Əlaqə Arxiv
news Image
2019.11.06
13:04
| A A A
Buğda idxalından asılılıq aradan qalxacaq
Nicat Nəsirli: “Azərbaycan hökuməti taxılçılığın inkişafına böyük dəstək verir və ayrılan subsidiyaların əsas hissəsini taxıl istehsalçıları alır”

Azərbaycan dövlətinin kənd təsərrüfatının inkişafı ilə bağlı qarşıya qoyduğu əsas hədəflərdən biri də yerli istehsal hesabına buğda təminatının yaxşılaşdırılmasıdır. Son illərdə bu istiqamətdə ciddi tədbirlər görülür, dövlət dəstəyi artırılır. Hazırda Azərbaycanın buğda ilə özünütəminetmə səviyyəsi 65 faizdir. 2016-cı ildə bu göstərici 53 faiz idi. Özünütəminetmə səviyyəsinin yüksəlməsi idxaldan asılılığın azalmasına da kömək edir. 2016-cı ildə buğda məhsulu üzrə idxaldan asılılıq 47 faiz olduğu halda ötən il 35 faiz təşkil edib.
2019-cu ildə də buğda istehsalında artım var. Cari ildə buğda istehsalı bir qədər də artaraq 2,2 milyon tona çatıb. Qarşıdakı illərdə də buğda istehsalında artım nəzərdə tutulur. Amma 2020-ci il dövlət büdcəsinin zərfində yer alan məlumata əsasən 2022-ci ilə qədər ölkəmizdə buğda istehsalı artdıqdan sonra növbəti ildə istehsalda azalma baş verəcək. Həmin məlumata əsasən, Azərbaycanda 2023-cü ildə 2,064 milyon ton buğda istehsal ediləcək ki, bu da 2019-cu il üçün olan gözləntilərlə müqayisədə 5% azdır. 2019-cu ildə proqnoza əsasən 2,171 milyon ton buğdanın istehsalı gözlənilirdi.
Məlumata əsasən, 2020-ci ildə Azərbaycanda 2,211 milyon ton, 2021-ci ildə 2,22 milyon ton, 2022-ci ildə isə 2,07 milyon ton buğdanın istehsalı gözlənilir. Xatırladaq ki, 2018-ci ildə ölkədə 2,043 milyon ton buğda istehsal edilib.
Buğda istehsalında davamlı artıma nail olmağı hədəfləyən Azərbaycanda növbəti iki ildə artım və sonradan azalma nə ilə bağlı ola bilər? Bu hal yenidən buğda idxalının artımına səbəb olacaqmı?
Aqrar məsələlər üzrə ekspert Nicat Nəsirli deyir ki, büdcə zərfində göstərilən rəqəmlər proqnoz xarakterlidir və ona dəqiq nəticə kimi yanaşmaq düzgün deyil. O qeyd etdi ki, Azərbaycan hökuməti taxılçılığın inkişafına böyük dəstək verir və ayrılan subsidiyaların əsas hissəsini taxıl istehsalçıları, o cümlədən də buğda istehsalı ilə məşğul olan şəxslər alır. Kənd təsərrüfatı məhsulları istehsalçılarına ildə 300 milyon manatdan artıq subsidiya verildiyini söyləyən N.Nəsirli bildirdi ki, bu vəsaitin 90 faizindən çoxu taxıl istehsalçılarına ayrılır: “Çünki taxıl strateji məhsuldur və Azərbaycan dövləti çalışır ki, yerli istehsal hesabına taxıl məhsullarına olan tələbat 100 faiz ödənilsin. Taxıl məhsulları arasında prioritet buğda istehsalına verilir. Hazırda Azərbaycanın buğdaya olan illik tələbatı 3-3,1 milyon tondur. Ölkəmiz bunun 2,2 milyon tonunu yerli istehsal hesabına ödəyir. Hər il təxminən 800 min - 1 milyon ton miqdarında buğda idxal edilir”.


Ekspert vurğuladı ki, taxıl və buğda istehsalının artırılması üçün komplesks tədbirlər görülür. O bu məqsədlə ərzaq buğdasının keyfiyyət göstəricisinin yüksəldilməsinə çalışıldığını qeyd etdi: “Bu məqsədlə regionlar üzrə ixtisaslaşmış zonalar yaradılması nəzərdə tutulub. 2020-ci ilin yanvarından tətbiq ediləcək yeni subsidiya qaydalarında bu məsələ planlaşdırılıb. Dövlət hər yerdə buğda əkininin stimullaşdırmayacaq. Taxıl əkinində ixtisaslaşma 2020-ci ildə əsas məsələlərdən biri olacaq. Azərbaycanın torpaq resursları çox deyil ki, taxıl istehsalını artırmaq üçün əkin sahələrini daim artıraq. Ölkəmiz aztorpaqlı ölkələrdən biridir. Bizdə həmçinin suvarma imkanları geniş deyil, əkin sahələri genişləndikcə melorativ məsələlər də önə çıxır. Ona görə də intensiv metodların tətbiqi genişləndiriləcək. Taxıl istehsalında həm əkin sahələrindən, həm də sudan istifadədə daha qənaətcil yanaşma tətbiq ediləcək. Eyni zamanda daha məhsuldar, uyğun gələn toxum sortlarından istifadə genişlənəcək. Qarşıya qoyulan hədəfə uyğun olaraq 2025-ci ilə kimi suvarılan və dəmyə sahələr üçün dözümlü, həm bərk, həm də yumşaq olan toxum sortlarının rayonlaşdırılması nəzərdə tutulur. Aqrotexniki qaydalara əməl edilməsi məsələlərinə diqqət artırılacaq”.
N.Nəsirli düşünür ki, ölkəmizin buğdaya olan tələbatının tam ödənilməsi üçün məhsuldarlıq, keyfiyyət göstəricisi artırılmalıdır. Onun fikrincə yerli istehsalla özünütəminetmənin zəif olmasının bir səbəbi də idxal toxumundan asılılığın olmasıdır: “Azərbaycanda 80 min tondan artıq toxumluq məhsul istehsal edilir. Amma real tələbat 150 mindən tondan artıqdır”.
Ekspert söylədi ki, subsidiya sistemində əsas məsələlərdən biri də ayrılan vəsaitin istehsalçıya çatmasıdır. Onun qənaətincə subsidiyalaşdırma sistemini təkmilləşdirməklə daha yaxşı nəticələr əldə ediləcək: “Burada şəffaflığın təmin edilməsi çox önəmlidir. Buna görə də Azərbaycanda elektron kənd təsərrüfatı sistemi genişləndirilir. Elektron sistemin üstünlüklərindən biri də ondan ibarətdir ki, bütün əkin sahələri peykdən izləniləcək. Harada, nə qədər sahədə, hansı kənd təsərüfatı məhsulunun əkildiyi müəyyənləşəcək, izlənəcək. Bu imkan verəcək ki, ayrılan subsidiyalar dəqiq sahiblərinə, ünvana çatdırılsın”.
2018-ci ilin məlumatına görə Azərbaycanın un və yarma istehsalı üçün 2,147 milyon ton buğdaya ehtiyacı var. Bundan başqa 483,3 min ton buğda mal-qara və quş yemi, 148 min ton buğda toxum, 60 min ton buğda digər ərzaq məhsullarının istehsalı, 38 min ton buğda qeyri-ərzaq mallarının istehsalı məqsədilə istifadə edilir. İl ərzində 233 min ton buğda isə itkiyə gedib. Ümumilikdə müxtəlif məqsədlər üçün 3,2 milyon ton buğdaya ehtiyacımız var.

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz