Əlaqə Arxiv
news Image
2019.10.22
10:45
| A A A
Ticarət müharibələrinin zərərli təsirləri Azərbaycandan yan keçir
Pərviz Heydərov: “Dünya iqtisadiyyatının artım tempinin zəifləməsi Azərbaycan iqtisadiyyatına birbaşa təsir imkanına sahib deyil”

Dünya miqyasında baş verən ticarət savaşı səngimək bilmir, əksinə bir qədər də dərinləşir. Son dövrlər beynəlxalq ticarətdə cərəyan edən müharibələr, geosiyasi gərginliklərin güclənməsi qlobal investisiyalar və məcmu tələbin azalmasını şərtləndirməklə dünya iqtisadiyyatının artımına mənfi təsir göstərməkdədir. Bununla əlaqədar, Beynəlxalq Valyuta Fondu (BVF) tərəfindən cari ilin sonuna proqnozlaşdırılan qlobal iqtisadi artım tempi 3,2 faizdən 3 faizə, 2020-ci il üzrə gözlənilən qlobal artım tempi 3,5 faizdən 3,4 faizə endirilib.

Cari illə müqayisədə 2020-ci ildə nisbətən yüksək artım proqnozuna baxmayaraq, BVF bu proqnozun reallaşmasının bir sıra amillərdən, o cümlədən inkişaf etməkdə olan ölkələrdə həyata keçirilən bərpa və tənzimlənmə proqramlarının uğuru, habelə qlobal ticarətə dair mübahisələrin müvəffəqiyyətli həllindən asılı olacağını xüsusilə qeyd edib. Bununla əlaqədar, 2020-ci ildə dünya iqtisadiyyatının artımının proqnozlardan daha aşağı olacağı istisna edilmir.

Dünya iqtisadiyyatında artımın yavaşlaması bir sıra ölkələrin mərkəzi banklarının monetar siyasətdəki mövqelərində dəyişikliklər etməsini də şərtləndirib. Belə

ki, ötən ilin sonu və cari ilin əvvəlində mərkəzi bankların tədricən monetar sərtləşdirmə siyasətinə keçəcəyi gözlənilsə də, 2019-cu ilin iyun ayından başlayaraq bir sıra ölkələrdə faiz dərəcələrinin azaldılması və ya sabit saxlanılması barədə qərarlar qəbul edilib.

İqtisadi artımın yavaşlamasına dair gözləntilər başlıca əmtəələrin, xüsusilə də əsas enerji daşıyıcılarından olan neftin qiymətlərinə mənfi təsir göstərir. BVF-in proqnozlarına əsasən, 2019-cu il üzrə neftin bir barelinin satış qiymətinin 2018-ci ilin göstəricisi olan 68,3 dollarla müqayisədə təqribən 9,6 faiz azalaraq 61,8 ollar, 2020-ci ildə isə 57,9 dollara bərabər olacağı gözlənilir.

Qeyd edək ki, belə vəziyyətdə bir çox ölkələrin iqtisadi inkişafında ciddi problemlər yaranır. Amma BVF-nin yayımladığı “Global Economic Outlook” hesabatının oktyabr sayında qeyd edilib ki, bu il Azərbaycanda 2,7%-lik, 2020-ci ildə isə 2,1%-lik iqtisadi inkişaf olacaq. Bəs, dünya iqtisadiyyatında vəziyyətin mürəkkəbləşdyi bir vaxtda Azərbaycanda inkişafı şərtləndirən amillər hansılardır?

İqtisadçı-ekspert Pərviz Heydərovun fikrincə, ticarət savaşlarının güclənməsi, qlobal iqtisadi aktivliyin zəifləməsi hələlik Azərbaycan iqtisadiyyatına güclü təsir imkanına sahib deyil. Ekspertin sözlərinə görə dünya iqtisadiyyatı elə infrastruktura sahibdir ki, burada bütün ölkələrin iqtisadiyyatı bir-birilə əlaqəlidir. O bildirdi ki, heç bir ölkə bu insfrastrukturdan kənarda, təcrid olunmuş şəkildə normal iqtisadiyyat qura bilməz, normal iqtisadi artımı təmin edə bilməz.

Qlobal iqtisadi proseslərin ölkələrə təsirinin müxtəlif cür olduğunu söyləyən P.Heydərov bunun ölkələrin istehsal və ixrac strukrundan asılı olduğunu dedi: “İxracı xammaldan asılı olan ölkələrə qlobal gərginliyin təsiri bir cür, ixracı emal məhsullarından asılı olan ölkələrə isə başqa cür təsir edir. Xammal ixracı üstünlük təşkil edən ölkələr ticarət savaşlarından, qlobal iqtisadi artımın zəifləməsindən güclü təsirlənmirlər. Yalnız qlobal zəifləmə davamlı olduqda bu, enerji qiymətlərinə, xammal qiymətlərinə təsir etdikdə həmin ölkələr bundan əziyyət çəkir. Mövcud vəziyyətdə dünya iqtisadiyyatının artım tempinin zəifləməsi, kəskin böhranlı vəziyyətlərin ortaya çıxması Azərbaycan iqtisadiyyatına birbaşa təsir imkanına sahib deyil.

2008-2009-cu illərdə və 2014-2016-cı illərdə xammal bazarında baş verən qiymət enmələri Azərbaycana güclü təsirə sahib oldu. Digər hallarda Azərbaycan iqtisadiyyatına xarici fakytorların təsir imkanları zəifdir.

Ticarət savaşı, Avropada iqtisadi böyümənin zəifləməsi və digər bu kimi dəyişikliklər Azərbaycan iqtisadiyyatına güclü təsirə malik deyil. Dünya iqtisadi artım zəiflədikdə qlobal səviyyədə enerji daşıyıcılarına tələb zəifləyir və qiymətlər düşür. Bu cür hallar daha çox 2008-2009-cu illərdə olan kimi dərin iqtisadi böhran zamanı və ya iqtisadi zəifləmənin uzun illər davam etməsi nəticəsində baş verir”.

P.Heydərov qeyd etdi ki, Azərbaycanda son illərdə qeyri-neft sektorunun inkişafı ilə bağlı görülən işlər gücləndiirlib, bu sahədə yaradılan əlavə dəyərin həcmi artır, qeyri-neft məhsullarının ixrac dəyəri yüksəlir. Ekspert bildirdi ki, bunların hamısı iqtisadi böyüməyə dəstək verir. O söylədi ki, Azərbaycan iqtisadiyyatındakı böyümə daha çox qeyri-neft sektorundakı müsbət dəyişikliklərlə bağlıdır: “2019-ci ilin yanvar-sentyabr dövründə ÜDM istehsalında qeyri-neft sektorunun payı 60 faizdən çox olub. Yanvar-sentyabr dövründə ÜDM istehsalı 2,5 faiz artıb və bu artımda əsas paya qeyri-neft sektoru sahibdir. İlk 9 ayda neft-qaz sektorunda yaradılan əlavə dəyər 1,1 faiz artdığı halda, qeyri-neft sektorunda 3,5 faiz artıb”.

Hazırda Azərbaycanın qeyri-neft sektorunun dünya iqtisadiyyatına inteqrasiyasının güclü olmadığını deyən P.Heydərov qeyri-neft sektoru üzrə inkişafın da neft sektorundakı vəziyyətdən asılı olduğunu vurğuladı: “Eyni zamanda qeyri-neft sektoruna yönəldilən sərmayənin böyük hissəsi dövlət vəsaitidir, daxili investisiyalardır ki, bu da daha çox neft gəlirlərindən asılıdır. Neft qiymətləri əlverişli olduqda qeyri-neft sektoru da inkişaf edir. Hazırda mövcud olan neft qiymətləri Azərbaycan iqtisadiyyatında makroiqtisadi sabitliyin təmin edilməsinə, dövlət büdcəsinin gəlirləri üzrə proqnozların icrasına imkan verir”.

 

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz