Əlaqə Arxiv
news Image
2019.10.19
10:30
| A A A
İslahatlar inkişafın ana xəttidir
Köhnə fikirli məmurlar Azərbaycanda gedən proseslərin sürəti ilə ayaqlaşa bilmədikləri vəzifələri ilə xudahfizləşməli olacaqlar

Oktyabrın 15-də Prezident İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə ölkədə gedən islahatların xarakteri və istiqaməti müzakirə edilən əsas məsələlərdən olub. 2015-ci ildən başlanmış islahatlar siyasi və iqtisadi həyatın bütün sahələrini əhatə edir və başlıcası odur ki, gözəl nəticələr verir. Xüsusilə, qeyri-neft sektorunun inkişafı islahatların nəticəsi kimi diqqəti cəlb edir. Zaman göstərir ki, Prezident İlham Əliyevin seçdiyi kurs düzgündür, özündə müasirlik və yenilikləri ehtiva edir, bugünümüzlə səsləşir.

İslahatları həyata keçirmək nə qədər gözəl və sadə səslənsə də, bunu yerinə yetirmək bir o qədər çətin və mürəkkəb prosesdir. Çünki, dəyişiklikləri qaxrayan kadr potensialı olmalıdır. DÜzdür, Azərbaycan neft kapitalını uğurla insan kapitalına çevirməyi bacarıb. İndi azərbaycanlı mütəxəssislər ən müasir və innovativ texnologiyaların idarə olunmasında bacarıqla iştirak edirlər. Lakin hələ 100 faizli nəticədən danışmaq çox tezdir. Köhnə fikirli insanlar öz əməlləri ilə nəinki islahatların tam dəyəri ilə başa çatdırılmasına mane olurlar, həm də inkişafımızı ləngidirlər. Bunlara bütün sahələrdə rast gəlmək mümkündür. Azərbaycan Beynəlxalq Bankında baş verən fırıldaqçı əməllər, dövlətin əsaslarını qorumalı olan yüksək qurumdakı neqativ hadisələr, məhkəmə-hüquq sistemindəki əliəyriliklər, iqtisadi layihələrin həyata keçirilməsinda baş vermiş yeyintilər belə faktların mövcudluğunu təsdiqləyir. Bu haqda Prezident İlham Əliyev müşavirədəki çıxışında kəskin fikirlər söyləyib: “Onu da bildirməliyəm ki, bu gün iqtidarda olan bəziləri də islahatlara qarşı çıxış edirlər. Bu islahatlar onların şəxsi maraqlarına toxunur. Onlar hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər. İslahatlara meyilli olan, yeni təfəkkürə malik kadrları qaralayırlar, o cümlədən mətbuatda. Mətbuat bir növ daxili mübarizə növünə çevrilib. Bu, dözülməzdir. Mən indi dərinə getmək istəmirəm. Amma bildirməliyəm: bu, dözülməzdir, bir hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir. Onlar ləkələnir. Prezidentin tapşırığı ilə onların apardığı islahatların üzərinə kölgə salınır. Dözülməz vəziyyətdir. Əgər kimsə hesab edir ki, biz bununla barışmalıyıq, səhv edir. Çünki islahatlara alternativ yoxdur. Kim bu yolun yolçusudursa, əlbəttə, işləyəcək. Amma kim buna qarşı çıxır və altdan-altdan bizim işimizə mane olmaq istəyir, əlbəttə ki, biz belə adamlarla bir yolun yolçusu ola bilmərik. Ona görə bir də demək istəyirəm ki, əhali də bilsin və hər kəs mənim sözümü eşitsin. Çox güclü siyasi iradə ortaya qoyulub. Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq. Heç kim bu işdə bizə mane ola bilməz”.

Dövlət başçısının qətiyyətli mövqeyi həyata keçirdiyi siyasətdə aşkar görünür. Təsadüfi deyil ki, 2015-ci ildən başlayaraq ölkənin həyatında baş verən yeniliklərlə ayaqlaşmağı bacarmayan məmurların əvəzlənməsi prosesi gedir. Ekologiya və Təbii Sərvətlər Nazirliyində, Kənd Təsərrüfatı Nazirliyində, Vergilər Nazirliyində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, Prezident Administrasiyasında, Nazirlər Kabinetinin Aparatında baş vermiş kadr dəyişiklikləri bu məqsədə xidmət edir. Keçilmiş yol sübut edir ki, bu islahatların səmərəsi çox böyük olub: dövlət büdcəsinə daxilolmalar xeyli artıb, idarəçilikdə süründürməçilik və neqativ hallar əhəmiyyətli dərəcədə azalıb, əhali arasında vətəndaş məmnunluğu hissi yüksəlib. Bütün bunlar Azərbaycan cəmiyyətinin inkişafı yolunda sürətlə müsbət dəyişikliklər yaradıb.

“Doing Business”in son hesabatında biznes mühitinə görə dünya ölkələri arasında 25-ci sırada yer alan Azərbaycan yenə də 20 ən islahatçı ölkə ilə bir addımlayır. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumunun yeni hesabatında Azərbaycanda aparılan islahatların ardıcıl xarakteri təsdiqlənir. Mütəşəkkil cinayətkarlığa qarşı mübarizəyə görə 141 ölkəsi arasında 18-ci olmaq, xalqın polis orqanlarına inamına görə 30-cu yerdə qərarlaşmaq, mülkiyyət hüquqlarının qorunması sahəsində 37-ci yeri tutmaq ciddi nailiyyətlərdir. Qürurverici amildir ki, dövlətin və rəhbərliyin uzunmüddətli strategiyasına görə Azərbaycan dünya miqyasında 10-cu yerdədir. Bu, ölkə rəhbərliyinin ağıllı ə uzaqgörən siyasətinə verilmiş beynəlxalq qiymətdir.

Bu ilin əvvəlində ölkəmizdə həyata keçirilmiş sosial islahatların tam paketi milyonlarla insanın rifah halının yaxşılaşmasında əhəmiyyətli rol oynayıb. İndi minimum pensiyanın alıcılıq qabiliyyətinin səviyyəsinə görə Azərbaycan MDB məkanında birinci, orta aylıq pensiyanın həcminə görə isə üçüncü yerdədir. Ancaq bu sahədə iş davam edir. Artıq gələn ildən pensiya və maaşların artırılacağı barədə hökumət anons verib. Çünki, dövlət başçısının rəhbərliyi ilə yaranmış işlək idarəetmə metodu yalnız inkişafa aparır və lazımı islahatların həyata keçməsi üçün bütün iqtisadi və mənəvi əsasların əvvəlcədən hazırlanmasına nail olur. Bu proses onu deməyə əsas verir ki, Azərbaycan cəmiyyətində islahatlara alternativ yoxdur.

N.NOVRUZ   

 

 

Sizin Reklam Yeriniz