news Image
2019.11.06
13:45
| A A A
Banklar yenə regionlara qarşı ayrı-seçkilik edir
Əkrəm Həsənov: “Regionlarda verilən kreditlərin həcminin az olmasına bir çox amil təsir edir”.

Regionlarda iqtisadi inkişafın sürətinin artırılması kredit qoyuluşunun həcmindən də asılıdır. Ötən illərin təhlili göstərir ki, regional inkişafda dövlət sərmayəsinin böyük rolu olub. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən 4 proqram çərçivəsində əyalətlərə dövlət büdcəsinin və dövlət şirkətlərinin vəsaiti hesabına böyük həcmdə sərmayə qoyulub. Bu sərmayələr regionlarda məşğulluğun artmasında, iqtisadi inkişafda, insanların həyat səviyyəsinin yüksəlməsində böyük rol oynayıb.

Ölkəmizdə həyata keçirilən yeni islahatlar regionlara sərmayə qoyuluşunun, o cümlədən kredit verilişinin artırılmasını tələb edir. Regionlara kredit qoyuluşunun artırılmasında bankların üzərinə böyük iş düşür. Müxtəlif çağırışlarda bankların regionlara da kredit qoyuluşunu artırması tövsiyə edilir.

Hazırda banklar kredit qoyuluşunda Bakıya üstünlük verir. 2019-cu ilin oktyabrın 1-nə olan məlumata əsasən, Azərbaycanda 13,87 milyard manat həcmində kredit ayrılıb. Kreditlərin 80 faizi, yəni 11,1 milyard manatı Bakı şəhərində ayrılıb. Kredit qoyuluşunda ikinci ən böyük paya Aran iqtisadi rayonu sahibdir. Burada verilən kreditlərin həcmi 725,1 milyon manat olmaqla cəmi kredit qoyuluşunun 5,2 faizini təşkil edib. Kreditlərin həcminin böyüklüyünə görə növbəti yerləri Gəncə-Qazax iqtisadi rayonu (576 milyon manat, cəmi kreditlərin 4,2 faiz), Abşeron iqtisadi rayonu (493 milyon manat, cəmi kreditlərin 3,55 faiz) tutur.

Regionlarda verilən kreditlərin həcmi az olmaqla yanaşı ayrılan kreditlər üzrə faiz dərəcələri də yüksəkdir. Respublika üzrə orta kredit faizi 11,7 olduğu halda Bakıda 9,8 faiz, Aranda 22,1 faiz, Gəncə-Qazax iqtisadi rayonunda 19,1 faiz, Abşeron iqtisadi rayonunda 16,4 faiz təşkil edib.

2012-ci illə müqayisədə regionlara kredit qoyuluşunun payında bir qədər artım var. Yeddi il əvvəl kredit qoyuluşunun 87 faizi Bakının, 13 faizi kənar regionların payına düşürdü. 2018-ci ilin yekununda Bakının payı 82 faizə qədər azalıb.

Göründüyü kimi, əvvəlki illərlə müqayisədə Bakıdan kənar regionlara verilən kreditlərin payında artım dinamikası davam edir. Lakin bu dinamikanın bir qədər də sürətləndirilməsi və regionlara daha çox kreditin ayrılması çağırışları var. Eyni zamanda regionlarda verilən kreditlər üzrə faiz dərəcələrinin aşağı salınması zəruridir.

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Bakı ilə müqayisədə regionlara kredit qoyuluşunun payının artmasında ciddi dəyişiklik olmadığını düşünür.

Onun fikrincə regionlarda verilən kreditlərin həcminin az olmasına bir çox amil təsir edir. Ekspert qeyd etdi ki, kreditlərin daha çox hissəsinin Bakıda ayrılmasının əsas səbəbi iqtisadi fəaliyyətin və yaradılan əlavə dəyərin çox hissəsinin paytaxtda formalaşmasıdır. O bildirdi ki, ölkədə pərakəndə ticarət dövriyyəsinin, ÜDM istehsalının, muzdla çalışanların əsas hissəsi Bakının payına düşür. Ekspertin fikrincə bunun nəticəsidir ki, Bakıda adambaşına düşən gəlirin məbləği digər regionlara nisbətən kəskin fərqlənir: “Yüksək gəlir əldə edən insanlar əsasən, Bakıda cəmləşib. Regionlarda son illərdə inkişaf var, amma Bakı ilə müqayisədə zəifdir. Gənclərimiz rayonlarda qalıb işləmək əvəzinə, Bakıda işləməyə üstünlük verir. Yaxud həmin gənclər öz kəndlərində daha az qazanır. Nəzərə alaq ki, kənddə həmin şəxslərin öz evləri var, yəni işləsə də kirayə haqqı ödəmir. Amma o gəncin öz kəndində aldığı maaş heç bir təminatını qarşılamır. Kirayə pulu ödəsə belə, Bakıda aldığı əməkhaqqı onu qane edir”.

Ə.Həsənov hesab edir ki, banklar mövcud vəziyyəti nəzərə alır. Onun qənaətincə bankları Bakıdan kənar yerlərə az kredit ayırdığına görə qınamaq düzgün deyil: “Əyalətlərdə iqtisadi aktivlik, insanların gəlirləri Bakıdan xeyli dərəcədə fərqlənir. Regionlarda əksər daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı yoxdur. Çıxarış olmadığına görə daşınmaz əmlakdan girov kimi istifadə etmək mümkün olmur. Daşınmaz əmlakın sənədləşdirilməsi ilə bağlı vəziyyət Bakıda daha yaxşıdır.

Digər tərəfdən regionlarda olan daşınmaz əmlakın bazar dəyəri Bakıdan xeyli aşağıdır. Heç bir təminatı olmayan və ya təminatının bazar dəyəri aşağı olan əmlaka görə bank çox kredit vermək istəmir. Hətta təminatı götürsə belə, kredit qayıtmayanda həmin daşınmaz əmlakı regionda satmaq çətindir. Daşınmaz əmlakın qiyməti çox aşağıdır.”

Ekspert düşünür ki, mövcud vəziyyətdən çıxmaq üçün tədbirlər davam etdirilməlidir, regionlara müxtəlif proqramlar çərçivəsində kredit ayrılması artırılmalıdır. Ə.Həsənov dedi ki, kredit qoyuluşu iqtisadi aktivliyin artmasında, tələbin yüksəlməsində mühüm qaynaqdır. O qeyd etdi ki, hələlik regionlarda iqtisadi aktivliyin artmasında dövlət vəsaiti əsas qaynaq rolunu oynayacaq. Ekspert bildirdi ki, iqtisadi aktivlik daha çox artdıqdan sonra kredit qoyuluşu bir qədər də yüksələcək.

Ə.Həsənov regionlarda aktivliyin artması üçün bəzi dövlət müəssisələrinin, o cümlədən bəzi ali təhsil müəssisələrinin, nazirlik və komitələrin regionlara köçürülməsini də təklif edir. Onun qənaətincə bəzi dövlət qurumları regionlara köçürülərsə regionlarda çalışan, gəlir əldə edən insanların sayı artacaq. Bundan sonra isə həmin regionlarda aktivlik yaranacaq.

 

Vasif CƏFƏROV