Əlaqə Arxiv
news Image
2019.10.19
10:00
| A A A
Dövlət borcunun idarə edilməsində səmərəlilik artırılır
Azərbaycan dövlətinin xarici borc yükü optimal səviyyə endirilib

Azərbaycanın dövlət borcunun daha səmərəli idarə edilməsini təmin etmək məqsədilə Maliyyə Nazirliyinin tabeliyində Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi (Agentlik) yaradılıb. Bununla bağlı Azərbaycan Prezidenti müvafiq Fərman verib. Fərmana əsasən, Maliyyə Nazirliyinin fəaliyyətini təkmilləşdirmək məqsədilə Agentlik təsis edilib. Yeni qurumun əsasnaməsinə görə, o, dövlət borcalmalarının həyata keçirilməsini təmin edəcək, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə olunmasını, dövlət borcunun təkrar maliyyələşdirilməsini həyata keçirəcək, vahid xəzinə hesabının sərbəst qalığını və “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu”nun vəsaitini idarəetməyə verəcək və ya idarə edəcək, dövlət borcunun, dövlət zəmanətlərinin və xarici dövlətlərin Azərbaycana olan borcunun reyestrini aparacaq, habelə dövlət qiymətli kağızlarının emissiyasını həyata keçirəcək.

Agentliyin yaradılması borcların dövlət borcalmaları üzrə infrastrukturun və nəzarət mexanizmlərinin gücləndirilməsinə xidmət edəcək. Qurum sadəcə yeni borcalmalarla bağlı məsələləri deyil, eyni zamanda, artıq cəlb edilən dövlət borcu, dövlət zəmanəti ilə alınan borclar və dövlətə məxsus hüquqi şəxslər tərəfindən dövlət zəmanəti olmadan cəlb edilən kreditlərlə bağlı mövcud vəziyyətin təhlilini, gözlənilən riskləri, görüləcək tədbirləri həyata keçirəcək. Bu baxımdan Agentliyin yaradılmasını dövlətin borclarının səmərəli idarə edilməsi sahəsində atılan mühüm addım kimi qiymətləndirilməlidir.

Azərbaycanda dövlət borcunun idarə edilməsi “Büdcə sistemi haqqında” və “Dövlət borcu haqqında” qanunlara, dövlətin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və digər qanunvericilik aktlarına uyğun olaraq həyata keçirilir. Ölkəmizdə dövlət maliyyəsinin idarə olunması təcrübəsinin keyfiyyətcə yeni mərhələyə keçməsi bütün sahələrdə islahatların aparılmasını, qeyri-neft iqtisadiyyatının

inkişafına təkan verəcək tədbirlərin həyata keçirilməsini tələb edir. Son illərdə

iqtisadiyyatın digər sahələrində olduğu kimi, dövlət maliyyəsinin idarə olunması sahəsində də əhəmiyyətli islahatlar aparılıb. Dövlət və icmal büdcə xərclərinin daha şəffaf və çevik idarə olunmasına, dövlət büdcəsinin sərbəst vəsait qalığının idarə edilməsinə və ya idarəetməyə verilməsinə, gəlirlərin xarici valyutada olan hissəsinin konvertasiya edilmədən xərclənməsinə, birdəfəlik təyinatlı xərclər üzrə yaranmış qənaətdən istifadə edilməsinə, dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlarla bağlı maliyyə əməliyyatlarının beynəlxalq mühasibat uçotu standartlarına uyğun aparılmasına nail olunub, büdcə təşkilatlarının göstərdikləri iş və xidmətlərə görə əldə etdikləri büdcədənkənar vəsaitin, müvafiq olaraq, dövlət büdcəsinin və icmal büdcənin tərkibinə daxil edilməsi təmin edilib.

Dövlət maliyyəsinin idarə edilməsi sahəsində bu kimi islahatların davam etdirilməsi

məqsədilə aidiyyəti beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınır və beynəlxalq təcrübəyə əsaslanan yanaşma tətbiq olunur. Azərbaycanda dövlət büdcəsinin tərtibi, təsdiqi, icrası prosesləri, dövlət maliyyəsinin idarə olunması və hesabatlılıqla bağlı həyata keçirilən digər tədbirlər Dünya Bankı, Avropa İttifaqı və İqtisadi Məsələlər üzrə İsveçrə Dövlət Katibliyi (SECO) tərəfindən hazırlanan hesabatlarda da öz müsbət əksini tapıb.

Azərbaycan hökumətinin dövlət borcları ilə bağlı strategiyası ondan ibarətdir ki, dövlətin xarici borc yükü azalsın və borc ehtiyacı daxili borclanma ilə idarə edilsin.

Buna görə də hazırda əsas diqqət xarci dövlət borcunun azaldılmasına və mövcud borcların səmərəli idarə edilməsinə yönəldilib. Bu tədbirlər sayəsində son bir neçə ildə Azərbaycan dövlətinin xarici borc yükü optimal səviyyə endirilib. Bunu Prezident İlham Əliyev iqtisadi məsələlərlə bağlı müşavirədə də bildirib. İlham Əliyev qeyd edib ki, Azərbaycanın xarici dövlət borcu çox aşağı səviyyədədir və ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir: “Bu göstəriciyə görə biz dünya miqyasında doqquzuncu yerdəyik. Onu da bildirməliyəm ki, bizdən daha yaxşı nəticəsi olan ölkələrin bəziləri o ölkələrdir ki, onlara, ümumiyyətlə, xaricdən heç bir kredit verilmir. Ona görə də onların yüksək pillədə olması əlbəttə ki, obyektiv mənzərəni əks etdirmir. Beləliklə, biz dünya miqyasında xarici borcun aşağı səviyyəsinə görə qabaqcıl yerdəyik. Bunu bir daha demək istəyirəm, mən hökumət qarşısında vəzifə qoymuşam ki, biz xarici dövlət borcumuzu ildən-ilə azaldaq və gələn ilin büdcəsində bu, nəzərdə tutulur”.

Müqayisə üçün bildirək ki, 2019-cu ilin iyulun 1-nə olan məlumata əsasən Azərbaycan dövlətinin xarici borcu 8 milyard 920 milyon dollar dəyərində idi və dövlət borcunun ÜDM-yə olan nisbəti 19 faiz (2019-cu il üçün proqnozlaşdırılan 79,649 milyard manat ÜDM-yə nisbətdə) təşkil edirdi. Azərbaycanın xarici dövlət borcunun ÜDM-yə nisbəti ən yüksək həddə 2017-ci ilin oktyabrında çatıb. Həmin dövrdə xarici dövlət borcunun məbləği 9,53 milyard dollar, onun ÜDM-yə nisbəti 24,3 faiz idi. 2017-ci ildən sonra qeydə alınan nəticələr Azərbaycanın xarici borc yükünün azalmaqda olduğunu göstərir.

Onu da əlavə edək ki, Azərbaycan hökumətinin strateji hədəfinə əsasən 2019-cu ilin sonunda dövlətin ümumi borcu 10,9 milyard dollar, borcun ÜDM-yə nisbəti 24,7 faiz olacaq. 2025-ci ildə dövlətin ümumi borcu 7,7 milyard dollara düşəcək, borcun ÜDM-yə nisbəti 14,1 faizə enəcək. 2025-ci ildə xarici dövlət borcunun ÜDM-yə nisbəti isə 12 faizə qədər geriləyəcək. Hazırda xarici dövlət borcun məbləği 10,1 milyard dollarlıq. 2025-ci ildə dövlətimizin xarici borcu 6,5 milyard dollar olacaq.

Azərbaycan dövlətinin 1,3 milyard manat daxili borcu var. Daxili borc 2025-ci ildə 2 milyard manata yüksələrək.

Göründüyü kimi, qarşıdakı 6 il ərzində Azərbaycan dövlətinin xarici borcu azalacaq, əvəzində daxili borclarda bir qədər artım baş verəcək.

 

Vasif CƏFƏROV

 

Sizin Reklam Yeriniz