Əlaqə Arxiv
news Image
2019.11.07
09:13
| A A A
Manatın dollara nisbətdə xeyli bahalaşması gözlənilir
Tədiyyə balansındakı müsbət dinamika şəraitində məzənnəni sabit saxlamaq çətinləşir

2020-ci ildə Azərbaycanda manatın dollara nəzərən məzənnəsinin sabit olacağı gözlənilir. Bu gözlənti gələn ilin dövlət büdcəsinin layihəsində də ifadə edilib. Açıqlamalardan aydın olur ki, növbəti ildə də Azərbaycan Mərkəzi Bankı sabit məzənnə siyasəti yürüdəcək.

Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, gələn il qarşıda duran başlıca vəzifə makroiqtisadi sabitliyin təmin olunmasıdır. O qeyd edib ki, növbəti ildə də qiymət sabitliyi və manatın məzənnəsinin dayanıqlılığı diqqət mərkəzində olacaq. E.Rüstəmov manatın dollara nisbətinin artıq üçüncü ildir ki, sabit qaldığını xatırladıb.

Qeyd edək ki, 2020 və 2021-ci ildə manatın məzənnəsinin sabit saxlanması manatın güclənməsi istiqamətində artan təzyiqlər fonunda mümkün olmalıdır. Belə ki, tədiyə balansının məzənnəyə birbaşa təsir imkanına sahib olan cari əməliyyalar hissəsində müsbət dinamika 2020-ci ildə bir qədər, 2021-ci ildə isə daha da güclənəcək. Gələn il qaz hasilatı aratacaq. Bu müsbət dəyişiklik Azərbaycanın ixracının nominal dəyərinin yüksəlməsinə səbəb olacaq. 2021-ci ildə isə qaz emalının kəskin artması nəticəsində neft sektorunun artımında əhəmiyyətli sıçrayış proqnozladırılır. Bütövlükdə proqnozlara əsasən, artımlar hesabına 2023-cü ilə qədər ölkədə ümumi daxili məhsulun (ÜDM) nominal dəyəri 100 milyard manata çatacaq.

Proqnoza görə, 2020-ci ildə cari əməliyyatlar balansında 2,5 milyard dollar və ya ÜDM-nin 5,2 faizi səviyyəsində profisit olacaq. Cari əməliyyatlardakı profisit maliyyənin hərəkəti hesabındakı kəsiri tam örtəcək. Gələn il üçün cari əməliyyatlar balansında proqnozlaşdırılan profisitin məbləği 2019-cu il üçün proqnozlaşdırılan məbləğdən 600 milyon dollar çox olmalıdır. Bu il cari əməliyyatlar balansında 1,9 milyard dollar səviyyəsində müsbət fərq gözlənilir.

Cari əməliyyatlar balansındakı profisit əsasən ticarət balansındakı profisitin hesabına formalaşacaq. Ölkədən ixrac edilən malların həcminin ortamüddətli dövrdə orta hesabla 3,8 faiz artaraq 21 milyard manata bərabər olacağı

proqnozlaşdırılır. Proqnozlara əsasən xarici ticarətdə idxalın səviyyəsi isə nisbətən daha aşağı templə (1,5 faiz) artacaq.

Bütövlükdə tədiyə və ticarət balanslarındakı müsbət dinamika, monetar və fiskal siyasətlərin sıx əlaqələndirilmiş şəkildə yürüdülməsi milli valyutanın

mübadilə məzənnəsinin cari ildəki kimi sabit qalacağını dəstəkləyəcək.

Amma proqnozlardan görünür ki, 2020 və 2021-ci illərdə həm Mərkəzi Bankın, həm də hökümətin maliyyə siyasətində əsas məqsədlərdən biri manatın möhkəmlənməsinin qarşısını almaq olacaq. Bunun da başlıca səbəbi növbəti illərdə tədiyə balansında böyük profisitin gözlənilməsidir. Bir qayda olaraq milli valyutaların məzənnəsinə təsir edən başlıca göstərici tədiyə balansının vəziyyətidir. Tədiyə balansı, sadə şəkildə ifadə etsək, ölkədən çıxan dollarla ölkəyə daxil olan dolların fərqini ifadə edir. Əgər ölkədən çıxan dollar daxil olan dollardan çoxdursa, o halda, milli valyuta xarici valyutaya nisbətən ucuzlaşa bilər. Yalnız, əgər kəsir böyük deyilsə və onun qısa müddətdə aradan qaldırılması mümkündürsə, onda Mərkəzi Bank öz ehtiyatından istifadə edərək həmin kəsiri örtür və məzənnə sabit qalır. Fərq böyük olduqda və həmin vəziyyətin uzun müddət qalması gözlənilirsə, o halda milli valyuta ucuzlaşdırılır. 2015-ci ildə iki devalvasiyanın olmasının səbəbi də məhz tədiyə balansında böyük kəsirin yaranması və onun maliyyələşməsinin qeyri-mümkün olması ilə bağlı idi.

2016-cı ilin ikinci yarısından tədiyə balansında vəziyyət müsbətə doğru dəyişib. Ötən dövrdə tədiyə balansında müsbət fərq bir qədər də böyüyüb. Gözlənilir ki, 2020-ci və 2021-ci ildə müsbət fərq daha da böyüyəcək. Bu hal manatın möhkəmlənməsi üçün təzyiqi artıracaq.

Tədiyə balansı ilə yanağı öldə daxilində dollarla yığılan vəsaitlərin müxtəlif məqsədlər üçün manata dəyişdirilməsi tendensiyası müşahidə edilir. Manatla depozitlərin həcminin artması bunun bir əlamətidir. Belə vəziyyətdə manata tələb yüksəldiyindən manatın dollara nəzərən bahalaşması ehtimalı yaranır. Mərkəzi Bank və hökumət məhz bu təzyiqlər fonunda dollar/manat kursunu sabit saxlamalıdır. Dollara tələb artdıqda Mərkəzi Bank dövriyyədə olan manatın həcmini azalmaqla manatın ucuzlaşmasının qarşısını almağa çalışır. Dollar təklifi artdıqda isə manatın həcminin artması zərurəti yaranır. Əks təqdirdə tələb təklifi ödəyə bilməz və dollar ucuzlaşmalı olacaq. Bunun baş verməməsi, yəni mövcud vəziyyətdə manatın məzənnəsinin sabit saxlanılması üçün əlavə pul kütləsinə ehtiyac yarana bilər ki, bu da əlavə emissiya ehtiyacını yaradacaq. Mərkəzi Bank əlavə manat emissiya etməklə satışa çıxarılan, amma satıla bilməyən dolları ala bilər. Bu isə o deməkdir ki, Mərkəzi Bank dollar/manat kursunun sabit saxlanılması üçün atdığı addımlar onun ehtiyatlarının daha sürətlə artmasına şərait yaradacaq.

Manatın bahalaşmaması, məzənnəsinin sabit qalması Azərbaycan iqtisadiyyatında sabitliyin təmin edilməsi, qeyri-neft sahəsi üzrə ixracın dəstəklənməsi baxımından önəmlidir. Buna görə də təzyiqlərə baxmayaraq dollar/manat kursunun sabit saxlanılması daha önəmlidir.

Məzənnənin sabit qalması və inflyasiya səviyyəsinin tənzimlənməsi əhalinin sosial rifah göstəricilərinə də müsbət təsir göstərəcək. Proqnozlara əsasən cari ildə əhalinin sosial rifahının yüksəldilməsi üçün həyata keçirilmiş tədbirlərin nəticəsində iqtisadiyyatın bütün sahələri üzrə ortaaylıq əməkhaqqı səviyyəsinin 2020-ci ildə15,5 faiz artımı gözlənilir.

 

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz