təminatının zəif olmasıdır. Ali təhsil müəssisələrində elə ixtisaslar var ki, onlara əmək bazarında ehtiyac yoxdur. Amma hər il həmin ixtisaslar üzrə çoxlu sayda kadr hazırlığı həyata keçirilir.

Hazırda ali təhsil müəssisələrində 340-a yaxın ixtisas var. Onlar ümumilikdə 180 alt qrupunda birləşiblər. Bu qədər ixtisasa ehtiyac yoxdur. Bəzi ixtisaslar ləğv edilməli, əvəzində yeni, müasir dövrün tələblərinə uyğun ixtisaslar üzrə kadırlar hazırlanmalıdır”.

Ekspert bildirdi ki, kadr hazırlığında mühüm məsələlərdən biri də mütəxəsislərin bilik və bacarıqlarıdır. Onun fikrincə mütəxəsislər müasir birliklərə sahib olmadıqda kadrlar da müasir tələblərə uyğun olmur: “Kadr hazırlığında vacib məsələlərdən biri kadrları hazırlayan mütəxəsislərin özlərinin müasir tələblərə uyğunlaşmasıdır. Universitetlər hələ də ötən əsrin 80-ci illərinə uyğun kadrlar hazırlayırlar. Ali təhsil müəssisələrində ehtiyac olmayan, əhəmiyyətini itirən mühazirə mətnləri öyrədilir.

Bu vəziyyətin yaranması ali təhsil müəssisəsinin idarə edilməsi ilə bağlıdır. Orada köhnə biliklərə, köhnə dünya görüşünə sahib olan insanlar universitetləri idarə edir, eyni zamanda tədrisi aparan mütəxəsislər də köhnə məlumatlara malikdir.

Çinin indiki iqtisadi inkişaf səviyyəsinə çatmasında müasir tələblərə cavab verən kadrların hazırlanmasının mühüm əhəmiyyəti olub. Bu cür kadrlar olmasaydı Çin belə inkişaf edə bilməzdi.

Kadrlar elə hazırlanmalıdır ki, 5-10 ildən sonra həmin kadrlara tələb olsun. Hazırda ixtisasların 80-dən çoxu 2023-cü ildən sonra lazım olmayacaq. Amma bu gün ali təhsil müəssisəsinə daxil olan gənclərə həmin ixtisaslar öyrədilir.

Kadr hazırlığı 3 qurum arasında həyata keçirilməlidir - işəgötürən, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi. Bu qurumlar arasında əməkdaşlıq olmalıdır. İşəgötürən Təhsil Nazirliyinə ona lazım olan kadrlarıln hazırlanması ilə bağlı təkliflərini verməlidir, nazirlik onun metodiki planını və proqramını hazırlamalıdır və universitetlərə hansı kadrların hazırlanması ilə bağlı sifariş verməlidir. İşəgötürənin tələbləri yerinə yetirilmir. Bütün ali təhsil müəssisələri kadr hazırlayan zaman işəgötürənin tələblərinə uyğunlaşmalıdır, çünki onlar üçün kadr hazırlanır”.

 

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz