Əlaqə Arxiv
news Image
2019.10.22
08:44
| A A A
Xarici bankların Azərbaycana gəlişi kredit faizlərinə ciddi zərbə olacaq
Əkrəm Həsənov: “Rəqabətin artması baxımından onların ölkəmizə gəlişi mühüm addım olacaq” Fuad İbrahimov: “Xarici bankların gəlişilə, habelə Mərkəzi Bankda buna dəstək olsa, hazırda mövcud olan faiz dərəcələrinin ən azından 20-30 faizə qədər aşağı düşməsi gözləniləndir”

Azərbaycanla bank sektorunda əməkdaşlıq etmək istəyən xarici şirkətlərin, xüsusən də Avropadan olan bankların sayı artır. Bu müstəvidə İsveçrənin «Banque Cantonale de Genève» (BCGE) bankı da Azərbaycanda maliyyə xidmətləri və kapitalın idarə edilməsi ilə bağlı xidmətlər göstərmək istəyini bildirib. Bunu BCGE-nin icraçı direktoru Mario Al Jebouri Azərbaycan-İsveçrə biznes forumunda deyib.

"Bu regionda mövqelərimizi daha da möhkəmləndirmək istəyirik. Azərbaycanda geniş imkanlar var. Biz istərdik ki, burada maliyyə xidmətləri və kapitalın idarə edilməsi ilə bağlı xidmətlər göstərək", - Mario Al Jebour deyib. O vurğulayıb ki, BCGE Cenevrə iqtisadiyyatında mühüm yer tutur: "Bankın dövriyyəsi 22 mlrd. İsveçrə frankı təşkil edir.  Belə bir bankın Azərbaycana gəlməsi bank sektoruna, kredit faizlərinə nə vəd edir?

Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirdi ki, xarici bankların gəlişi Azərbaycanın bank sektorunda rəqabət mühitini daha da gücləndirəcək: “Xarici bankların ölkəmizə gəlişi Azərbaycanın bank sektorunda mühüm dəyişikliklərə səbəb ola bilər. Məsələn, Qərb banklarının gəlişi ölkəmizdə yüksək olan faiz dərəcələrinə təsir edə bilər. Rəqabətin artması baxımından da onların ölkəmizə gəlişi mühüm addım olacaq. Xarici banklar Azərbaycanda yəqin ki, əhali və sahibkarlardan ucuz vəsaitlər cəlb edə biləcək. Çünki xarici banklara etimadları çoxdur. İnsanlarımız hətta bu etibara görə aşağı faizlərlə xaricdən gələsi banklarda pul yerləşdirəcək. Yəni xarici bankların Azərbaycana gəlişi rəqabət mühitinin gücləndirilməsinə, həm də bütövlükdə faiz dərəcəsinin düşməsinə müsbət təsir göstərəcək”

İqtisadçı-ekspert Fuad İbrahimovun fikrincə, xarici bankların ölkəmizə gəlişilə yerli banklarda mövcud olan faiz dərəcəsinin aşağı düşməsi gözləniləndir: “İlk növbədə onu deyim ki, İsveçrənin BCGE bankının Azərbaycanın bank sahəsinə maraq göstərməsinin səbəbi ölkəmizin maliyyə, əsasən də bank sektorunun açıq şəkildə cazibədarlıq prinsiplərinə yiyələnməsinin nəticəsidir. Azərbaycan belə bir siyasəti irəli sürməsəydi, şübhəsiz ki, heç bir xarici bank ölkəmizdə

sözügedən sektorunda hər hansı bir işi görməyə maraq da göstərməzdilər.

Xarici bankın gəlişinin ölkədə kredir faiz dərəcələrinə təsirinə gəldikdə, şübhəsiz bir aksiomadır ki, istənilən kapital axını və kapital yerləşdirilməsində bolluq yaranarsa, sağlam rəqabət də yaranar. Şərt o deyil ki, xarici kapital Azərbaycandakı hər hansı bir bankda yerləşdirilsin, bütün hallarda həmin vəsait dövriyyəyə cəlb olunmalı və mənfəət gətirməlidir. Bu nöqteyi-nəzərdən xarici bankların gəlişi maliyyə sektorumuza və kredit faizlərinin enməsinə müsbət təsir göstərəcək.

Hazırda həm Azərbaycan qanunvericiliyi, həm də texniki potensialı, infrastrukturu müasir dövrün tələblərinə cavab verir. Yəni bu sahədə elə bir hal yoxdur ki, texniki cəhətdən bu, ABŞ-da mümkün olsun, Azərbaycanda isə mümkün olmasın. Azərbaycanda da bunların hamısı vardır. Sadəcə olaraq, bu mexanizmləri müasir dövrün tələblərinə uyğun hərəkətə gətirmək lazımdır. Həmin mexanizmlərin hərəkətə gətirilməsi də yenilik kimi əlbəttə ki, maliyyə və bank sektorumuza müsbət cəhətlər vəd edəcək. Xarici bankların gəlişilə, habelə Mərkəzi Bankda buna dəstək olsa, hazırda mövcud olan faiz dərəcələrinin hardasa ən azından 20-30  faizə qədər aşağı düşməsi gözləniləndir” .

Rüfət NADİROĞLU

 

Sizin Reklam Yeriniz